XƏSTƏ TƏFƏKKÜRlülərin YALANlarına sağlam CAVAB Və ya Mərkəzi Neftçilər Xəstəxanasına qarşı MƏKRLİ KOMPANİYA yalnız İFLASA MƏHKUMDUR! - ÖZƏL

 

Son zamanlar Azərbaycanda SÖZ azadlığının verdiyi imkanlardan sui-istifadə hallarına tez-tez rast gəlmək olar. Xüsusilə heç bir əsası olmayan, jurnalistikanın başlıca meyarlarından sayılan obyektivlik, qərəzsizlik, tərəfsizlik prinsipləri ilə bir araya sığmayan xəbərlərin çoxalması narahatlıq yaratmaya bilməz. Məsələ burasındadır ki, belə xəbərlər əslində hansısa “qara piar” kampaniyasının bir hissəsini təşkil edir, “xəbər”dən çox dedi-qodu, qeybət xarakteri daşıyır.

Şərq müdriklərindən birinin belə bir hikmətli sözü var: “İnsanın simasını müəyyənləşdirən onun azadlığı yox, bu azadlığa özünün qoyduğu məhdudiyyətlərdir”. Bu mənada hər bir mətbu orqanın simasını müəyyənləşdirən də onun söz azadlığından istifadəsindən çox, bu azadlığa qoyduğu məhdudiyyətlərdir. Məhz bu halda həmin mətbu orqan dedi-qodudan uzaq dayana, hər hansı “qara piar” alətinə çevrilməməyi bacarır.

Yazıya bu sətirlərlə başlamağımızın şübhəsiz ki, mühüm bir səbəbi var. Söhbət son günlər Azərbaycanın ən məşhur və nüfuzlu səhiyyə müəssisələrindən olan Mərkəzi Neftçilər Xəstəxanası ilə bağlı əsassız şəkildə ara-sıra aparılan qaralama kampaniyasından gedir. İddia olunur ki, guya bu sağlamlıq ocağında qiymətlər manatın devalvasiyasından sonra ciddi şəkildə qaldırılıb. “Mərkəzi Neftçilər Xəstəxanası bu ağır böhran dönəmində qiymətlərdə bu kəskin artımı hansı məntiqlə əsaslandıracaq?” – bəzi KİV-lərin sanki bir-birləri ilə sözləşibmiş kimi yaydıqları həmin “xəbər”lər  bir müddət əvvəl əsasən bu sualla bitirdi.

Bəs əslində vəziyyət necədir?

Mərkəzi Neftçilər Xəstəxanası “neft kəşfiyyatçılarının birləşmiş xəstəxanası” olaraq 1956-cı ildə yaradılıb. Bir sözlə, adıçəkilən səhiyyə ocağı Azərbaycanın ən qocaman, təcrübəli tibb müəssisələrindən biridir.

Çox tezliklə, bu şəfa ocağı bütövlükdə Azərbaycan neft sənayesi işçilərinin sağlamlığının qorunması sahəsində başlıca mərkəzə çevrilib Bir necə il sonra burada yeni korpuslar tikilib, klinika keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verən bütün zəruri avadanlıqla təmin edilib.

Hazırda isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası əhəmiyyətli şəkildə inkişaf edərək, Avropanın istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyəyə yüksəlib. Mübahisəsiz demək olar ki, bu gün sözügedən xəstəxana istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından ölkənin ən müasir klinikalarından biridir.

Xüsusilə qeyd etmək lazımdır ki, xəstəxananın elmi potensialı ildən-ilə yüksəlir, ən son texnologiyaları tətbiq edən, daxildə, xaricdə təhsil alan və bununla kifayətlənmiyən yüksək ixtisaslı mütəxəssislərimiz peşəkarcasına işin öhdəsindən gəlməklə, xəstəxananı ən yaxşı tibbi mərkəzlərdən birinə çeviriblər. Hazırda xəstəxanada 3 nəfər tibb elmləri doktoru, 25 nəfər tibb elmləri namizədi fəaliyyət göstərir.

İndi soruşmaq ehtiyacı yaranır: bu cür yüksək səviyyəli, istər texnoloji baxımdan, istərsə də kadr potensialı nöqteyi nəzərdən müasir standartlara cavab verən belə bir tibb müəssisə haqqında qaralama kampaniyası aparmaq nəyə lazımdır? Axı biz belə klinikalarımızın daha çox olmasına çalışmalıyıq, nəinki onları gözdən salmağa!

***

Digər tərəfdən müstəqil tibb ekspertləri belə, gizlətmirlər ki, Mərkəzi Neftçilər Xəstəxanasının digər klinikalara nisbətən üstünlüyü daim inkişaf edən xəstəxana olmağındadır. Buranı başqalarından fərqləndirən cəhətləri isə aşağıdakı kimi sıralamaq olar:

* 24 saatlıq iş rejimi (bayram və istirahət günləri də daxil olmaqla)

* Çox funksional tibbi mərkəz

* Yüksək ixtisaslı tibbi personal

* Qərb ölkələrində təhsil alan həkimlər, xaricdən dəvət olunan mütəxəssislər

* Eksklüziv tibbi xidmətlər

* Münasib qiymət siyasəti

* Qərb istehsalı olan müasir tibbi avadanlıqlar

* Çox dilli Koordinasiya və Dispetçer Servisi

* Pasiyentlərin telefon ilə planlı müalicə-diaqnostika proseduralara yazılması (appointment system)

* Xüsusi Məlumat və Xəstələrin Qeydiyyatı Bazası (Otomasyon)

* “TS EN ISO 9001:2008” beynəlxalq keyfiyyət sertifikatı və OHSAS təhlükəsizlik sistemlərin tətbiqi.

