QARABAĞ KOMİTƏSİ mitinq üçün BŞİH-ə MÜRACİƏT ÜNVANLADI

Qarabağ Komitəsinin dekabrın 5-də iclası keçirilib. İclasda qurumun “Qarabağa azadlıq” şüarı 15 dekabra təyin etdiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb.

Komitənin 24 noyabra təyin etdiyi mitinqə icazə verməyən  BŞİH-in budəfəki müraciətə hansı cavabı verəcəyi suallar doğurub. Mitinqə icazə verilməsə, komitə hansı addımları atacaq?

Qarabağ Komitəsinin təsisçilərindən olan AĞ Partiya başqanı Tural Abbaslı dedi ki, mitinq əslində keçən həftədəki iclasda təyin olunmuşdu: “Sadəcə olaraq, rəsmi müraciətin indi edilməsi qərara alınmışdı. Burada bəzi taktiki nüanslar nəzərə alınmışdı. Ümid edirəm ki, hakimiyyət mitinqə imtina qərarı verməz. Çünki Qarabağ məsələsi çox ciddi məsələdir və biz düşünürük ki, Qarabağ Komitəsinin hazırkı fəaliyyəti Qarabağın azadlığı üçün önəmlidir. Digər tərəfdən, bu günə qədər ”Məhsul" stadionunda mitinqlə bağlı bütün müraciətlərə, hətta “istefa” tələbi ilə keçirilən mitinqlərə razılıq verən hakimiyyətin “Qarabağa azadlıq!” şüarı ilə keçiriləcək mitinqlərə maneəçilik törətməsi anlaşılan deyil. Kütləviliklə bağlı, düşünürəm ki, bunu təmin edə biləcəyik. Düşünürəm ki, mövzunun ağırlığı və aktuallığı bu mitinqlərə insanların kütləvi şəkildə qoşulmasını təmin edəcək. Həmçinin mitinqə qədər də komitəyə daxil olan partiyalar, təşkilatlar, qazilər və ictimai-siyasi xadimlər də mitinqin təbliğatını aparacaqlar. Əminəm ki, hakimiyyət bizə maneə törətməsə, kifayət qədər möhtəşəm və izdihamlı mitinq baş tutacaq. Mitinqə razılıq verilməyəcəyi təqdirdə atılacaq addımlarla bağlı ümumi fikir mübadiləsi aparılıb. Ancaq hələlik bu barədə konkret qərar qəbul olunmayıb. Çox böyük ehtimal ki, BŞİH-in bizə rəsmi cavabından sonra bununla bağlı xüsusi toplantı keçiriləcək və lazımi qərarlar veriləcək. Ancaq ilkin olaraq onu da deyə bilərəm ki, əgər razılıq verilməsə mitinqin razılaşdırılmamış da olsa, istənilən halda keçirilməsinin tərəfdarları da az deyil. Ümid edirəm ki, hakimiyyət razılıq verər və Qarabağ məsələsi kimi ümummilli bir məsələdə süni gərginlik yaranmaz. Bizim bu məsələni siyasi rəqabət mövzusuna çevirmək fikrimiz olmadığı üçün bunu istəməzdik. Hakimiyyət də üzərinə düşən məsuliyyəti anlamalı və bu mitinqin keçirilməsinə mane olmamalıdır".






Fikirlər