NEFT ŞİRKƏTLƏRİNİN ÖZLƏRİNİ “GÜLLƏLƏMƏK” VAXTI ÇATIB! - Neft əsri sona çatmaq üzrədir!

Bundan sonra neftlə digər istənilən xammallar kimi, normal bazar rəqabəti şərtlərinə uyğun şəkildə ticarət aparılacaq

OilCompanies-638x405

Neftin bir barelinin qiyməti uzunmüddətli perspektivdə 30-50 dollar səviyyəsində qalacaq. Elə bu səbəbdən də bütün dünya üzrə enerji resursları istehlak edən ölkələrdə 2 trilyon dollar həcmində əlavə gəlir meydana çıxacaq. Əlbəttə, belə vəziyyətdə neft hasil edən ölkələrin hökumətləri uduzurlar. Hazırda həmin ölkələr dövlət xərclərini azaltmağa yox, əsasən öz valyuta ehtiyatlarını tükəndiriməyə və maliyyə bazarlarından pul borc almağa hazırdırlar. İstənilən halda geosiyasi maraqlarını qorumaq və xalq etirazları ilə qarşılaşmamaq üçün siyasətçilər bu yolu seçməyi sevirlər. (Project Syndicate)

Lakin neftin qiyməti ilə bağlı olan indiki şəraitdə, bütün neft hasilatçıları eyni cür və bir-birinə tam oxşar şəkildə uduzmurlar. Bir qrup həqiqətən də çox güclü itirib. Bunlar sərmayələrini təxminən 200 milyard dollar həcmində azaltdıqlarını elan edən Qərbin neft şirkətləridir. Onların bu qərarları dünya fond birjalarının zəifləməsinə səbəb olub.

Hətta paradoksal olmasına baxmayaraq, neft şirkətlərinin səhmdarları yeni ucuz neft erasında da yaxşı qazana bilərlər. Ancaq bir şərtlə: Böyük neft-qaz şirkətlərinin rəhbərləri yeni iqtisadi reallığı anlamalı və yeni neft yataqlarının axtarılmasına dəlicəsinə pul xərclənilməsini dayandırmalıdırlar. Çünki hal-hazırda dünyadakı 75 iri neft şirkətinin daha mürəkkəb təbii şəraitdən yanacağın hasilatına və yeni quyuların kəşfiyyatına sərf etdikləri illik məsrəf 650 milyard dollardır. Bu isə ümumiyyətlə tarixdə kapitalın yerləşdirilməsinin, bəlkə də ən axmaq qərarıdır. Belə böyük məbləğin sərf olunmasının yararlılığı, yalnız iqtisadi baxımdan qiymətlərin süni inhisar şərtləri ilə əsaslandırıla bilər.

Amma haqqında danışılan həmin inhisar indi çətin günlərini yaşayır. Şist neftinin çıxarılması, ekoloji tələblərin artması və təmiz enerji əldə olunması isiqamətindəki inkişaf və tərəqqinin yüksəlməsi kimi amillər OPEK kartelini iflic edib. Ona görə də, bundan sonra neftlə digər istənilən xammallar kimi, normal bazar rəqabəti şərtlərinə uyğun şəkildə ticarət aparılacaq (1986-2005-ci illərdə olduğu kimi).

Normal rəqabət bazarında qiymətlər hasilatın maya dəyərindən və ən ucuz başa gələn yataqdan çıxarılan hər bir bareldən asılı olacaq. Bu isə Arktikadakı buzların altında, Meksika körfəzinin dərinliklərində və Braliziya sahillərindən yüzlərcə mil uzaqlıqda geoloji kəşfiyyat işlərinin aparılmasının, yalnız Səudiyyə Ərəbistanı, İran, İraq, Rusiya və Orta Asiyadakı bütün ehtiyat yataqların tamamilə işlənib tükənməsindən sonra mümkün ola biləcəyi deməkdir.

Oil_end_Gazprom

Əlbəttə, sözsüz ki, real dünya heç zaman iqtisadi dərslikdəki qədər sadə olmur. Geosiyasi ziddiyyətlər, nəqliyyat xərcləri, infrastrukturdakı çətinliklər və digər problemlər ona gətirib çıxarcaq ki, neft istehlak edən ölkələr, enerji təhlükəsizliyi üçün mükafat verməyə və eyni zamanda da öz ərazisində strateji ehtiyatlar toplamağa başlayacaqlar.
İndiki mürəkkəb şəraitdə OPEK–in tükdən asılı olmasına baxmayaraq, yaranmış vəziyyəti ümumi prinsip kimi hamıya şamil etmək olar. Bundan sonra “Exxon Mobil”, ”Shell”, ”BP” Səudiyyə Ərəbistanı, İran və Rusiya şirkətləri ilə rəqabətdə uğur qazanacaqlarına ümid bəsləyə bilməzlər. Çünki onlar ölkələrindəki mürəkkəb texnologiya tələb etməyən neft-qaz yataqlarını heç kimin köməyi olmadan özləri istismar edə bilərlər. Yəni nefti 19-cu əsr üsulları ilə də çıxarmaq mümkündür. Məsələn, İran bildirir ki, bir barelinin maya dəyəri cəmi 1 dollara başa gələn neftini çıxarmağa hazırdır. İran ucuz başa gələn neft hasilatını, sanksiyalar götürüldükdən dərhal sonra həyata keçirə bilər.

