Prezidentdən hadisə kimi ƏHF - MÜXALIFƏT NƏ DEYİR...

Məşhur siyasi dustaqlar azadlıqda; Ölkə başçısının imzaladığı sərəncamla 14 nəfər siyasi məhbus, o cümlədən Müsavat Partiyası başqanının iki müavini azadlığa buraxıldı; sərəncam yüksək qiymətləndirilir; Bu, həm də Novruz bayramı ərəfəsi cəmiyyətə verilmiş bir birlik, siyasi opponentlərə xoş niyyət mesajı kimi də dəyərləndirilə bilər...

Prezident İlham Əliyev martın 16-da əfv fərmanı imzalayıb. Ölkə başçısının imzaladığı sərəncamla 137 nəfər azadlığa buraxılıb. Həmçinin 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər cərimə cəzasından azad edilib. Əfv sərəncamı ilə 14 nəfər siyasi məhbus da azad edilib.

Azad edilən siyasi məhbuslar bunlardır:

Tofiq Yaqublu - Müsavat başqanının müavini
Anar Məmmədli - Hüquq müdafiəçisi
Rəsul Cəfərov - Hüquq müdafiəçisi
Yadigar Sadıqov - Müsavat başqanının müavini
Pərviz Həşimli - Jurnalist
Hilal Məmmədov -Hüquq müdafiəçisi
Taleh Xasməmmədov - Hüquq müdafiəçisi
Nemət Pənahlı - MDP sədri
Sirac Kərimov - Müsavat fəalı
Rəşadət Axundov - NİDA-çı
Rəşad Həsənov -NİDA-çı
Məmməd Əzizov -NİDA-çı
Ömər Məmmədov -NİDA-çı
Akif Muradverdiyev - Prezident Aparatının keçmiş işlər müdiri.
Prezidentdən hadisə kimi əfv - müxalifət nə deyir...
Hüquq müdafiəçilərinin, beynəlxalq hüquq müdafiə qurumlarının “siyasi məhbus” siyahısına daxil etdikləri REAL sədri İlqar Məmmədovun, hüquqşünas İntiqam Əliyevin və jurnalist Xədicə İsmayılın adları əfv fərmanına salınmayıb.

Pərviz Həşimlinin atası prezidentə təşəkkür etdi

“Oğlumu əfv fərmani ilə azadlığa buraxdığı üçün cənab prezident İlham Əliyevə təşəkkür edirəm”. Bu sözləri Pərviz Həşimlinin atası Kamran Həşimli bildirib. Kamran Həşimli oğlunun həbs səbəblərindən də danışaraq bu hadisənin keçmiş MTN rəhbərliyi tərəfindən həyata keçirildiyini deyib. “Mənim oğlumu MTN-in keçmiş rəhbəri Eldar Mahmudov və onun əlaltıları Akif Çovdarovla İlqar Əliyev qanunsuz olaraq həbs etmişdilər. 

Mən bu haqda cənab prezidentə müraciət məktubu da göndərmişdim. Sağ olsun cənab prezidentimiz bütün bunları dəyərləndirərək Pərviz Həşimlini əfv sərəncamı ilə azadlığa buraxdı. Mən öz adımdan və ailəmiz adından cənab prezidentə təşəkkür edirəm”. Qeyd edək ki, Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib.

Tofiq Yaqublunun qızı: “İllərdir bu günü gözləyirdik...”

Prezidentdən hadisə kimi əfv - müxalifət nə deyir...



T.Yaqublunun qızı Nigar Yaqublu musavat.com-a sevinc hisslərini belə izah edib: “İllərdir ki, bu günü gözləyirdik. Nəhayət, atamı azadlıqda görə biləcəyik. Əfv sərəncamı haqqında mətbuatdan xəbər aldım. Sevincimdən evə gələndə yolda yıxıldım”. Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu atasının əfvinin onun üçün gözlənilməz olduğunu deyib: “Avtobusla evə gəlirdim. Dostum zəng elədi dedi ki, əfv sərəncamı verilib. Çox sevindim. Düzü, bu, mənim üçün gözlənilməz oldu”.

Müsavat başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublu 2013-cü ilin fevralında İsmayıllı rayonunda baş vermiş etirazlardan sonra həbs olunub. O, kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunub. 2014-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Nemət Pənahlının xanımı: “Bu dəfə gözləmirdik”

Prezidentdən hadisə kimi əfv - müxalifət nə deyir...



