SSRİ-nin 100 illik yubileyinə Qazaxıstan “hədiyyəsi”: Putin “SSRİ-2" layihəsini işə salıb?

Bu il SSRİ-nin yaradılmasının (22 dekabr 1922) 100 ili tamam olacaq. Bəllidir ki, Sovet İttifaqı heç də müttəfiq respublikaların könüllü birliyi yox, bolşevik Rusiyasının işğalçılıq siyasətinin geosiyasi “məhsulu” idi. Bu da məlumdur ki, vaxtaşırı SSRİ-nin dağılmasını böyük faciə adlandıran Rusiya prezidenti Vladimir Putinin hakimiyyəti dövründə Moskva bir sıra suveren əraziləri Rusiyaya qatıb. Abxaziya, Cənubi Osetiya, Krım. İndi də Turan yolu tutan Qazaxıstan, deyəsən, hədəfdədir, özü də “yubiley” ili girər-girməz. Hər halda bu, təsadüfi deyil.

Fakt budur ki, Belarus artıq Rusiyanın ovcunun içindədir. Ermənistan da onun kimi. Kreml SSRİ-ni başqa qiyafədə bərpa eləmək üçün Belarusun ardınca Qazaxıstanda “kart-blanş”mı əldə edib? Həm də Türk dünyasına, ötən noyabrda yaradılan Türk Dövlətləri Təşkilatına (TDT) qarşı? Putinin “SSRİ-2" planları nə dərəcədə ciddi sayılmalıdır? Bu xüsusda Qazaxıstandakı proseslərdə ”Rusiya izi" dəqiqləşdimi, sular duruldumu? Bütün bu sualların cavablarını araşdırmağa çalışdıq.

Maraqlıdır ki, Rusiya XİN-i baş verənləri “xaricdə hazırlanmış və silahlı birləşmələrin köməyi ilə Qazaxıstanın dövlət bütövlüyü və təhlükəsizliyini sarsıtmaq məqsədi güdən cəhd” adlandırb. “Xaric” deyəndə kim nəzərdə tutulur, yoxsa Moskva izi itirməyə çalışır bu yolla?   

Digər suallar da var. Bəs, TDT-nin yaranmış duruma reaksiyası niyə gecikir, axı bu, həm də onun üçün  ilk ciddi sınaqdır. Qazaxıstanı Türk Dövlətlər Təşkilatından qopa bilərmi? Türkiyə prezidenti Ərdoğan Qazaxıstan prezidenti ilə telefonla danışıb. Həmçinin azərbaycanlı həmkarı İlham Əliyevlə danışıb. Azərbaycan, Türkiyə liderləri Qazaxıstandakı vəziyyəti müzakirə ediblər. Növbəti gün isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə qazaxıstanlı həmkarı Muxtar Tleuberdi arasında telefon danışığı olub. M.Çavuşoğlu Türkiyənin Qazaxıstana hər zaman dəstək olduğunu bildirib.

Tərəflər həmçinin yanvarın 11-də videokonfrans formatında baş tutacaq Türk Dövlətləri Təşkilatı xarici işlər nazirlərinin toplantısı barədə fikir mübadiləsi aparıblar. Qeyd edək ki, yanvarın 11-də Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin fövqəladə toplantısı keçiriləcək.

Moskvanın KTMT adı ilə Orta Asiyanın əsas türkdilli ölkəsində hərbi cəhətcə daha da möhkəmlənməsi, Elbaşı Nazarbayevin böyük siyasətdən həmişəlik getməsi Qazaxıstan-Türkiyə, Qazaxıstan-Azərbaycan münasibətlərinə, həmçinin TDT çərçivəsində əməkdaşlığa nə vəd edir? Əlaqələr zəifləyə bilərmi?

Cəbrayılda erməni kilsəsi olubmu? - Ceyhun Məmmədov - Yeni Gəncə

Ceyhun Məmmədov: “Dünya nizamı pozulub və regional gücə malik hər bir dövlət yeni nizam qurmağa çalışır”

