Heydər Əliyevin fərq qoyduğu general - Usubovun ad günüdür

Bu gün Daxili İşlər naziri Ramil Usubovun ad günüdür. 
 AzerTaym.az xəbər verir ki, nazirin 68 yaşı tamam olur.

 

Generalın keçdiyi həyat yolunu təqdim edirik:
Ramil İdris oğlu Usubov 22 dekabr 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1973- cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbini, 1980-cı ildə isə SSRİ DİN-in Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.
Ramil Usubov 1970- ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli-Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib.
1987-ci ildə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib, 1989-cu ilədək həmin vəzifədə işləyib.




1989-1991-ci illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, 1991-1992-ci illərdə Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-1993-cü illərdə Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin 11 avqust 1993-cü il tarixli fərmanı ilə 2-ci dəfə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin olunub.
Mərhum dövlət başçısı Heydər Əliyevlə Naxçıvanda birgə işləmiş Ramil Usubov, Heydər Əliyev Azərbaycan prezidenti seçiləndən az sonra Bakıya daha yüksək vəzifəyə gətirilir. Belə ki, Heydər Əliyevin 29 aprel 1994-cü il tarixli fərmanı ilə Ramil Usubov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilir. Az sonra nazirin rütbəsi də artırılır - prezidentin 3 may 1994-cü il tarixli fərmanı ilə ona general-mayor, 26 dekabr 1995-ci il tarixli fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli fərmanı ilə isə general-polkovnik hərbi rütbəsi verilib.
Prezident Heydər Əliyevə ən sadiq nazirlərlərdən biri olan R.Usubov cinayətkarlıqla mübarizənin, ictimai təhlükəsizliyin təmin edilməsindəki xüsusi xidmətlərinə görə 24 dekabr 1998-ci il tarixində “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.




Heydər Əliyevin Ramil Usubova hər zaman böyük etimadı olub. Bir müddət mətbuatda Ramil Usubov işdən çıxarılacaq başlıqlı yazılar gedirdi. Həmin vaxt jurnalistlərə açıqlama verən Heydər Əliyev Usubov haqqında bu sözləri deyir:
“Ramil Usubovdan və DİN-in işindən çox razıyam. Usubovla biz böyük bir yol keçmişik. Neçə-neçə cinayətlərin qarşısını almışıq. Belə xidmət göstərən bir şəxsdən necə narazı qala bilərəm? Mən Usubova etibar edirəm və edəcəyəm. Nə vaxta kimi mən varam, Usubov da var.”
Həmin arxiv videosunu təqdim edirik:



Ramil Usubov 1918-ci ildən bəri Azərbaycanda ən uzun müddət daxili işlər naziri vəzifəsini daşıyan məmurdur. 1918-ci ildə əsası qoyulan bu strukturun başında R.Usubova qədər cəmi iki nəfər 10 ildən çox əyləşib ki, onlardan da heç birinin səlahiyyət müddəti 20 ilə çatmayıb. Stepan Yemelyanov 12 il (01.08.1929 – 05.02.1941), Ağasəlim Atakişiyev isə 10 il (10.07.1943 – 06.06.1953) daxili işlər naziri olub. 
Daxili işlər naziri Ramil Usubovun üç övladı var, iki oğlu və bir qızı. Nazirin oğlu Raul Usubov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq İdarəsinin rəisidir.
Ramil Usubov Azərbaycanın beynəlxalq polis strukturlarına inteqrasiya olunmasında, dünya birliyi dövlətlərinin müvafiq qurumları ilə faydalı qarşılıqlı əlaqələrin təşkil edilməsində transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə çox sayda müxtəlif yüksək mükafatlara layiq görülüb.
Məsələn, 2009 –cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Böyük zabit" ordeni ilə təltif olunub.
Ramil Usubovun böyük oğlu Emil Usubov da DİN-də yüksək vəzifə tutur. O, Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, Təhqiqat İdarəsinin rəisi vəzifələrini daşıyır.

 









Fikirlər