Korrupsioner yaşlılar getməlidir, yerlərinə.... - Tamilla Qulaminin yazısı

Korrupsioner yaşlılar getməlidir, yerlərinə.... - Tamilla Qulaminin yazısı

 

 

Bildiyimiz kimi, Azərbaycan Respublikası keçid dövrünə keçdikdən sonra pedaqoji-psixoloji problemlər daha da artıb, insanların düşüncə tərzində, dünyagörüşündə dəyişiklik, təfəkküründə bu dövrün tələblərinə cavab verən yeni fikirlər formalaşıb. Belə keçid isə insan psixikasında mürəkkəb amillərin təsirindən yeniləşməyə doğru yol alır. 
Cəmiyyətdə baş verən dəyişikliklər xüsusilə də təhsil sisteminin inkişafında böyük rol oynayır. İnkişafın müsbət təsiri ilə yanaşı bir çox çətinliklərlə üzləşmək bu vəziyyətdə qaçılmazdır. Çünki insan daim axtarışda olmağına baxmayaraq, yeniliyə can atmaqla yanaşı bəzən razı olmasa da yaşadığı, qurduğu mühitdən digərinə keçdikdə müəyyən zorluqlarla qarşı-qarşıya qalması təbii haldır. Həm də Azərbaycan vətəndaşlarının necə bir keyfiyyət daşıyıcısı olması dəqiqləşdirilməlidir. Dövlətimizin, xalqımızın tarixən, milli adət-ənənə, mentalitet, düşünmə tərzi baxımından şərqə bağlı olduğundan qərb dövlətlərinə uyğunlaşmasının qısa müddətdə həyata keçirilməsi təbii ki, məntiqə uyğun olmazdı. Elmi fəaliyyət sahəsində müasir dövrün tələblərindən irəli gələn islahatların həyata keçirilməsi müxtəlif istiqamətləri özündə birləşdirən kompleks tədbirlər planıdır. Burada struktur dəyişikliyindən tutmuş normativ-hüquqi bazanın yaradılmasınadək müxtəlif tədbirlər nəzərdə tutulur. Elm sahəsindəki ciddi dəyişikliklər elmin idarəedilməsi, yaradıcılığın stimullaşdırılması və alimlərin sosial ehtiyaclarının tam ödənilməsi kimi kompleks xarakterli məsələlərin həllinə bağlıdır. 
Vacib məsələlərdən biri də dünyada baş verən ictimai-siyasi proseslərə, qloballaşmaya, inteqrasiyaya hansı vasitəylə, hansı yolla daxil olmaqdan ibarətdir. Nə qloballaşmadan kənar qalmaq, nə də qeydsiz-şərtsiz bu yola baş vurmaq lazımdır. Ən azından kortəbii olaraq bilmədiyimiz bir işin arxasınca gedərsək, əlimizdə olduğumuzu da itirmək riskini də gözə almaq zorundayıq. Bu halda milli-mənəvi dəyərləri itirilmə təhlükəsiylə üz-üzə qoymamaq üçün getdiyimiz yolu dəqiq aşılamalı, lazımi biliklərə yiyələnməli, yeni yanaşma metodları araşdırılmalıdır. Ənənəvi olaraq bu araşdırma birtərəfli olarsa, subyektin obyektə münasibəti üzərində qurularsa ictimai quruluşun öz tələblərinə uyğun şəxsiyyətlər, yeni təhsil sistemi formalaşdırmaq çətin olacaq. Çünki bu vəziyyətlə qarşılaşmamaq üçün başlıca üstünlük dialoqa verilməlidir. 
XX əsrin birinci yarısında Şimali Azərbaycanın sovet Rusiyası tərəfindən işğalı nəticəsində milli elmi fikir öz inkişafının növbəti mərhələsini sovet elmi düşüncəsi kontekstində davam etdirdiyinə görə bu mentalitet monoloq xarakteri daşıyaraq öz tələblərinə cavab verən şəxsiyyətlər formalaşdırırdı. 
Düzdür, 50-80-ci illərdə bir çox istiqamətlərdə xeyli nailiyyətlərin əldə edilməsinə baxmayaraq, 90-cı illərin əvvəllərində ictimai həyatdakı hadisələr elmdə də ciddi böhranın yaranmasına səbəb olmuş, respublikadan xaricə beyin axını güclənmiş, mövcud elmi-təşkilati strukturlar iflic vəziyyətinə düşmüşdü. Bunun da səbəblərindən biri Azərbaycanın elmi potensialının üzləşdiyi sosial-iqtisadi problemlərin hələ də kifayət qədər həllini tapmaması, aparıcı elmi məktəblərin inkişafı üçün məqsədli tədbirlərin gec həyata keçirilməsi, elmdə qocalma tendensiyalarının güclənməsi, gənc alimlərə lazımi diqqət ayrılmamasıdır. 
