“Wikiliks” sirləri açdı – MÜHARİBƏ PLANI
“Wikiliks” ABŞ-ın keçmiş dövlət katibi Hillari Kilintonun dövlət işlərində istifadə etdiyi şəxsi elektron poçtundakı sənədləri paylaşıb. Publika.az xəbər verir ki, sənədlər arasında Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla keçmiş Baş qərargah rəisi Necdet Özelin 2012-ci ildə “Suriyaya müdaxilə” planı haqda müzakirələri diqqət çəkib. Kilintonun “qara qutusu”na ona gələn mesaj belə adlanır: “Ərdoğan, Özel&Suriya, Livan/Suriya”. Mətndə deyilir ki, N.Özel həmin dövrdə Baş nazir olan Ərdoğana Suriyaya müdaxilə etməyin vacibliyini deyir. Lakin Ərdoğan “NATO qəbul etməz”, - deyə müharibədən çəkinir. Həmin dövrdə müdafiə naziri olan İsmet Yılmazın da iştirak etdiyi müzakirələr 22 avqust 2012-ci il tarixində Türkiyəyə aid F-4 hərbi təyyarəsinin Suriya tərəfindən vurulmasından 6 gün sonra aparılıb. Müzakirələrdə Özel Ərdoğana 600 minlik ordunun müharibəyə tam hazır olduğunu və minimum zərərlə Suriyaya lazım olan cavabı verə biləcəklərini deyir. Lakin həmin dövrün Baş naziri Suriyaya müdaxilənin Rusiya ilə münasibətlərin pozulmasına gətirib çıxaracağı fikrini irəli sürür. Müzakirələr Ərdoğan, Özel və Yılmaz arasında gizli qalması üçün hər üç şəxs razılığa gəlir.