“Sabiq nazirin məhkəməsi AÇIQ keçirilməlidir”

 “Sabiq nazirin məhkəməsi açıq keçirilməlidir”

Müzəffər Baxış: “Vəli Əsgərovu ona görə qapalı məhkəmədə mühakimə edirlər ki...”

 

Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri, general-leytenant Vəli Əsgərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.  İclasda proses zamanı ailə, dövlət, kommersiya, şəxsi sirrlərə aid məlumatların ola biləcəyi əsas gətirilməklə prosesin qapalı keçirilməsi haqda qərar qəbul edilib. 
 
Bu qərarın qəbulu ictimiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə V.Əsgərovun işi üzrə prosesin qapalı keçirilməsinin Naxçıvanda V.Əsgərovun əli ilə törədilən qanunsuzluqların ictimailəşməsinin önlənməsinə xidmət etdiyi haqda müzakirələr gedir. V.Əsgərovun işi üzrə prosesin qapalı keçirilməsi hazırda “MTN işi” üzrə həbsdə olan generalların və digərilərinin prosesinin də qapalı keçirılməsinə hazırlıq kimi qiymətləndirilir. MTN çetesinin ictimiyyətin gözləri qarşısında mühakiməsindən yayınma cəhdi kimi dəyərləndirilir. 
 
Naxçıvan məhkəməsinin V.Əsgərovun işi üzrə qəbul etdiyi qərar doğru, qanunidirmi? Həbsdə olan MTN çetesi üzvlərinin də qapalı şəraitdə mühakimə edilməsi hansı məqsədlərə xidmət edə bilər?
“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas Müzəffər Baxış deyir ki, ailə sirri, dövlət sirri, kommersiya sirri, şəxsi sirr olduğu halda məhkəmənin hazırlıq iclasında qapalı və ya açıq keçirilməsi məsələsinə baxılır, müvafiq qərar qəbul olunur. M.Baxış deyir ki, Vəli Əsgərovun işində belə sirrlər ola bilər. Amma bu o demək deyil ki, məhkəmənin bütün prosesi qapalı keçirilməsi haqda qərar qəbul etməsi doğrudur: “Hazırlıq iclasında prosesin həmin sirrlərin müzakirələr zamanı ortaya çıxacağı ehtimalı olan hissələrdə qapalı keçirilməsinə qərar verilməliydi”.
 
Tanınmış hüquqşünas prosesin qapalı keçirilməsinin məhkəmədə üzə çıxacaq qanunsuz əmrlərin verilməsi və digər məsələlərin ictimailəşməsinin qarşısının alınmasına xidmət etməsi qənaətində olduğunu söyləyib: “İstənilən halda iş üzrə çıxarılan hökm açıq elan olunmalıdır. Milli Təhlükəsizlik və Naxçıvan Milli Təhlükəsizlik Nazirlliklərinin hazırda həbsdə olan quldur əməkdaşlarının açıq-aşkar, ictimiyyətə bəlli olan çoxsaylı cinayətləri haqda məlumatlar var. Sahibkarların MTN-ə aparılması, döyülməsi, işgəncə verilməsi, külli miqdarda pullarının əlindən alınması, müxalifət nümayəındələrinə qarşı zorakılıqlara yol verilməsi haqda mətbuatda qalaq-qalaq yazılar dərc ounub. Bu səbəbdən də ictimaiyyətə bəlli olan, dövlət, kommersiya, ailə, şəxsi sirlər kateqoriyasına aid olmayan hissələrdə normal dövlətlərdə prosesin açıq keçirilməsi haqda qərar verilərdi. Çox təəssüf ki, Azərbaycanda hakimlərin qəbul etdikləri qərarlar əsaslandırılmır. 
Normal dövlətlərdə isə bu qəbulolunmazdır. Sivil ölkələrdə belə qanunsuz hərəkətlərə yol vermiş şəxsləri ictimaiyyət üçün açıq keçirilən məhkəmələrdə mühakimə edirlər. Bunu ona görə edirlər ki, gələcəkdə akifçovdarovların, vəliəsgərovların və onlar kimi qanunsuzluqlara yol vermiş vəzifə daşıyıcılarının tutduqları vəzifələrə təyin ediləcək şəxslər nəticə çıxarsınlar. Onların etdikləri qanunsuzluqları təkrar etməsinlər. Yəni məhkəmənin maarifləndirici, xəbərdaredici funksiyası da var. Prosesin qapalı keçirilməsi bu funksiyaların ictimiyyətə verə biləcəyi tərbiyəvi mesajlarının qarşısının alınmasıdır. Əfsuslar ki, ölkəmiz qanunlarla deyil, göstərişlərlə idarə olunur. Məhkəmənin qapalı keçirilməsi göstərişini verənlərin zehnləri də o qədər geri qalıb ki, istəmirlər ki, Azərbaycan  cəmiyyəti maariflənsin. 
Bu adamlara sərf edir ki, insanlar küt olsunlar. Onlara verilən sifarişləri yerinə yetirsinlər. "MTN işi" üzrə proses hissəvi qapalı keçirilməli, ümumilikdə isə açıq olmalıdır. Əgər bu şəxslərin törətdiyi cinayətlər, etdikləri quldurluqlar ictimiyyətdən gizlin saxlanacaqsa, gələcəkdə yeni akiflərin, eldarların, ilqarların və onlar kimi quldurların ortaya çıxmayacağına təminat yoxdur. Məhkəmə proseslərinin qapalı keçirilməsi sifariş edənlər bunu nəzərə almalıdırlar. Ən azından özlərinin bir daha belə şəxslərin qanunsuzluqları ilə üz-üzə qalmaması üçün bunu etməlidirlər, məhkəmələrin açıq keçirilməsinə mane olmamalıdırlar".

 






Fikirlər