İndi bu xəstəxananı “qiymət siyasəti” üzərindən vurmağa çalışanlar ya hədsiz qərəzli olduqlarına görə, ya da hədsiz informasiyasızlıqdan unudurlar ki, öz yalanlarına hədəf kimi seçdikləri səhiyyə ocağı təsərrüfat hesablıdır, fəaliyyətini günün tələblərinə uyğunlaşdırır və heç vaxt vətəndaşların maraqlarını gözardı etmir. Elə buna görədir ki, Mərkəzi Neftçilər Xəstəxanasının digər klinikalardan üstünlüyünü şərtləndirən amillər arasında münasib qiymət siyasəti də ön plana çıxır. Görünür, dedi-qoduçuluq, “qara piar”çılıq bəzilərinin gözlərini elə tutub ki, onlar bunu ya görmür, ya da görmək istəmirlər!

*** 

Bu məqamda xüsusi xatırlatmağa ehtiyac duyuruq: ötən ilin son ayında, dekabrda bütün ölkəni yasa boğan “Günəşli” yatağındakı faciə zamanı Mərkəzi Neftçilər Xəstəxanasının rəhbərlik və tibbi personalının gərgin əməyi ayrıca qeyd olunmağa layiqdir. Xəstəxananın baş həkimi Leyla Seyidbəyli başda olmaqla, bu səhiyyə ocağının kollektivi baş verən qəzada yaralananlara təcili və yüksək keyfiyyətli tibbi xidmət göztərmək üçün səfərbər olunmuş, nəticədə faciə qurbanlarının sayının daha da artması önlənmişdir.

Картинки по запросу neftçilər xəstəxanası

Şübhəsiz ki, Mərkəzi Neftçilər Xəstəxanasının kollektivi bunu hər hansı təşəkkür naminə etməmiş, sadəcə, öz vəzifə borclarına və Hippokrat andına sadiqlik göstərmişlər. Amma təəssüf ki, bəzi mətbu orqanlar ən azı ictimai minnətdarlığı ifadə etmək üçün bu cür məqamları görməzdən gələrkən, hansısa “qara piar”a çox asanlıqla qoşulurlar. Şübhəsiz ki, bunu ürəkağrısı ilə qeyd edir, eyni zamanda onu da əlavə etməyi unutmuruq: Mərkəzi Neftçilər Xəstəxanasının bacarıqlı, peşəkar, zəhmətkeş və fədakar tibbi personal əmin ola bilər ki, onların müxtəlif taleyüklü situasiyalarda, o cümlədən, “Günəşli” yatağındakı məlum qəza zamanı yaralılara fasiləsiz tibbi xidmətini görən, bilən və bunu yüksək qiymətləndirən KİV-lər də az deyillər.

Belə KİV-lər əmindirlər və qətiyyən şübhə etmirlər ki, sizin əsas məqsədiniz xəstəxananın və tibbi personalın imkanlarından geniş istifadə edərək müraciət edən insanlara ən yüksək səviyyədə tibbi xidmətlər göstərmək və xəstəxana nəzdində illərlə yaranmış, formalaşmış, bu gün isə özünün ən parlaq inkişaf dövrünü yaşayan tibb məktəbini inkişaf etdirməkdir. Elə ona görə də Mərkəzi Neftçilər Xəstəxanasının hər bir əməkdaşı əmin ola bilər ki, öz fəaliyyətində obyektivliyi, ədalət prinsiplərini başlıca meyar kimi götürən media orqanları bu səhiyyə ocağının işinə qərəzsiz, vicdanlı qiymət verməklə bərabər, ona qarşı qarayaxma kampaniyalarına operativ cavab verməyi özlərinə borc bilirlər. İndi oxuduğunuz bu yazı da məhz belə qiymətləndirilməlidir!

O başqa məsələdir ki, hətta bu cür yazılar yazılmasa belə, Mərkəzi Neftçilər Xəstəxanasına qarşı məkrli hücumlar yalnız iflasa məhkumdur. Çünki, şair demiş:

Günəşi örtsə də qara buludlar,

Yenə Günəş adlı bir qüdrəti var!

Fikrimizcə, bundan artıq nəsə deməyə ehtiyac qalmır. Mərkəzi Neftçilər Xəstəxanasının fəaliyyətinə qara yaxmaq istəyənlərə şairin yuxarıdakı sözlərindən daha layiqli cavab tapmaq həqiqətən çətindir…

Azər ABDUL.

 

 

 

 

 

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

 

 

 

 

 

 






Fikirlər