Manat ucuzlaşsa da, varlı təbəqə əyləncəsindən qaimır.

Manat ucuzlaşsa da, varlı təbəqə əyləncəsindən qalmır Ölkənin ən bahalı otel və istirahət mərkəzlərində Yeni il şənliyi ilə bağlı yerlərin demək olar ki, hamısı bron edilib Bu isə onu göstərir ki, imkanlı şəxslər dolların bahalaşmasından heç nə itirməyib Dolların qəfil bahalaşması camaatın Yeni illə bağlı bütün planlarını alt-üst etdi.

İnsanların yetərli hissəsinin müxtəlif problemlərin girdabında çabaladığı bir vaxtda manat kəskin şəkildə ucuzlaşdı. Manatın dəyərdən düşməsi ilə ərzaq məhsullarının, tütün məmulatlarının qiymətində artım baş verdi.

Bundan sonra nə baş verəcək, vətəndaşlara daha hansı "sürpriz"lər ediləcək, Allah bilir. Maddi durumu zəif olan insanlardan fərqli olaraq varlılar öz kefindədir. Bunu bahalı məkanların, yəni otellərin, istirahət mərkəzlərinin Yeni il şənlikləri ilə bağlı verdiyi reklam çarxlarından aydın şəkildə başa düşmək olur. Bu il otellər şənlik iştirakçılarını dəbdəbəli proqramlar, xarici müğənnilər, güzəştli təkliflər və bahalı qiymətlərlə qarşılayacaq. Builki qiymətlər əvvəlki illərlə müqayisədə xeyli bahadır.

Qiymətlərin baha olmasına baxmayaraq, otellərin əksəriyyətində artıq yerlərin hamısı bron edilib. Bölgələrdəki lüks otellərdə isə yer tapmaq mümkünsüzdür. Aparılan araşdırmalar göstərir ki, bahalı məkanlarda yerlərin demək olar ki, hamısı imkanlı şəxslər, eləcə də bəzi məmurlar tərəfindən sifariş edilib. Məsələn, şimal bölgəsinin ən dəbdəbəli otellərindən sayılan "Quba Rixos"da artıq yerlərin çoxu bron edilib.

Bir neçə müddətdir ki, otel rəsmiləri Yeni il şənliyinin 859 manata başa gələcəyi barədə reklam kampaniyasına başlayıb. Otelin dekabrın 31-dək olan sifarişlərində 20% endirim olacaq. Ayın 31-dən sonra isə qiymətlər artacaq. Oteldə yer sifarişi isə minimum 3 gecəlik olmalıdır. 2 nəfərlik Yeni il paketinin qiyməti isə 1359 manata başa gəlir. Dekabrın 31-dən sonra alınan paketlərin qiyməti isə eyni şərtlərlə 1559 manat olacaq. Məlumata görə, 5 ulduzlu "Rixos Quba Azerbaijan" otelində Yeni il gecəsi möhtəşəm konsert proqramı ilə qeyd olunacaq. Bu münasibətlə Azərbaycan estradasının meqa ulduzları Röya Ayxan və Abbas Bağırov da Yeni il gecəsi oteldə olacaqlar.

Bakıda yerləşən bahalı əyləncə məkanlarında da Yeni il şousu ilə bağlı yer tapmaq asan məsələ deyil. Əldə etdiyimiz məlumatlara görə, Bakının məşhur "Fairmont Gold Lounge" otelində artıq yerlərin hamısı bron edilib. Oteldə Yeni ilin şam yeməyi menyusu bir nəfər üçün 190 manatdır. Menyuya bundan əlavə canlı jazz və DJ əyləncə proqramı daxildir. Dekabrın 31-də "Jumeirah Bilgah Beach Otel"də Yeni İl gecəsi 3 yerdə təşkil ediləcək. Məlumata görə, Yeni il şənliyi "BILGAH BALLROOM" və "Yuukai" restoranında saat 21-də, "Equinox Night Club"da isə saat 22-də başlayacaq. "BILGAH BALLROOM"da təşkil edilən Yeni il şənliyində iştirak etmək üçün arxa, orta, ön hissələrə görə, müvafiq olaraq biletlərin qiyməti 300 manat, 350 manat və 400 manatdır. Şənliyin aparıcısı Cavid Gül olacaq.

Tədbirə qatılanlar sırasında müğənnilər Çingiz Mustafayev, Dilarə Kazımova, Eldar Qasimov, Diana Hacıyeva, Elnur Hüseynov, "Qala" qrupu da var. Bundan əlavə şənliyə "Bakı Team" KVN komandası, "NERO" şou-balet və xüsusi qonaq illüzionist - Michael Berladin də dəvət olunub. Yeni il şənliyini oteldə yerləşən "Yuukai" restoranında keçirmək üçün biletlər yerlərdən asılı olaraq 200 manat, 250 manat və 300 manatdır. Burada da şənlik iştirakçıları eyni komanda olacaq. "Equinox Night Club"da keçiriləcək Yeni il şənliyinə qatılmaq üçün isə standart biletlər 50 manatdır.

VİP biletlər isə 150 manat təşkil edir. Qeyd edək ki, VİP biletə əlavə olaraq divanlarda əyləşmək və yüngül yeməklərdən istifadə daxildir. Gecə klubunda təşkil ediləcək şənliyə "DJ project Boil & Void ", "DJ project #103" və "MC ElKhasso" qatılacaq. "Jumeirah Bilgah Beach Otel"dəki Yeni İl şənliyi sığortalanmayıb. Tədbirin təşkilatçısı bildirib ki, 5 il ərzində təşkil edilən belə tədbirlərdə heç bir hadisə baş verməyib: "Əgər hər hansı bir səbəblə tədbirlər təxirə salınsa, biletlərin pulunu geri qaytararıq".

