DSMF-nin Quba rayon şöbəsindən şok şikayət

 

bitmap-img6


Elman Mehdiyevin tapşırıqlarını görməzdən gələn Sabir Hacıyev hansı işlərlə məşğuldur?

 

O və müavini Mehman Abdullayev rayonun sosial sığorta-pensiya sistemini iflic vəziyyətə salıb Ölkəmizdə əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən islahatlar göz qabağındadır. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə şərait yaradıb. Əhalinin həyat səviyyəsinin yüksəldilməsi, əmək haqlarının və aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib, vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Ölkə rəhbərliyi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində mütərəqqi işlərin görülməsinə baxmayaraq, problemlər hələ də qalır. Vətəndaşların yetərli hissəsi sosial sığorta-pensiya sistemindəki neqativ halların qurbanına çevrilirlər. Bu baxımdan Quba rayonunda da vəziyyət ürəkaçan səviyyədə deyil. Fondun rayon şöbəsində yaşanan haqsızlıqlar və qanun pozuntuları sakinlərin qəzəbinə səbəb olub. 
Redaksiyamıza daxil olan məlumatlara görə, şöbə müdiri Sabir Hacıyev mövcud qanunları rəhbər tutaraq işləmir: “Elə bu səbəbdən ölkəmizdə pensiya sistemində həyata keçirilən işlər, tətbiq olunan yeniliklər Quba rayonunda öz nəticəsini göstərmir. Hazırda rayonda şöbə müdirinə yaxın olan bəzi iş adamları və təşkilatlar sosial sığorta haqlarının ödənilməsindən yayınırlar. Müdirin hansı təşkilatın rəhbəri, yaxud sahibkarla münasibəti yaxşı deyilsə, onlara əlavə problemlər yaradır və cərimələr yazdırır. Qubada pensiyaçılar arasında ədalətli bölgü aparılmır. Əgər kimsə təqaüdə çıxan zaman iş fəaliyyətini daha çox yazdırmaq istəyirsə, mütləq müdirin razılığını almalıdır. Elman Mehdiyev Dövlət Sosial Müdafiə Fondunun sədri təyin olunduqdan sonra yerli şöbələrin əksəriyyətində, o cümlədən Quba rayon şöbəsində özbaşınalıq baş alıb gedir. Pensiyaya çıxan şəxslər ən azı 2-3 min dəfə Sabir Hacıyevin qəbulunda olmalıdır. Onun bütün qanunsuz işlərini müavini Mehman Abdullayev həyata keçirir. Əslən Göyçaydan olan Mehman müəllim Elman Mehdiyevin yerlisi olduğunu deyərək ona heç kimin bata bilməyəcəyini söyləyir. Beləcə, pensiyaya çıxmaq istəyən insanların yetərli hissəsinə süni problemlər yaradılır. Şöbə rayonun pensiyaçı kontingentinə istənilən səviyyədə xidmət göstərə bilmir. Sabir Hacıyevin qarşısına prezidentin fərman və sərəncamlarına uyğun olaraq sığortaedənləri maksimum məcburi dövlət sosial sığortasına cəlb etmək və bir nəfər pensiyaçıya düşən sığortaolunanların sayını artırmaq tapşırığı qoyulsa da, bu işləri lazımi şəkildə yerinə yetirmir. Onun fəaliyyətindəki mənfi hallar rayonun sığorta-pensiya sistemini iflic hala salıb. Bəzi vaxtlarda vətəndaşlar pensiyalarını vaxtında ala bilmirlər. Vəsait köçürülür, amma bankda saxlanır. Şöbə müdiri ilə bank rəhbərliyi bu gecikmələrdən qazanclı çıxır”. 
Bizə verilən məlumatda şöbə müdirinin dəfn pulunun verilməsi zamanı da vətəndaşları incitdiyi qeyd olunur. Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən əmək pensiyaçısı vəfat etdikdə onun ailəsinə pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət, yəni dəfn pulu verilməlidir. Pensiyanın baza hissəsinin məbləğinin 85 manat olduğunu nəzərə alsaq, bu 255 manat edir. Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə dəfn üçün müavinət həmin şəxslərə ödənilir. Dəfn üçün müavinətin ödənişinin maliyyələşdirilməsi əmək pensiyası ödənişinin maliyyə mənbələrinə uyğun qaydada həyata keçirilir. Deyilənə görə, əksər hallarda DSMF-nin Quba rayon şöbəsinin rəhbərliyi və məsul əməkdaşları dəfn pulu almaq üçün müraciət edən vətəndaşları süründürməçiliyə məruz qoyaraq get-gələ salırlar. Qanunları ayaq altına atan müdirin hətta dəfn puluna da göz dikdiyi vurğulanır. Səsləndirilən ittihamlara aydınlıq gətirmək məqsədilə DSMF-nin Quba rayon şöbəsi ilə əlaqə yaratmağa cəhd göstərsək də, bir nəticə vermədi. Buna baxmayaraq, qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq. Yəqin ki, DSMF sədri qeyd olunan məsələləri tezliklə araşdırıb şöbənin işini bərbad hala salan şəxsləri lazımi şəkildə cəzalandıracaq.

 






Fikirlər