Dünya “Nensi böhranı”na girov düşür: Rusiya ABŞ-Çin savaşını səbrsizliklə gözləyir

Avropa Birliyi Ukrayna savaşına paralel olaraq, ABŞ-Çin müharibəsinin maliyyə-iqtisadi və hərbi-siyasi yükünü daşımaq imkanlarına sahib deyil... Əgər, savaş başlasa, əksər Qərb dövlətləri Çinlə müharibədə ABŞ-ı dəstəkləməyəcək, nəticədə Rusiya əleyhinə beynəlxalq koalisiya süquta uğrayacaq...  

Dünyada gərginlik son həddə qədər artıb. Ukrayna savaşına paralel olaraq, dünyanın digər bölgələrində də yeni və daha dağıdıcı müharibələrin baş vermə ehtimalları mövcuddur. Kosovo-Serbiya hərbi siyasi gərginliyi Avropada növbəti savaş məkanının açılması üçün real namizəddir.

Ancaq hazırda bütün dünyanı daha çox ABŞ-Çin hərbi-siyasi qarşıdurması narahat edir. Çünki, bu iki superdövlətin arasında da savaşın başlanma ehtimalı real görüntülər almaqdadır. Üstəlik, bu savaşın başlanma ehtimalı hər iki rəqibin bir-birinə qarşı hərbi-siyasi manevrləri ucbatından ortaya çıxmaqdadır. Və belə bir savaş dünyanın gələcək taleyi baxınmından, ən faciəvi variant hesab oluna bilər.

Məsələ ondadır ki, Ukraynada “savaş bataqlığı”na salındığından, zəifləməkdə olan Rusiyanı nəzərə almadıqda, həm ABŞ, həm də Çin hazırda dünyanın ən güclü iki dövləti hesab olunur. Bu ölkələrin həm iqtisadiyyatları, həm də hərbi potensialı digər dünya ölkələri ilə müqayisədə daha üstündür. Üstəlik, bu iki superdövlətin nüvə silahına sahib olması da ABŞ-Çin müharibəsinin dünya üçün yolverilməz olduğuna əminlik yaradır.

aab3915965d126b36e6905e4afaaf.jpeg (33 KB) 

Bütün bunlara baxmayaraq, indi bütün dünya məhz ABŞ-Çin savaşının başlayıb-başlamayacağı ilə bağlı narahatlıq keçirtmək məcburiyyətində qalıb. Əsas ziddiyyətlərsə, növbəti dəfə Tayvan problemi üzərində indeksləşib. Tayvan müstəqilliyini elan edərək, rəsmi Pekinin siyasi nəzarətindən çıxıb. Ancaq rəsmi Pekin bu problemin həll edilmədiyini, Tayvanın Çin ərazisi olduğunu vurğulayır. Və dünya ölkələrinin də Tayvanla bağlı hər hansı siyasi addımlar atmasını yolverilməz hesab edir.

Təbii ki, son vaxtlara qədər rəsmi Pekin Tayvan ətrafında mövcud olan status-kvodan məmnun idi. Xüsusilə də, ABŞ-ın Çinə Tayvanın müstəqilliyini yaxın gələcəkdə tanımayacağını vəd etməsi rəsmi Pekini hələlik təmin edirdi. Və problemin kökündən həll edilməsi baxımından, daha sərfəli beynəlxalq situasiya yaranana qədər Çin indiki status-kvonun qorunmasında israrlıdır.

Ancaq ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Asiyaya səfər turnesi Tayvan böhranını yenidən təhlükəli həddə çatdırıb. Belə ki, N.Pelosinin səfər turnesi çərçivəsində Tayvana da baş çəkəcəyini bəyan etməsi Çinin siyasi rəhbərliyini qıcıqlandırıb. Rəsmi Pekin amerikalı spikerin bu addımı atacağı təqdirdə, buna uyğun reaksiya veriləcəyini vurğulayıb.

Onu da qeyd edək ki, rəsmi Pekin mümkün reaksiyaların sırasına N.Pelosinin təyyarəsinin havada vurulma ehtimalının mövcudluğuna da işarə edib. Əgər, Çin belə bir addım atarsa, bu, ABŞ-la müharibəyə başlamaq anlamı daşıyır. Çünki, Ağ Ev ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə aid təyyarənin vurulmasını qarşılıqsız buraxmaq şansına sahib deyil. Böyük ehtimalla buna hərbi məzmunda cavab vermək məcburiyyəti yaranacaq. Əks halda, ABŞ-ın beynəlxalq nüfuzu sarsıdıcı zərbələr ala bilər.

nensi-pelosi-kaftar.JPG (35 KB)

Onu da qeyd etmək lazımdır ki, N.Pelosinin Tayvana səfər etmək ideyasına Ağ Ev administarasiyasının münasibəti qətiyyən birmənalı deyil. Bayden administarasiyasında buna qarşı çıxan praqmatik siyasətçilər də var. Hətta N.Pelosiyə bu fkirdən vaz keçmək də məsləhət görülüb. Və ona əks halda, baş verəcək dəhşətli hadisələr barədə izahat verilib.

