"Nazirlər Kabineti istədiyi abidəni tarixi abidələr siyahısından çıxara bilməz" — FƏRHAD Mehdiyev

"Nazirlər Kabineti istədiyi abidəni tarixi abidələr siyahısından çıxara bilməz" — Fərhad Mehdiyev

Bakı şəhərinin mərkəzi hesab olunan "Sovetskiy" adlanan ərazidə gedən söküntülərdə 1866-ci ildə tikilmiş binaların da olması məyusedici haldır.

Bu, ölkə ziyalılarını, tarixsevərləri və xalqımızı sarsmışdır. Həmin tikililər, XIX əsr barokko memarlıq tərzinin nümünəsi kimi, ölkəmizin mədəni irsinin gözəlliyi hesab olunurdu.

Azərbaycan Respublikası 26 noyabr 2009-cu il tarixində "Avropanın memarlıq irsinin qorunması haqqında" 1985-ci il oktyabrın 3-də Qranada şəhərində imzalanmış konvesiyaya qoşulub. Buna görə, Nazirlər Kabinetinin istədiyi abidəni tarixi abidələr siyahısından çıxarması mümkün deyil. Çünki bu məsələdə hökumətin bu abidələri qoruma vəzifəsi vardır. Azərbaycan Avropa Şurasının üzvüdür və mədəni irsin qorunması kimi bir öhdəliyi üzərinə götürüb. Buna görə də, hər abidə rahat şəkildə sökülüb NK siyahısından silinə bilməz.

Şəhərdə abadlıq, yenidənqurma işlərinin görülməsi normal bir haldır, hətta bunu hər kəs dəstəkləməlidir. Lakin şəhəri abadlaşdırarkən mütləq şəkildə diqqətli olmaq lazımdır. Siyahıya alınmış abidələrimizə zərərin vurulmaması daha arzuolunandır. Tarixi və mədəni əhəmiyyət kəsb edən binaların, memarlıq abidələrinin sökülməsi həm tariximizə, həm də vətəndaşlarımıza qarşı edilən haqsızlıq və hörmətsizlikdir.

Burada mətbuatın da üzərinə böyük məsuliyyət düşür. Bir əsrdən artıq yaşı olan tarixi binalarımız sökülür, ancaq mediamız bunu daha qabarıq şəkildə işıqlandırmaqdansa, 18 və 32 yaşlı insanların evlilik qərarlarını uzun-uzadı müzakirə edir, gündəmi çaşdırırlar. Başa düşürəm, sosial xəbərləri paylaşmaq olar, ancaq nəzərə almaq lazımdır ki, bu sadəcə məişət məsləsidir.

Ancaq tarixi abidələrimiz sökülürsə burada media da öz gücünü göstərməlidir, "mənə nə" deyib kənara çəkilməməlidir. Söküləcək abidələr arasında bir çoxu orijinal barokko dizaynı ilə tikilmiş binalardır. Bunlar unikaldır, şəhərimizə xüsusi gözəllik verirlər, əcnəbi turistlər bu abidələrə dəyər verirlər. Məlum məsələdir ki, turistlər yeni və dəbdəbəli binaları deyil, köhnə, yaşı əsrlərlə ölçülən tarixi binaları görməyə gəlir. Çünki, tarixi binaların memari estetikası həm daha gözəldir, həm də onların sivilizasiyasının inkişaf periodlarının şahidi kimi çıxış edirlər. Məhz buna görə Venesiya, dünyanın ən çox turist qəbul edən şəhərlərindən biridir. Heç kim orda köhnə binaların sökülməsini, dar, daş döşəmə küçələrin genişləndirilməsi haqqında düşünmür. Bir çox azərbaycanlı da məhz tarixi abidələri görmək üçün xarici ölkələrə üz tutur. Halbuki belə abidələr ölkəmizdə kifayət qədərdir, sadəcə biraz təmir, abadlıq işləri tələb edir. Bununla yanaşı, 100 illik bu tarixi əsərlər xalqımızın müəyyən bir kökü olduğunu, dünya millətləri arasında bir yeri olduğunun sübutudur.

Xatırladaq ki, Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edib. Dəyişikliklərə əsasən, Bakının Yasamal rayonundakı ("Sovetski" adlandırılan məhəllə) bəzi yaşayış və qeyri-yaşayış obyektləri "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxarılıb.






Fikirlər