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, ümumən götürdükdə, dünyada, eləcə də regionda ciddi proseslər gedir: “Dünya nizamı pozulub və regional gücə malik hər bir dövlət yeni nizam qurmağa çalışır. Hazırda Rusiya-NATO, Rusiya-ABŞ, Amerika-Çin arasında münasibətlərdə müəyyən gərginlik müşahidə olunur. Çin də son vaxtlar təhlükəsizliyini güclü təminat altına almaq üçün ciddi addımlar atır. Baxın, hamının fikri Ukraynaya yönələrkən anidən Qazaxıstanda məlum hadisələr baş verdi. Bununla bağlı müzakirələr gedirdi. Ancaq heç kim proseslərin belə sürətlə gedəcəyini proqnazlaşdırmırdı. Bütün böyük dövlətlər öz ətraflarında təhlükəsizlik sipərləri yaratmağa, özlərini sığortlamağa çalışır. Getdikcə gərginliyin daha da artacağı, prosesin digər bölgələrdə davam edəcəyini istisna etmirəm. Hesab edirəm ki, Qazaxıstanda baş verən son hadisələr Türk dövlətləri arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini bir daha göstərir. Son illər ciddi addımlar atılıb, ancaq düşünürəm bu respublikalar arasında inteqrasiya daha da gücləndirilməlidir”.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirdi ki, Rusiya ilk növbədə öz siyasi maraqlarını həyata keçirir: “Əfqanıstan hadisələrindən sonra bir daha məlum idi ki, Qərbin  Rusiyaya qarşı ”Anakonda" planı fəaliyyətdədir. Çünki istər Ukraynada, istər Belorusda - Qərb sərhədlərində Rusiya ilə “soyuq müharibə” davam edir. Digər strateji istiqamət, təbii ki, özünün siyasi, iqtisadi, hərbi və təbii ki dini potensialı ilə Orta Asiyadır. O cümlədən Qazaxıstan həm qeosiyasi və geoiqtisadi vəziyyətinə və Rusiya ilə həmsərhəd olduğuna görə çox mühüm bir dövlətdir. Digər Orta Asiya dövlətlərini necə deyərlər “ram etmək  daha asandır. Məhz buna görə də Qazaxıstan seçildi. Təbii ki, bir müddət sonra bu ssenarinin harada hazırlandığı, icraçılar məlum olacaq. Amma fakt odur ki, artıq Rusiya silahlı qüvvələri Qazaxıstandadır. Bunu nə adla istəyirlərsə etsinlər, istər KTMT, istər terrorla mübarizə və s. faktlar faktlığında qalır. Deməzdim ki, bu, SSRİ-nin bərpasıdır. Çünki nüvə silahlarına nəzarət baxımından bəlkə də Qərbi bu qane edərdi, amma artıq bu məsələ gündəmdə deyil”.

Makronun tutduğu mövqe heç bir beynəlxalq normaya uyğun deyil" - Arzu Nağıyev

Arzu Nağıyev: “Bu addım artıq Rusiyanın özünə xeyir gətirməz”

A.Nağıyev hesab edir ki, bunu ümumi Türk dünyasına, Türk Dövlətləri Təşkilatına (TDT) qarşı da qoymaq düz olmazdı: “Bu gün Rusiyanın federal subyektləri arasında türkdilli və müsəlman inanclıları da həddən artıq çoxdur və onlar da kifayət qədər potensiala malikdirlər. Yəni bu addım artıq Rusiyanın özünə xeyir gətirməz. Türk dövlətləri başçılarını hər birinin reaksiyası təbii ki, başa düşüləndir, onlar ayrı ayrılıqda Qazaxıstanla normal münasibətdə olan dövlətlərdir və xalqın tezliklə bu problemlərdən azad edilməsini arzulayırlar. Amma silahlı müdaxilə və s. bunlar inandırıcı görünmür və alınan da deyil, çünki bu artıq Rusiya-NATO və s. qarşıdurması kimi qiymətlinədirilə bilər. KTMT-nin ora dəvət edilməsi də, xarici qüvvələrin də kim olması gələcəkdə birmənalı şəkildə araşdırma mövzusu ola bilər və yəqin ki, olacaq da”.

Qazaxıstan-Türkiyə, Qazaxıstan-Azərbaycan münasibətlərinə, həmçinin TDT çərçivəsində əməkdaşlığına gəldikdə, deputat bunları bildirdi: “Təbii ki, hər bir atılacaq addım siyasi, iqtisadi, hərbi və digər ortaq maraqlarla tənzimlənəcək. Yəni bu gün Qazaxıstan rəhbərliyi ilə TDT rəhbərlıərinin virtual təmasları bunu bir daha sübut edir. Təbii ki, qarşıda çox mühüm işlər və problemlər var, bunu da həll etmək ilk növbədə Qazaxıstan xalqının, dövlətinin ən prioritet borcudur”.

