Prezidentdən Şuşa ilə bağlı 2 FƏRMAN - 1 SƏRƏNCAM

Prezidentdən Şuşa ilə bağlı 2 FƏRMAN - 1 SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmanın mətnini təqdim edirik:

1. Müəyyən edilsin ki:

1.1. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci, 2.2-ci, 4.4-cü, 5.1-ci maddələrində, 5.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 5.4-cü maddəsində, 5.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 5.6-cı maddəsinin birinci cümləsində, 5.7-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 5.9-cu maddəsinin ikinci cümləsində, 5.11-ci maddəsinin birinci və ikinci cümlələrində, 5.12-ci maddəsinin birinci (hər iki halda) cümləsində, 5.13-cü maddəsinin birinci və ikinci cümlələrində, 7.1-ci, 7.4-cü (hər iki halda) maddələrində, 7.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 8.3-cü, 9.2-ci, 10.1-ci, 10.4-cü, 11.1-ci, 11.3-cü, 12.1-ci, 13.1-ci, 13.3-cü və 13.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 13.3-cü və 13.5-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 2.2-ci, 4.4-cü maddələrində, 5.3-cü maddəsinin ikinci cümləsində, 5.12-ci maddəsinin birinci cümləsində (ikinci halda), 5.13-cü maddəsinin ikinci cümləsində, 7.1-ci, 8.3-cü və 10.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 1.2-ci, 5.1-ci maddələrində, 5.3-cü maddəsinin birinci cümləsində, 5.4-cü maddəsində, 5.5-ci maddəsinin birinci cümləsində, 5.6-cı maddəsinin birinci cümləsində, 5.7-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 5.9-cu maddəsinin ikinci cümləsində, 5.11-ci maddəsinin birinci və ikinci cümlələrində, 5.12-ci maddəsinin birinci cümləsində (birinci halda), 5.13-cü maddəsinin birinci cümləsində, 7.4-cü (hər iki halda) maddəsində, 7.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 9.2-ci, 10.4-cü, 11.1-ci, 11.3-cü və 12.1-ci maddələrində “orqan (qurum)” dedikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi nəzərdə tutulur;

1.5. həmin Qanunun 5.5-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Milli Elmlər Akademiyası nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. həmin Qanunun 2.2-ci maddəsinə uyğun olaraq, Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədlərini müəyyənləşdirib təsdiq etsin;

2.1.3. həmin Qanunun 4.4-cü maddəsinə uyğun olaraq, Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

2.1.4. həmin Qanunun 5.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmununu, habelə təhlükənin aradan qaldırılması tədbirlərini, onların həyata keçirilməsi qaydasını və müddətini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.1.5. həmin Qanunun 5.12-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, Şuşa şəhərinin ərazisində abidələrin qorunmasına dair mühafizə müqavilələrinin formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.1.6. həmin Qanunun 5.13-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, Şuşa şəhərinin ərazisində abidələrin monitorinqinin keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.1.7. həmin Qanunun 8.3-cü maddəsinə uyğun olaraq, Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.1.8. həmin Qanunun 10.1-ci maddəsinə uyğun olaraq, Şuşa şəhərinin ərazisində üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.9. həmin Qanunun 13.2-ci və 14-cü maddələrinə uyğun olaraq, Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi mənbələrinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs yaradılsın.

2. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (bundan sonra – İdarə) nizamnamə fondu 1 000 000 (bir milyon) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

4. Müəyyən edilsin ki:

4.1. İdarə tərəfindən dövlət əmlakının icarəyə verilməsindən alınan haqqın 50 (əlli) faizi dövlət büdcəsinə köçürülür, qalan hissəsi İdarənin sərəncamında qalır;

4.2. İdarənin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir;

4.3. İdarənin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən – sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti yaradılır.

5. İdarənin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

5.1. Azərbaycan Respublikasının Prezidentinə:

5.1.1. İdarənin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

5.1.2. İdarənin idarəetmə orqanlarının yaradılması;

5.1.3. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təqdimatı əsasında İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

5.1.4. İdarənin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;

5.1.5. İdarənin ləğvi və yenidən təşkili;

5.1.6. nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün İdarənin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;

5.2. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinə:

5.2.1. İdarənin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri İdarənin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

5.2.2. İdarənin inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;

5.3. İdarəyə:

5.3.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, İdarənin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi;

5.3.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.4. İdarənin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

6.5. Şuşa şəhərinin ərazisində yerləşən dövlət mülkiyyətində olan abidələrin, tikililərin (o cümlədən dövlət mənzil fonduna daxil olan tikililərin), yaşayış və qeyri-yaşayış sahələrinin, habelə şəhər avtomobil yollarının, şəhər mərkəzinin məhəllədaxili yollarının, küçələrin, keçidlərin, yol qurğularının və digər nəqliyyat infrastrukturunun üç ay müddətində İdarənin balansına verilməsini təmin etsin;

6.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi İdarənin fəaliyyətinə nəzarəti həyata keçirsin.

8. İdarə onun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının məbləğini (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin.

9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

9.1. bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin;

9.2. İdarənin fəaliyyətinin təşkili və təmini üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun;

9.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

***

Məişət tullantıları ilə bağlı idarəetmə sahəsində bəzi məsələlərin tənzimlənməsi və "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli sərəncamında dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuşa şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yığılmasını, daşınmasını, yerləşdirilməsini və zərərsizləşdirilməsini "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasında yaşayış məntəqələrinin abadlaşdırılması və ətraf mühitin qorunması dayanıqlı inkişaf prinsiplərinə əsaslanan müasir üsullarla təmin edilir. Bu çərçivədə tətbiq edilən tullantıların idarə edilməsi sistemi ətraf mühitin mühafizəsi standartlarına uyğun olmaqla, şəhərlərin ekologiyasının yaxşılaşmasına əhəmiyyətli təsir göstərir.

Ölkədə ekoloji tarazlığın mühafizəsi məqsədilə tullantıların idarə edilməsi sahəsində formalaşmış təcrübənin digər ərazilərdə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində reallaşdırılması atmosferə və ətraf mühitə mənfi təsirlərin azaldılması, resurslardan davamlı istifadə, habelə müasir ekoloji idarəetmə sisteminin inkişafı üçün geniş imkanlar yaradar.






Fikirlər