“O qədər ümidli olduğumuz vaxtlar olub ki... Bu dəfə gözləmirdik ki, azadlığa buraxılacaq”. Bu sözləri virtualaz.org saytına açıqlamasında Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı deyib.

“Jurnalistlərdən eşitdim ki, əfv olunanlar siyahısına Nemət da düşüb. O dəqiqə evə zəng edib xəbər elədim. O qədər həyəcanlıyam ki, heç bilmirəm nə danışım. Təbii ki, biz də, uşaqlar da çox sevinirik”, - deyə Həcər Pənahlı vurğulayıb.

Nemət Pənahlı 2011-ci il iyunun 17-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilinirdi.

“Xədicəni gözləmirdim...”

Prezidentdən hadisə kimi əfv - müxalifət nə deyir...



“Xədicənin çıxacağını gözləmirdim. Ancaq Tofiq Yaqublunun, Anar Məmmədlinin, digər siyasi məhbuslarınazad olunmasına çox şadam. Allah o biriləri də tezliklə çıxartsın”.

Bunu AzadlqRadiosuna əfv edilməyən araşdırmaçı jurnalist Xədicə İsmayılın anası Elmira İsmayılova deyib:

“Nə Xədicənin, nə İntiqamın, nə İlqarın, nə də Seymurun tezliklə çıxacağına inanmıram. Ancaq hər halda nə vaxtsa o da olacaq”.

Hüquq müdafiəçiləri əfvi yüksək qiymətləndirir

“Prezident İnsan Haqları üzrə Birgə İşçi Qrupun təqdim etdiyi 22 nəfərlik siyahıda yer alanlardan 14 nəfəri azadlığa buraxıb”. Hüquq müdafiəçisi, işçi qrupun üzvü Səidə Qocamanlı əfv sərəncamını modern.az-a şərh edərkən belə deyib. O bildirib ki, Rauf Mirqədirov da siyahıya əlavə edilsə, işçi qrupun tərtib etdiyi siyahıdan 15 nəfər azadlığa qovuşub. S.Qocamanlı əfv sərəncamını yüksək qiymətləndirdiyini deyib.

“Əfvdə təqdim etdiyimiz şəxslərin yarısından çoxunun adını görməyi çox yüksək qiymətləndiririk”.

Bunu AzadlıqRadiosuna hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib. Hüquq müdafiəçisi həbsdə qalan digər ictimai fəalların azad olunması üçün də əllərindən gələni edəcəklərini bildirib: “Çox istərdik ki, azadlığa çıxmayan İlqar Məmmədov, İntiqam Əliyev və başqaları da tezliklə buraxılsın. Bunun üçün əlimizdən gələni edəcəyik”. 

Müxalifət də məmnunudur

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, Novruz bayramı ərəfəsi belə bir əfv fərmanının verilməsi müsbət haldır və bu təbii ki, ilk növbədə günahsız olaraq həbsdə yatan insanlar, eyni zamanda onların ailələri üçün bayram hədiyyəsidir: “Bayram ərəfəsi belə bir hadisənin baş verməsi bütünlüklə Azərbaycanda ciddi qarşılanacaq. Hesab edirəm ki, siyasi məhbusların azadlığa buraxılması yalnız onların ailələri, yaxınları, təmsil etdikləri təşkilatlar üçün yox, bütövlükdə Azərbaycan cəmiyyəti üçün önəmli hadisədir. İstərdik ki, bütövlükdə ölkədə siyasi məhbus problemi birdəfəlik həll olunsun. Həm siyasi məhbuslar azadlığa çıxsın, eyni zamanda siyasi motivlərlə həbslərə son qoyulsun. Bu gün Müsavat Partiyası başqanının iki müavini azadlığa çıxdı. Eyni zamanda, Müsavat Partiyasının fəalları Sirac Kərimli və Taleh Xasməmmədov azadlığa çıxıb. Eyni zamanda, Nida Vətəndaş Hərəkatı nümayəndələri, hüquq müdafiəçiləri, jurnalistlər, digər partiyaların nümayəndələrinin azadlığa çıxması Azərbaycan üçün önəmli hadisədir. Biz yəqin ki, yaxın günlərdə siyasi məhbuslarla və onların ailələri ilə görüşüb onlara bu bayram ərəfəsində göz aydınlığı verəcəyik. Hakimiyyətdən isə istəyimiz ondan ibarətdir ki, ölkədə siyasi məhbus problemini bütövlükdə həll etsin”.