Azərbaycanda elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək üçün iqtisadiyyatın, milli mənafeyin gücləndirilməsi müasir dövrün tələblərindən biri sayılır. Sovet mentalitetinin, ideologiyasının monoloq xarakter daşıması indiki zaman üçün Avropa təhsil sisteminə inteqrasiya etməkdə keçərli deyil. Çünki müasir dövrün tələbləri tamam başqadır, daha çevik təfəkkürə malik, rəqabətə açıq gözlə, risk edərək getməyi bacaran şəxsiyyətlər tələb edir. 
Tək ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda da mübarizə aparılmalı və itirməmək üçün soyuqqanlılıq nümayiş etdirilməlidir. Müasir tələblərə cavab vermək təkcə tələbənin səyi olmamalı, yaşlı kadrlar da yeni təhsil siyasətinin mahiyyətini dərk etməli, yeni pedaqoji təfəkkürün daşıyıcısı olmalıdırlar. Yalnız bunun nəticəsində gənc kadrların hazırlanmasında istədikləri keyfiyyətləri görə bilərlər. 
İlk növbədə elm adamlarımızın üzləşdiyi sosial gərginlik problemi həll edilməli, bu məsələyə sosial-iqtisadi bir problem kimi yox, əxlaq problemi, ölkənin milli maraqlarının qorunması kimi baxılmalıdır. 
Beləliklə, Azərbaycanın müasir təhsil sistemi müasir standartlara da cavab verməli, Avropa təhsil sisteminə inteqrasiya olunmalıdır. Yuxarıda qeyd etdiyim kimi bu prosesi həyata keçirərkən öz milli zənginliyimizi qorumalı, özümüzə məxsus simamızı itirməməliyik.
Biz gənclər inanırıq ki, respublikamızın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında daha da yaxından iştirak edərkən, özümüzün daxili intellektual səfərbərliyimiz sayəsində yeni dövrün tələbləri baxımından ölkənin faydalı vətəndaşına çevrilirik. Bu cəhətdən davamlı olaraq bizlərə dəstək olsa, savadlı, potensiallı gənclər layiqincə qiymətləndirilsə, ölkədəki təhsil sistemindəki əksiklik və fəsadlar aradan qaldırıla bilmə gücünə malik olar. Bütün bunları nəzərə alaraq gənclərimizin Azərbaycanın idarə edilməsində iştirakı maksimum təmin edilməli, nəinki təhsil sistemində, bütün sahələrdə, eləcə də onların siyasi seçimlər edə bilməsi və siyasi institutlarda iştirakına şərait yaradılmalıdır. Hüquqi dövlət quruculuğu prosesində nə qədər çox fəal vətəndaşlarımız, əsasən də gənclərimiz iştirak etsə, uğurlarımız o qədər çox olar.
Azərbaycan iqtidarı görəsən nəyə ümidlidir ki, bu qədər arxayındı, rahatdı?! Niyə bütün sahələr üzrə mütəxəssisləri – kənd təsərrüfatı fermerləri, biznes fəaliyyəti olan şəxsləri, sahibkarları, bankirləri, istehsalçı-istehlakçıları, xidmət sektorunda fəaliyyət göstərənləri bir araya yığıb həll olunması yönündə bir iş görmür, ümumi iclas etmir? Ölkədə baş verən proseslərin hər sahədə hansı zərər etməsini və bu zərərin müqabilində ölkəyə hansı zərbənin dəyməsi araşdırılmır? Nə qədər işçi ixtisar edilib, əməkhaqları nə qədər azaldılıb, ayaqda qala biləcəklərmi, bir çox sahənin sıradan çıxmaması, məhv olmaması üçün dövlət hansı dəstəyini təklif edə bilər?! Hökümət təcili surətdə bütün sahələrdə olan bu insanları bir araya gətirməli, danışıqlar aparmalı, vəziyyətin nə qədər kritik olduğunun fərqinə varmalı, yuxarıda qeyd etdiyim bütün strukturlar üzrə şəxslərin, siyasi qurumların, partiyaların, qeyri hökümət təşkilatlarının iştirakı ilə nəzarət mexanizmasını formalaşdırmalı, vəziyyətdən çıxış yollarını araşdırmalıdır. Oliqarxlar, illərdir oturub, heç bir iş görməyən, korrupsiyaya bulaşmış yaşlı məmurlar hamısı idarəetmədən uzaqlaşdırmalı, yerinə daha perspektivli, potensiallı, savadlı kadrlar cəlb olunmalıdır. 






Fikirlər