Yeni ili "Kempinski Otel"də qeyd etmək 70 -195 manata başa gələcək. Hoteldən verilən məlumata görə, şənliyə ailəvi qatılmaq istəyənlər Yeni İli "Residens" binasının 1-ci mərtəbəsində yerləşən "Golden Cage"-də qeyd edə bilərlər. Tədbir saat 20-dən gecə yarısına kimi davam edəcək. Şənlikdə müğənni Helen xanım və "Geynüs" qrupu, Yeni Ulduz təmsilçisi Rəşad iştirak edəcək.

Qonaqlara 6 çeşiddə Azərbaycan və Avropa mətbəxinə aid yeməklər təqdim olunacaq. Hoteldən verilən məlumata görə, Yeni İl gecəsi şənlik iştirakçıları arasında lotereya oynanılacaq və hədiyyələr də veriləcək. Bahalı hədiyyələrə Rusiya və Avropa ölkələrində yerləşən Kempinski hotellərində istirahət kuponu daxildir. Digər hədiyyələr isə hotelə aid restoranlarda şam yeməyi, massaj və s hədiyyə kuponlarından ibarətdir. Biletin qiyməti 195 manatdır. Gənclər isə yeni ili "Kempinski Hotel"in 4-cü mərtəbəsində yerləşən "Pab Power"da qarşılaya bilərlər.

Tədbirə DJ Bora dəvət olunub. Şənlik saat 23-dən səhərə kimi davam edəcək. Biletin qiyməti 70 manatdır. Ən bahalı məkanlardan biri "Hilton Otel"dir. Burada Yeni ilin gəlişini "360 Bar" və "Sky Gryll" restoranlarında qeyd etmək mümkün olacaq. Otelin 25-ci mərtəbəsində yerləşən "360 Bar"da şənliyə qatılmaq 250 manatdır. Şənlik saat 22-dən səhər 5-ə kimi davam edəcək. Gecəni DJ Elvin Diko və Rovencis idarə edəcək. Qonaqlara içki və çərəzlər təklif ediləcək. Stoldan kənar içki sifarişləri biletə daxil deyil. Şənlikdə qonaqlara hədiyyələr də veriləcək. Amma bu şənliyin ən maraqlı cəhəti restoranın dayanmadan fırlanmasıdır. Belə ki, tədbir ərzində restoran saatda 1 dəfə olmaqla 7 saata 7 dəfə dövrə vuracaq.

Nəticədə şənlik iştirakçıları Bakının bütün tərəflərini seyr edib, şəkil çəkdirə biləcəklər. "Sky Gryll"də isə Yeni il keçirmək 140 manatdır. 6 yaşa qədər uşaqlar pulsuz, 12 yaşa qədər uşaqlara isə 50 faiz endirim nəzərdə tutulub. Otelin 24-cü mərtəbəsində yerləşən restoranda instrumental ansamblın ifasında canlı musiqi gecəni müşayiət edəcək. Qonaqlar saat 12-də bir qədər şampanla açıq səmada atəşfəşanlığı izləyərək Yeni ili qarşılaya biləcəklər. Qonaqlar 2 saat müğənni Nayanın canlı ifalarını dinləyə biləcəklər.

"Qafqaz Tufandağ"da isə 30 dekabr - 3 yanvar tarixləri üçün bütün yerlər tutulub. Oteldə bir gün üçün iki nəfərlik yerlər 200 manatdır. Yanvar ayının 3-dən sonra isə qiymətlərə endirimlər edilib. Belə ki, yanvarın 3-dən sonra oteldə iki nəfərin bir günlük istirahəti 170 manat nəzərdə tutulub. Qusarda yerləşən məşhur "Şahdağ" və "Zirvə" otellərində indidən bütün yerlər tutulub. Qeyd edək ki, bu oteldə Yeni ili qarşılamaq hər bir müştəriyə 460 manata başa gələcək. "Şahdağ"da dekabrın 31-i iki nəfərlik Yeni il şənliyi 460 manat, yanvar ayının 1-dən 5-nə kimi isə 245 manatdır. Qeyri-bayram günlərində isə oteldə istirahət etmək iki nəfər üçün 155-195 manat civarındadır.

Qusarda yerləşən "Park Chalet" və "Big Palace"da artıq Yeni il paketləri satılıb. Burada Yeni il şənliyi digər günlərdən bir qədər bahadır. Belə ki, "Big Palace"da Yeni il şənliyi iki nəfər üçün 370 manat, "Park Chalet"-də isə 170 manatdır. Burada iki nəfərlik otaqlar 250 manatdan başlayır, oteldə istirahət etmək üçün minimum 4 gecə qalmaq lazımdır. Bir sözlə, Yeni il gecəsi bütün bahalı məkanlar müştəri əlindən dolub-daşacaq.

Təbii ki, varlı müştərilər, imkanlı şəxslər nəzərdə tutulur. Kasıb isə Yeni il günü nə yeyəcəyini fikirləşir. Görünən odur ki, manatın ucuzlaşması imkanlı təbəqəyə heç bir təsir göstərməyib.

Çətinliklə üzləşən ancaq kasıb insanlardır.
 






Fikirlər