Keçmiş müdafiə naziri Rəhim Qazıyev BŞBPİ-də SAXLANILIR

Bazar ertəsi sabiq müdafiə naziri Rəhim Qazıyev saxlanılıb.

Onun vəkili Zibeydə Sadıqova BBC Azərbaycancaya deyib ki, Daxili İşlər Nazirliyindən ona Rəhim Qazıyevin dünən axşam saatlarından bəri Bakı Şəhər Baş Polis idarəsində saxlandığını bildiriblər.

"Saat 3-də bizə açıqlama veriləcəyi deyilib. İttihamları hələ bilmirik".

Rəhim Qazıyevin qardaşı Rahat Qazıyev BBC Azərbaycancaya onun saxlanma xəbərini tanımadıqları şəxsdən aldığını deyib.

"Həmin şəxs özünü təqdim etmədi, eləcə dedi ki, Rəhim Qaziyev Bakıda 17-ci polis bölməsindədir. Heç bir narahatçılığı yoxdur, səhərə kimi orada saxlanacaq. Bizə dedilər ki, sabah polis məntəqəsinə gəlin".

Rahat Qazıyev əlavə edir ki, səhər saatlarından Nərimanov rayon 17-ci polis bölməsinə getsələr də, Rəhim Qaziyevin orda olub-olmaması barəsində rəsmi məlumat ala bilməyiblər.

Hüquq müdafiəçisi Əvəz Zeynallı BBC Azərbaycancaya bidirib ki, hələlik Rəhim Qazıyevin saxlanma səbəblərini bilmirlər, amma o ehtimal edir ki, sabiq nazirin internet televiziyalarında dərc olunan son müsahibələri buna səbəb ola bilər.

Daxili İşlər Nazirliyi BBC Azərbaycancaya məlumatı nə təkzib, nə təsdiq edib.

Rəhim Qazıyev 1992-1993-cü illərdə Azərbaycanın müdafiə naziri olub. O, 1993-cü ildə vətənə xəyanətdə ittiham edilib, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb (BBC).






Fikirlər