“Cəbrayıl dünyanın ən abad və gözəl bölgəsinə çevriləcək”

Deputat: “Tezliklə burada həyat öz axarına düşəcək”

2020-ci il oktyabrın 4-də Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərinin 27 illik əsarətdən sonra işğaldan azad olunduğu müjdəsini verdi. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. Cəbrayıl rayonu kifayət qədər mürəkkəb coğrafi relyefə malikdir və ermənilər 27 il ərzində burada möhkəm istehkamlar qurmuşdu. Lakin Müzəffər Ordumuz onu qısa müddətdə dağıtdı və Cəbrayıl azad edildi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.

Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonu ilə Bakı arasında olan məsafə 338 kilometrdir.

Yada salaq ki, Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal edilib. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar. 4 oktyabr 2020-ci ilə qədər Ermənistan silahlı qüvvələri Cəbrayılda bu  ərazilərə - Cocuq Mərcanlı, Böyük Mərcanlı, Nüzgar, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Cəbrayıl şəhərinə nəzarəti itirib.

Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı abidələri ilə zəngin rayonlarından hesab olunur. Rayonun köhnə qəbiristanlığında qədim yazılar yazılmış bir lövhə parçası aşkar olunub. Həmin yerdə, yolun qırağında isə iki başdaşı vardır. Başdaşılarının yuxarı hissəsində heyvan təsvirləri - dağ keçiləri və Qobustan qayaüstü təsvirlərini xatırladan müxtəlif tamqalar həkk edilib. Cəbrayılın ətrafında müxtəlif bədii formaya malik qəbir daşları vardır, onlardan qoç heykəli olan ikisi Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyasıdır. Cəbrayıl rayonunda müxtəlif türbələr - Dağtumas kəndində XIII-XVI əsrlərə aid türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq nümunələri vardır. 

Vahid Azərbaycanın rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu - IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərib. Kərpic körpü isə XII əsrdə tikilib.

Cəbrayıl həm də 2014-cü ildə dədə-baba yurdunu ziyarət edərkən, erməni cəlladları tərəfindən qətlə yetirilən şəhid Həsən Həsənovun doğulduğu torpaqlardır. Cəbrayılın işğaldan azad olunduğu 4 oktyabr isə H.Həsənovun torpağa tapşırıldığı gündür...

Ceyhun Məmmədov - Deputat - Azərbaycan Respublikasının Milli Məclisi | LinkedIn

Ceyhun Məmmədov

Əslən Cəbrayıldan olan deputat Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a öz fikirlərini bildirdi. O dedi ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi nəinki ölkə tarixinin, bütövlükdə dünyanın hərbi əfsanəsinə çevrildi: “4 oktyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olundu. Nəhayət ki, Cəbrayıl uzun müddət düşmən tapdağında qaldıqdan sonra işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi.

Həmin gün bütün Azərbaycan xalqı, o cümlədən cəbrayıllılar böyük sevinc içində idilər. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üçrəngli bayraqlarımızı dalğalandıraraq, bir daha qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Bu günü görmək, bu sonsuz sevinc hisslərini yaşamaq xalqımızın ən böyük arzusu idi.

Ermənilər Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

1993-cü ildən ötən dövr ərzində böyük əziyyətlər hesabına əldə edilən nailiyyətlər, qazanılan uğurlar zərrə-zərrə bizi möhtəşəm qələbəyə yaxınlaşdırdı. Bu böyük sevinci cəbrayıllılara, bütün xalqımıza bəxş edən Prezident İlham Əliyevə, xalqımızın bütün igid, qəhrəman əsgər və zabitlərinə ürəkdən təşəkkür edirik. İnanırıq ki, tezliklə həyat öz axarına düşəcək, Cəbrayıl camaatı öz ata-baba yurdlarına qayıdaraq yenidən xoşbəxt, firavan həyat sürəcək".

Deputat əlavə etdi ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Cəbrayılda böyük quruculuq və abadlıq işləri həyata keçirilir: “Cəbrayıllılar Prezident İlham Əliyevin Cəbrayıla səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşünü yaxşı xatırlayırlar. Səfər çərçivəsində Prezident İlham Əliyev "KamAZ" ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində, “Cəbrayıl” yarımstansiyanın, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etdi. Bundan başqa, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyulub. Sentyabrın 28-də Prezident Cəbrayıl şəhərində inzibati binanın təməlini qoydu, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi - Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış oldu, “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını etdi. Bütün bunlar onu söyləməyə əsas verir ki, tezliklə Cəbrayıl eləcə də işğaldan azad olunmuş digər rayonlarımız dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək".

 






Fikirlər