Azərbaycanın atəşkəs manevri: Döyüş əməliyyatı ən azından iki həftə əvvəl bitəcəkdi...

 Həmsədrlər və Ermənistan atəşkəs istəyir - Baku Press Klub

Azərbaycan bütün diplomatik qaydaları gözləməklə manevr edir. Bu da dünya siyasətini bilməkdən, həm də mümkün təhdidlərdən uzaqlaşmaq üçündür. Oktyabrın 10-da ilk atəşkəsin baş verməsinə qədər Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrə əməliyyatın sürətlə həyata keçirilməsini tapşırdı. Nəhayətdə biz Hadrutu azad etməklə atəşkəsə getdik.

İkinci atəşkəs oktyabrın 17-də Fransa Prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə oldu. Azərbaycan o atəşkəsə də mühüm strateji yüksəklik və kəndləri azad etməklə çıxdı. 

Üçüncü atəşkəs isə ABŞ Dövlət Departamenti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 25 oktyabr tarixli bəyanatına əsasən olacaq. Azərbaycan 25 oktyabr bəyanatına qədər artıq Laçın uğrunda döyüşlər apardı və bəzi kəndlərə daxil oldu. 29 oktyabrda Cenevrədə danışıqlar başlayana qədər artıq hərbi əməliyyatlarda xeyli irəliləyiş olacaq. Azərbaycanı siyasi cəhətdən dalana dirəsələr belə ölkə Laçında möhkəmlənib faktiki olaraq Dağlıq Qarabağa daxil olan rayonları mühasirə vəziyyətində saxlamış olacaq.  

Azərbaycanin diplomatik manevri sentyabrın 27-dən hərbi əməliyyatlar başlanan gündən hiss edilməyə başlandı. Ölkə rəhbərliyi əvvəldən bilirdi ki, torpaqların işğaldan azad olunması zamanı havadarlar onu saxlamağa çalışacaqlar. Çünki Azərbaycan 28 il ərzində düşmənin bütün təhdid vasitələrini əzbərdən bilir və döyüş aktiv fazaya daxil olanda havadarların hansı bəyanat verəcəyini də əzbərləyib. Yəni, döyüşə yüksək texnologiya ilə hazırlşarkən diplomatiya sahəsində də bütün hazırlıq işlərini başa çatdırmışdı. Ona görə də atəşkəsə hansı vəziyyətdə çıxmağın əhəmiyyəti böyük idi. Prezident İlham Əliyev çıxışları zamanı bu döyüşün tez qurtarmasına çalışdığını dəfələrlə bildirib. Çünki ildırımsürətli əməliyyat aparılmalı idi ki, atəşkəsə üstün mövqedə çıxılsın. Elə də oldu. Əməliyyat kifayət qədər sürətlə aparıldı. Əgər Ermənistana silah daşınmasaydı, Yaxın Şərqdən terrorçular gətirilməsəydi, 30 il ərzində möhkəm istehkam qurulmasaydı, döyüş əməliyyatı ən azından iki həftə əvvəl bitəcəkdi.

Beləliklıə, Azərbaycan bütün diplomatik qaydalara məmnuniyyətlə əməl edir. Birincisi, əgər diplomatik qaydalara əməl edilməsə, ölkəmiz ciddi təhdidlərlə üzləşər. Bizi barbar və Cənubi Qafqazda imperialist siyasət aparan ölkə tipində təqdim edərlər. Düzdür, Azərbaycan haqq işinə BMT-nin məlum 4 qətnaməsi və Ermənistan istisna olmaqla, dünya ölkələrinin ərazi bütövlüyünü tanıması ilə başladı, istənilən halda təzyiqlər davam etməkdədir. 

İkincisi, Azərbaycan ona görə diplomatik qaydalara əməl edir ki, bu qeyd-şərtsiz atəşkəs deyil, humanitar atəşkəsdir. Və nəhayət üçüncüsü, Azərbaycan bilir ki, Ermənistan baş naziri atəşkəsi pozacaq. Çünki onlar atəşkəsə Azərbaycanın hərbi üstünlüyü ilə çıxmağa heç vaxt razılaşmayacqlar. 

Və sonda. Ermənistan döyüşə təkcə köhnə sursatla daxil olmadı. Eyni zamanda Azərbaycanın diplomatik cəhətdən ciddi hazırlaşmasını nəzərə almamışdı. Onlar bunu Gəncə şəhərinə atılan ballistik raketin üstündən 5-6 saat keçəndən sonra hadisə yerində dünyanın aparıcı KİV orqanları və ölkəmizdəki səfirliklərin hərbi attaşelərinin görünməsi ilə anladılar. Daha gec idi. Ermənistan tərəf BMT-nin Təhlükəsizlik şurasında Azərbaycanı dalana dirəməyə cəhd göstərdilər. Bu da Qoşulmama Hərəkatına bəzi üzv ölkələrin israrı ilə alınmadı. Bir sözlə, Azərbaycan atəşkəsə məmnuniyyətlə razılıq verir. Çünki düşmən ölkənin rəhbərliyi siyasi cəhətdən çılğın və kasaddır. Yəni, diplomatiyadan çox uzaq.

Azər Qismət

 Xırda pul…” – Azər Qismət yazır… – Yazarbaycan






Fikirlər