Kreml QAFQAZI yenidən QARIŞDIRIR - SEPERATİZMƏ dəstək

Rusiya Gürcüstan ərazilərinin işğalını rəsmiləşdirmək yönündə daha bir addım atdı - Bakıya da ismarış? Tiflisin reaksiyası gecikmədi: “Bu, fitnəkar hərəkətlər...”

Qərb qonşumuz və strateji tərəfdaşımız Gürcüstanın Rusiya qazından birdəfəlik imtina etməsi barədə xəbər vermişdik. “Yeni Müsavat” xatırladır ki, gürcü iqtisadiyyat nazirinin müavini iki gün öncə yanacağın bu növünə ölkəsinin tələbatını bütünlüklə Azərbaycanın ödəyəcəyini söyləyib.

Sözsüz ki, Tiflisin belə bir qərar verməsində siyasi motiv da var. Çünki iqtisadi, energetik asılılıq (bağlılıq) siyasi asılılıq (bağlılıq) yaradır. Avropanın illərdir Azərbaycan və digər ölkələr hesabına Rusiyanın qaz monopoliyasından qurtulmağa, heç olmasa, bu asılılığı azaltmağa çalışması heç də boşuna deyil.

Moskva və Tiflis arasında isə üstəlik, başqa - qat-qat qəliz, bəlkə də əbədi çəkəcək problem var: Rusiya Gürcüstanın qanuni əraziləri olan Abxaziya və Cənubi Osetiyanı 2008-ci ilin avqustunda rəsmən işğal edib - bu qondarma qurumların müstəqilliyini tanımaq adı ilə. Həmin ildən də iki ölkə arasında diplomatik, iqtisadi münasibətlər kəsilib. O vaxtdan tərəflər arasında təmas yalnız Gürcüstan tərəfdən baş nazirin Rusiya ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin arasında ikitərəfli formatla ara-sıra özünü büruzə verir.

*****

Yeri gəlmişkən, işğalçı Ermənistana işğal altındakı Abxaziyadan quru dəhlizin (köhnə dəmir yolunun) açılması məsələsi də bu formatda müzakirə edilir(di). Bu dəmir yolunun işə düşməsi ilə Ermənistan öz əsas hərbi müttəfiqi Rusiya ilə quru əlaqəsi əldə eləmiş olacaq və xüsusən də Qarabağda hərbi əməliyyatların qızışacağı təqdirdə mühüm önəm daşıyacaq.

kreml ile ilgili görsel sonucu

O üzdən təbii ki, məsələ həm İrəvan, həm də Bakının dıqqətindədir. Lakin yaxşı ki, dəhlizin açılması üçün Moskva imzalanacaq anlaşmaya Abxaziya və Cənubi Osetiyadakı “hökumətlərin” də imza atmasını istəyir. Tiflis isə buna qarşıdır. Çünki o halda bu, separatçı rejimlərin “müstəqilliyini” tanımaq  anlamına gələcək. Nəticə etibarilə danışıqlar yekunlaşa bilmir. Əlbəttə ki, rəsmi Tiflis Azərbaycan və Türkiyə faktorlarını da yəqin ki, ciddiyə alır.

*****

abxazia ile ilgili görsel sonucu

Maraqlıdır ki, Tiflis Rusiya qazından tam imtina edəndən cəmi bir gün sonra - yanvarın 31-də Rusiya parlamenti Gürcüstanın qanuni ərazilərinin işğalını rəsmiləşdirmək yönündə növbəti təxribatçı addım atıb: Federasiya Şurası “Cənubi Osetiya hərbi birləşmələrinin Rusiya ordusu tərkibinə daxil olması qaydaları haqda” ikitərəfli sazişi ratifikasiya edib. Bu da gözlənildiyi kimi, Gürcüstanın hiddətinə səbəb olub.

Belə ki, “Yeni Müsavat”ın apsny.ge gürcü qaynağına istinadən verdiyi məlumata görə, Abaşidze həm bu, həm də bütövlükdə ərazilərin işğalı ilə digər məsələlər barədə dünən Cenevrədə Karasinlə keçirdiyi görüşü zamanı ona suallar ünvanlayıb, lakin cavablar ala bilməyib.

Tbilisi ile ilgili görsel sonucu

“Bildiyiniz kimi, bizim format işğal altındakı ərazilərlə bağlı məsələləri özündə ehtiva eləmir. Ancaq buna baxmayaraq, görüşün əvvəlində mən diqqəti son vaxtlar Abxaziya və Cənubi Osetiyada gedən fitnəkar proseslərə yönəltdim. O cümlədən Tsinxval regionundakı qanunsuz silahlı birləşmələrin Rusiya ordusu tərkibinə daxil edilməsi barədə anlaşmanın Rusiya Duması tərəfindən ratifikasiya edilməsinə yönəltdim. Həmçinin diqqəti Axalqoridə qanunsuz gömrük məntəqəsinin açılmasına çəkdim”, - deyə gürcü diplomat qeyd edib. 

*****

Qeyd edək ki, Rusiyanın Cənubi Osetiyadakı separatçı və qanunsuz hərbi birləşmələrlə bağlı son qərarı bir daha Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyi”nin formal olduğunu, Moskvanın Gürcüstan ərazisinin işğalını davam etdirəcəyinin nümayiş etdirməklə yanaşı, Rusiya ilə Gürcüstan arasında minimal təmas imkanlarına zərbədir. Eyni zamanda bu, Azərbaycana da özünəməxsus bir siqnaldır: o mənada ki, nə qədər ki, Vladimir Putin hakimiyyətdədir, Rusiya nə bölgədən, nə də işğal elədiyi ərazilərdən hərbi mövcudluğunu əskik etməyəcək, əksinə, daha da gücləndirəcək.

Tiflis-Moskva münasibətlərində artan gərginlik isə əslində Azərbaycanın xeyrinə, Ermənistanın ziyanınadır. Çünki bu halda Ermənistana işğal altındakı ərazilərdən Rusiyaya dəhliz açmaq və blokada rejimini yumşaltmaq ümidləri daha da zəifləmiş olur. Yada salaq ki, sözügedən dəhlizin bərpası üçün ötən ilin oktyabrında Ermənistanın baş naziri Karen Karapetyan, dekabrda isə prezident Serj Sərkisyan Tiflisə çoxgünlük səfərlər eləmiş, lakin nəticə əldə edə bilməmişdilər.

ASALA ile ilgili görsel sonucu

Ermənistan nəticəyə nail olmaq üçün hətta Gürcüstanı özünə xas, ənənəvi üsullarla təhdid eləməkdən belə çəkinmir. Ermənilərin kompakt yaşadığı Cavaxetiya bölgəsində gürcü dövləti əleyhinə son vaxtlar artan təxribatçı hərəkətlər, burada hətta terrorçu ASALA-nın yerli özəyinin yaradılması haqda gələn xəbərlər, habelə gürcü kilsəsini erməniləşdirmək yönündə cəhdlər və bu qəbildən digər hərəkətlər qənaətimizə şübhə yeri qoymur.

Yaranmış vəziyyət sövq-təbii Tiflisə bir daha dost-düşmənin ünvanını göstərir, onun Azərbaycan və Türkiyəyə ehtiyacını artırır. Hər necə olmasa, söhbət ən əvvəl Gürcüstanın milli təhlükəsizliyindən gedir...  (“Yeni Müsavat”, siyasət şöbəsi)

 






Fikirlər