“Ya III Dünya Müharibəsi, ya da sanksiyalar” – Bayden Rusiyaya qarşı iki variantı haqqında DANIŞDI (VİDEO)

Rusiya-Ukrayna müharibəsi davam edərkən, ABŞ prezidenti Baydendən yeni açıqlamalar gəlib.

Medianews.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Brayan Tayler Koenin Youtube kanalına müsahibəsində Rusiyanın Ukraynaya hücumu barədə ətraflı danışıb.

Rusiyaya qarşı əllərində olan variantların 3-cü Dünya Müharibəsini başlamaq və ya beynəlxalq hüququ pozduğuna görə ona cəzasını ödətmək olduğunu bildirən Bayden, bu ölkəyə qarşı genişmiqyaslı sanksiyalar tətbiq etdiklərini bildirib.

İlk dəfə Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiya tətbiq etdiklərini ifadə edən Bayden, “Bizim iki seçimimiz var. Ya üçüncü dünya müharibəsini başlayıb Rusiya ilə tam müharibəyə gedəcəyik, ya da beynəlxalq qanunları pozan bir ölkəyə bədəl ödədəcəyik.”– deyə qeyd edib.

Bayden heç kimin Rusiyaya qarşı iqtisadi və siyasi sanksiyaların dərhal nəticə verəcəyini gözləmədiyini və bu sanksiyaların təsirinin uzunmüddətli perspektivdə görünəcəyini qeyd edib. Bayden bildirib ki, Rusiyanın məqsədi NATO-nu parçalamaqdır, lakin bunu bacarmayıb.

“NATO bir yana, Finlandiya və İsveçlə baş verənlərə baxın. Putin istədiyinin əksini yaradır”, – deyə ABŞ prezidenti bildirib.

 

 






Fikirlər