AXP sədri Pənah Hüseyn "Yeni Müsavat"a açıqlamasında bir qrup siyasi məhbusun azadlığa çıxmasının sevindirici hadisə olduğunu bildirdi: “Bu, sevindiricidir. Siyasi məhbus siyahısında olan digər şəxslərin həbsdə qalması isə əlbəttə ki, məyusluq yaradır. Onların da Allah qapısını açsın”.

Ümid Partiyasının sədri İqbal Ağazadə prezidentin siyasi məhbusları azad etməsini pozitiv hadisə hesab etdiyini dedi: “Amma Xədicə İsmayılovanın və İlqar Məmmədovun azad olunmaması bir qədər üzücüdür. Allah qalanların da qapısını açsın”.

Ölkə gündəmi dərhal dəyişdi

Prezidentin imzaladığı əfv fərmanı dərhal ölkənin gündəmi ilə bərabər, əhval-ruhiyyəsini də dəyişib, xüsusən siyasi motivlərlə həbsdə olan tanınmış dustaqların əksəriyyətinin azadlığa qovuşması siyasi mövqeyindən asılı olmayaraq hamıda- həmçinin yüzlərlə məhbus ailəsində sevinc hissi yaradıb. Prezident İlham Əliyev indiyədək bir çox siyasi məhbusu azadlığa buraxsa da, zənnimizcə, ilk dəfədir ki, siyasi mövqeli şəxslər daha geniş sayda azadlığa çıxır. Şübhəsiz ki, bu fərman ciddi beynəlxalq reaksiya da doğuracaq, dövlət başçısının addımını Avropa Birliyi, AŞ PA, Avropa Parlamenti, eləcə də ABŞ Dövlət Departamenti yüksək qiymətləndirəcək. Bu, həm də Novruz bayramı ərəfəsi cəmiyyətə verilmiş bir birlik, siyasi opponentlərə xoş niyyət mesajı kimi də dəyərləndirilə bilər.

Son aylar Azərbaycan hakimiyyətinin Qərblə münasibətlərində nəzərəçarpacaq dərəcədə istiləşmə və hərəkətlilik müşahidə olunmasının siyasi məhbuslarla bağlı problemə müsbət təsir edəcəyi gözlənilən idi. 

Bakıda TAP və TANAP layihəsinə dair mühüm tədbirdə Qərbin Azərbaycana tam dəstək verməsi, ABŞ Dövlət Departament rəsmisinin, AŞ PA prezidentinin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin son səfərləri iqtidarın Qərblə münasibətlərdə yeni bir səhifə açdığını göstərir. Həm AŞ PA prezidenti Pedro Aqramutun, həm də Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerinin bir neçə gün əvvəl hakimiyyətlə apardığı müzakirələrdə əsas mövzunun insan hüquqları ilə bağlı olduğu açıqlanmışdı. AŞ PA sədri Pedro Aqramutun səfərinin yekunları ilə bağlı mətbuat konfransında “Azərbaycan dönüş mərhələsindədir və bu, ölkənin Avropa və Avropa Şurası ilə münasibətlərini yaxşılaşdırmasına imkan verəcək. Mənim yüksək səviyyədə apardığım danışıqlar Azərbaycanda dəyişiklikləri hiss etməyə imkan verdi” deməsi də dustaqlar məsələsində xoş xəbərin müjdəçisi hesab olunurdu. Doğrudur, Aqramutun görüşdüyü REAL sədri İlqar Məmmədov həbsdən buraxılmadı. Amma AŞ PA prezidentinin İlqar Məmmədovla bağlı dedikləri REAL sədrinin də azadlığa buraxılacağını, amma bunun məhkəmə yolu ilə olacağı kimi yozulur. 

Məlumdur ki, ötən ilin oktyabrında Ali Məhkəmə həm T.Yaqublunun, həm də İlqar Məmmədovun kassasiya şikayətinə baxaraq işi təkrar baxılmaq üçün Şəki Apelyasiya Məhkəməsinə göndərib. Gözlənilir ki, REAL sədri də Şəki Apelyasiya Məhkəməsində yaxın vaxtlarda keçiriləcək məhkəməsinin qərarı ilə azadlığa buraxılacaq. 

İ.Məmmədov və T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 və 5 il müddətinə azadlıqdan məhrum ediliblər. (yeni müsavat)

 

 






Fikirlər