“Xərcəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni FAKTLAR

“Xərcəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar

Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı barədə məlumatlar yayılır. Bir neçə saytın yazdığına görə, söhbət 20-dək mənzildən gedir. KİVDF rəhbərliyi mövcud şərtləri pozaraq hətta jurnalist peşəsi ilə məşğul olmayan şəxslərin adlarını siyahıya salıb. Bu da öz növbəsində ciddi narazılıq yaradıb.

Xatırladaq ki, ötən ilin avqust ayında KİVDF-yə qarşı açılan cinayət işinin istintaqı çərçivəsində mənzil alan jurnalistlərin əksəriyyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dindirilib.

"Turan" agentliyi yazır ki, yanvarın 15-də Baş Prokurorluğun iki evin tikintisinə və mənzillərin paylanmasına görə məsul olan KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin və "Portos" MMC-nin direktoru Nadir Məhərrəmovun həbsi haqqında rəsmi məlumat dərc etməsindən göründüyü qədər, təhqiqat başa çatıb. Onlar 2013-2019-cu illərdə mətbuatın ehtiyacları üçün ayrılmış altı milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə, habelə digər qanun pozuntularında ittiham olunurlar.

“Mən birinci binada yaşayıram, burada prinsipcə hər şey normaldır, baş redaktorlara mənzilləri müsabiqəsiz, şəxsən prezidentin adından veriblər. İkinci bina ilə bağlı fırıldaqlar olması, mənzillərin jurnalistlərə deyil, məsul məmurların qohumlarına, yaxınlarına, katibələrinə verilməsi barədə şaiyələr var. Hətta geri qaytarmaq şərtilə. Ötən il ikinci evin sakinlərinin əksəriyyəti prokurorluğa dəvət ediliblər və ifadə veriblər” - deyə bu evdə yaşayan jurnalistlərdən biri "Turan"-ın sualına cavabda bildirib.

“Yayda məni bir dəfə Baş Prokurorluğa çağırdılar. İndi, yəqin ki, 15-20 sakini çağıracaqlar” - deyə ikinci Jurnalistlər Evində mənzil alan digər jurnalist bildirib. Hər ikisi sualları anonim qalmaq şərti ilə cavablandırıblar.

Agentlik yazır ki, dominant.az və yeniavaz.com saytlarında dərc edilən məqalələrin müəllifləri istintaqın prezidentdən hədiyyə almaq üçün qanuni əsası olmayan 20 nəfərin mənzil aldığını üzə çıxardığını iddia edirlər. Mənzil alanlar siyahısına yenidən baxılacağı gözlənilir, qanunsuz sakinlər binalardan çıxarılacaqlar.

Jurnalistlər Fərqanə Allahverdiqızı, Elnurə Abışova və digərləri sosial şəbəkələrdə aşkar edilmiş 20 pozuntunun çox az olduğu, qanunsuz mənzil alanların əslində daha çox olduğu barədə replikalar paylaşıblar. İkinci  binada mənzillərin təxminən yarısı kirayə verilir, yəni bu mənzilləri alanların onlara ehtiyacı yoxdur, deyə jurnalistlər bildiriblər.

F.Allahverdiqızı: “İkinci binada mənzillərin yarısından çoxu qanunsuz yolla hədiyyə olaraq alınıb. Araşdırma dərinləşdirilməlidir”.

Rumiyyə Miraslan birinci evdə jurnalist Fariz Vəliyevə ayrılmış mənzillə bağlı biabırçı hadisədən bəhs edir.

2017-ci ildə mənzili alan şəxs xərçəngdən dünyasını dəyişib və həmin vaxt Səfərli onun üçotaqlı mənzilini mənimsəyib.

Baş Prokurorluqdan Turan-ın sorğusuna cavabda bildiriblər ki, istintaqın davam etməsi ilə əlaqədar məlumat verə bilmirlər.

"Turan"-ın mənbələri mənzil paylanarkən KİVDF tərəfindən müəyyən edilmiş KİV-də 3 (gündəlik qəzetlər), 6 (sayt və agentliklər) və 10 (televiziya və radio) və daha artıq iş stajı olan jurnalistlərin mənzil almaq hüququ haqqında qaydanın pozulduğunu bildirirlər. Əslində heç vaxt KİV-də işləməyənlər belə mənzil alıblar. Həmçinin, məhkumluğu və Mətbuat Şurasından töhməti olan jurnalistləri prezidentin hədiyyəsini almaq hüququndan məhrum ediblər.






Fikirlər