Qərbin neft şirkətləri üçün rasional strategiya – yeni neft yataqlarının kəşfi üzərində apardıqları işlərini dayandırmaları olar. Bunun əvəzinə onlar avadanlıqları və ən müasir geoloji texnologiyaları (məslən frakinq) neft hasil edən ölkələrə təqdim edərək, pul qazana bilərlər. Digər yandan isə, onların başlıca məqsədi maksimal şəkildə tezliklə ixriyarlarındakı neft ehtiyatlarını satıb, sonradan bu böyük miqdardakı pulları səhmdarlar arasında bölməkdən ibarət olmalıdır.

Əgər neft rəhbərliyi çətin biznesdən asan yolla çıxmaq istəyirsə, onda aktivist-səhmdarlar və ya korporativ reyderlər bunu onların əvəzinə edəcəklər. Məsələn, özəl investorlar konsorsiumu “BP”–nin indiki dəyərdəki səhmlərini almaq üçün lazımı 118 milyard dolları toplayıb, bu şirkətin sübut olunmuş 10,5 milyard barellik ehtiyatını (quyulardakı) satışa çıxara bilər. Hətta neftin bir barelinin bu günkü 36 dollarlıq qiymətləri ilə götürsək, satışdan gələn ümumi məbləğ 360 milyard dollar təşkil edir.

Ancaq hal-hazırda bunların baş verməməsinin iki səbəbi var. Demək olar ki, neft şirkətlərinin rəhbərliyi dini fanatizmə bənzər şəkildə neftə olan tələbatın yüksələcəyinə inanırlar. Onlar səhmdarlara ödəmələr etmək əvzinə, pulları yeni yataqların axtarışı istiqamətində xərcləməyi daha üstün sayırlar. Bununla bərabər onlar yeganə mümkün strategiyaya ikrahla yanaşaraq, onu yaxına buraxmaq istəmirlər. Həmin yeni istiqamət isə karbohidrogenləri zamanla vurub çıxaracaq yeni enerji texnologiyalarına sərmayə qoymağa yönəlməkdir.

oil

Neft şirkətlərinin bu il sərf etmək üçün nəzərdə tutduqları 50 milyard dolların heç olmazsa yarısını 20 ölkənin hökumətinin, təmiz və yenilənəbilən enerji əldə olunması üçün tədqiqatlar sferasına ayırdıqları 10 milyard dolların üzərinə qoymaq olardı. Heç bir şübhə yoxdur ki, bu investisiyalardan qazanılacaq maliyyə gəlirləri neft axtarışlarına çəkilən xərclərdən daha artıq olacaq.

Bütün bunlara baxmayaraq, BP-nin direktorlarından biri cavabında deyib: ”Bizim biznes işimiz dərin neft quyusu qazmaqdan ibarətdir. Belə məsələlərdə biz mütəxəssisik. Nəyə görə biz vaxtımızı və pulumuzu “General Electric” və ya “Toshiba” ilə yeni texnologiyalar uğrunda rəqabətə sərf etməliyik?”

Uzun müddət ərzində OPEK ölkələrindəki hasilata məhdudiyyətlərin gətirilməsi və Yaxın Şərqdəki ucuz neftin istismar olunmasının qarşısının alınması, qiymətlər məsələsində Qərbin neft şirkətlərini daha çox xərcə düşməkdən xilas edib. Amma görünür ki, səudiyyəlilər və OPEK-in digər ölkələri indi anlayırlar ki, hasilatı azaltmaqla, onlar öz bazar paylarını Amerkanın şist neft frakerlərinə və nefti yüksək maya dəyəri ilə çıxaran Qərb şirkətlərinə verirlər.
Zaman irəlilədikcə texnologiya təkmilləşməkdə davam edir, ekoloji tələblər isə sərtləşdirilir, ona görə də sübut olunan dünya neft ehtiyatının olduğu kimi qalacağı şübhəsizdir (Necə ki, dünya kömür ehtiyatının böyük hissəsi hasil olunmadan yerin təkində qalıb).

Uzun müddət Səudiyyə Ərəbistanının neft naziri olmuş Şeyx Zəki Yamani bu məsələlər barəsində hələ 1980-ci illərdə bilirdi. O, öz həmvətənlərinə xəbərdarlıqla deyirdi: ”Daş dövrü, mağara adamlarının daşları qurtardığına görə sona çatmayıb”. Deyəsən indi nəhayət, OPEK-dəkilər də bu sözləri eşidib, başa düşüblər ki, neft əsri sona çatmaq üzrədir.

Qərbin neft şirkətlərinin ayılmasının və reallığı görmələrinin də vaxtı gəlib çatıb. Onlar ya yeni neft yataqlarının axtarışını dayandırmalı, ya innovasiya ilə məşğul olmalı, ya da ki, özləri-özlərini məhv etməlidirlər.






Fikirlər