QAT sədri Akif Nağı isə təhlükəli planları istisna etmir: “Rusiya prezidenti Putinin SSRİ-ni hansısa formada bərpa etmək planları məlumdur. Hətta bu planların Qərblə razılaşdırılmasına dair də fikirlər səsləndirilir. Guya Qərblə Rusiya arasında belə bir razılaşma var ki, Kreml keçmiş ”ittifaq respublikaları"ndan üç Baltikyanı ölkədən imtina edir, qalanları isə Moskvanın təsir dairəsində saxlanılır. Belə bir razılaşmanın olması inandırıcı deyil. Digər tərəfdən, Azərbaycan, Qazaxıstan və digər “ittifaq respublikaları” bir neçə istisna, məsələn, Ermənistan istisna olmaqla tam müstəqil siyasət yeritmək, özünü qorumaq gücündədir. Ona görə də Putinin xülyaları xülya olaraq da qalacaq".

Akif Nağı — Vikipediya

Akif Nağı: “SSRİ “xalqlar həbsxanası" idi, Rusiya da xalqlar üçün həbsxana həyatını yaşamaqdadır”

A.Nağının sözlərinə görə, onun bu cür fikirlərə düşməsi heç bir məntiqə və real vəziyyətə uyğun gəlmir: “SSRİ-nin 100 illiyi ilə bağlı onu bərpa etmək həvəsinə düşməkdənsə, bu həftəbecər dövlətin nə üçün süquta uğramasının səbəbləri üzərində düşünsəydilər, daha yaxşı olardı. Bu analizi həm də Rusiyanı hansısa formada qoruyub saxlamaq, bu ölkənin SSRİ-nin taleyini yaşamamsı üçün etməlidir. SSRİ ”xalqlar həbsxanası" idi , Rusiya da xalqlar üçün həbsxana həyatını yaşamaqdadır. Rusiya rəhbərliyi bu vəziyyəti dəyişdirmək üzərində düşünməlidir. Amma görünür, hələ də reallığı dərk etmək istəmirlər. Qazaxıstanda baş verən hadisələr bunu deməyə əsas verir. Müşahidələr göstərir ki, Putin hərbi güc hesabına Qazaxıstanı nəzarətdə saxlamağa çalışır. Qazaxıstan türk dünyasının aparıcı qüvvələrindən biri kimi artıq Kremlin nəzarətindən çıxırdı. MDB dövlət başçılarının son qeyri-formal görüşündə bu aydın göründü. Qazaxıstanda baş verən hadislərin mahiyyətinə Belarus prezidenti A. Lukaşenkonun bir ifadəsi ilə aydınlıq gətirildi: “Biz Qazaxıstanı verə bilmərik”. Deməli, məsələ bu ölkənin Rusiyanın çevrəsində saxlanılmasından ibarətdir".

QAT sədri qeyd etdi ki, Qazaxıstan sürətlə Türk Dövlətləri Təşkilatının(TDT) aparıcı qüvvələrindən birinə çevrilir və bu prosesin qarşısını almaq artıq mümkün deyil: “TDT artıq ciddi siyasi qüvvəyə çevrilir, az sonra hərbi güc mərkəzi kimi də ortada olacaq. Rusiya hələ lik Kollektiv Təhlükəsizlik Müqailəsi Təçkilatını (KTMT) meydana gətirə bildi, amma TDT da öz varlığını göstərdi. Türkiyə prezidenti, TDT-nin hazırkı sədri Rəcəb Tayyib Ərdoğan dərhal quruma daxil olan dövlətlərin rəhbərləri ilə müzakirələr apardı, o cümlədən Qazaxıstan rəhbəri Q.J. Tokayevlə danışdı. Bu, Qazaxıstanda hadisələrin özbaşına buraxlmayacağıa aydın işarə idi. Böyük ehtimalla yaxın vaxtlarda qardaş ölkədə proseslərin hormallaşmasında TDT-nin iştirakını görəcəyik. Rusiya, əlbəttə, Qazaxıstanı TDT çərçivəsindən uzaqlaşdırmağa çalışacaq. Amma bu, artıq mümkün deyil, siyasi və iqtisadi sahədə proseslər çox dərinə gedib. Azərbaycan və Türkiyənin Qazaxıstanla münasibətlərinin, iqtisadi əlaqələrinin qarşısını almaq mümkün deyil, bu əlaqələr yaxın vaxtlarda daha sürətlə inkişaf edəcək. Üstəlik, hərbi inteqrasiya prosesləri də sürətlənəcək. ”Hər ziyanda bir xeyir də var" deyiblər. Qazaxıstan hadisələri göstərdi ki, TDT-nin vahid hərbi strukturları olmalıdır, Türk dünyası öz problemlərini özü həll etməlidir".

Elşad PAŞASOY,

“Yeni Müsavat”






Fikirlər