Ancaq nə qədər də qəribə də olsa, 82 yaşlı amerikalı spikerin inadkarlıq etdiyi bildirilir. Onun Tayvana səfər etməkdə israrlı olduğu vurğulanır. Ola bilər ki, N.Pelosi Çin tərəfindən təyyarəsi vurulmuş spiker kimi dünya və ABŞ tarixinə düşmək həvəsindədir.

Halbuki, bu addımın həm dünyanın, həm də ABŞ-ın müasir tarixinə hansı fəlakətli səhifələri əlavə edəcəyini də nəzərə almalıdır. Xaraktercə avantüraya meyilli olan 82 yaşlı N.Pelosinin kaprizləri ucbatından dünyanın yeni dağıdıcı qlobal savaş təhlükəsi ilə baş-başa buraxılması yolverilməzdir. Və həm Çinin, həm də ABŞ-ın bölgəyə böyük sürətlə hərbi qüvvə toplaması bəşəriyyət üçün heç də yaxşı nəticələr vəd etmir.

Maraqlıdır ki, Tayvan böhranı ətrafında baş verənlər Rusiyanın siyasi elitası tərəfindən böyük diqqətlə və həssaslıqla izlənməkdədir. Rusiya XİN bəyanat yayaraq, rəsmi Pekinin haqlı olduğunu və Çinin mövqeyini dəstəklədiyini bəyan edib. Və Kremlin Çinlə yaxınlaşmaq üçün daha bir bəhanə-səbəb qazanmasından tamamilə məmnundur.

Bəzi ehtimallara görə, Tayvan böhranı ucbatından ABŞ-Çin hərbi-siyasi qarşıdurması hazırda Rusiyanın maraqlarına tamamilə cavab verir. Hətta bundan məmnun olduğu qətiyyən şübhə doğurmayan Kremlin hadisələrin daha qəliz variantlar üzrə inkişafı üçün də hazır olduğunu düşünmək mümkündür. Hər halda, Rusiyada ABŞ-Çin savaşının mümkün qədər tez başlamasını böyük səbrsizliklə gözlədiklər qətiyyən istisna deyil.

1648624118_1647326821_1644327317_b291bf1bf78330b87c6835bb7eb8f573.jpg (53 KB)

Məsələ ondadır ki, ABŞ-Çin savaşı başlayarsa, bundan ən çox Rusiya faydalana bilər. Bir tərəfdən, Rusiyanın düşməni ABŞ-ın başı Çinlə savaşa qarışmış olacaq. Digər tərəfdənsə, Rusiya-Çin yaxınlaşması qaçılmaz xarakter daşıyacaq. Eyni zamanda, Rusiyaya qarşı beynəlxalq koalisiyanın da parçalanma ehtimalı daha inandırıcı görüntülər alacaq. Çünki, bəzi NATO dövlətlərinin, xüsusilə də, Avropa Birliyi ölkələrinin Çinlə müharibədə ABŞ-ın dəstəklənməsinə həvəs göstərməyəcəyini elə indidən proqnozlaşdırmaq olar.

Məsələ ondadır ki, Avropa Birliyi Ukrayna savaşına paralel olaraq, ABŞ-Çin müharibəsinin maliyyə-iqtisadi və hərbi-siyasi yükünü daşımaq imkanlarına sahib deyil. Üstəlik, Çinin Avropa Birliyi ölkələri ilə iqtisadi-ticari əlaqələrinin olduğunu da qətiyyən unutmaq olmaz. Bu iki faktor Avropa Birliyinin qarşısında duruş gətirə bilməyəcəyi dərin maliyyə-iqtisadi böhran vəd edir. Bütün bunlar indi Rusiyadan başqa heç bir dövlətə, hətta ABŞ və Çinə də sərfəli deyil.

Göründüyü kimi, N.Pelosinin mənasız “kaprizləri” bütün dünyanı fəlakətə sürükləyir. Belə hesab etmək olar ki, bəşəriyyət “Nensi Pelosi böhranı” ilə qarşılaşıb. Bu qoca qadın öz inadkarlığı ilə dünyanın və yüzmilyanlarla insanın gələcək taleyini təhlükə altında buraxır. Və əgər, Ağ Ev administarasiyası “Nensi avantürası”ndan imtina edib, bu qoca qadını dərhal ABŞ-a geri çağırsa, dünya qarşısında böyük xidmək göstərmiş olar.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu






Fikirlər