Deputatların etirazlarına rəğmən hökumət bildiyini etdi

 

Parlament komitələrində 2017-ci ilin büdcə müzakirələri yekunlaşdı; gələn il idmana daha çox vəsait ayrılacaq 

Dekabrın 2-də Azərbaycan Respublikasının 2017-ci il üzrə büdcə zərfinin Milli Məclis komitələrinin birgə iclasında müzakirəsi davam etdirildi.
MM-in sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova 2017-ci ilin büdcə layihəsindən bəhs edərkən dedi ki, müvafiq qurumlar öz işlərinin öhdəsindən layiqincə gəliblər, mövcud durumu doğru-düzgün dəyərləndiriblər: “Ən vacibi odur ki, bizi qarşıda gözləyən bəzi risklər barədə məlumatlandırıblar və proqnozlar veriblər. Bu mənada biz havadan götürülmüş iddiaları, istək və arzuları səsləndirən bir qrup insanın fikirlərini səsləndirməkdən uzaq olmalıyıq və reallığı nəzərə almalıyıq”.
Maliyyə naziri Samir Şərifov bildirdi ki,  2017-ci il üçün Naxçıvan MR-nın büdcəsinin gəlir və xərcləri bərabər olaraq 348,4 mln. manat proqnozlaşdırılır. Nazirin sözlərinə görə, xərclərin 19,9 faizi və ya 69,5 mln. manatı Muxtar Respublikanın öz gəlirləri, 80,1 faizi və ya 278,9 mln. manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşdırılacaq. Maliyyə naziri bildirib ki, dövlət büdcəsinin xərcləri təqribən 8 faiz azaldığı halda, blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərclərində azalma yalnlız 0,8 faiz təşkil edəcək, bu isə sosial sahələrə təsir etməyəcək.
“2017-ci ildə dövlət büdcəsindən bədən tərbiyəsi və idman sahəsinə ümumilikdə 34 milyon manat ayrılacaq”-deyə, nazir bildirdi: “Gələn il gənclər və idman siyasəti sahəsinə ayrılacaq vəsait ötən ildəkindən çoxdur. Gələn il idman komplekslərinin saxlanılmasına 6,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur”.
Nazir qeyd etdi ki, 2017-ci ildə gənclər siyasəti sahəsində ən az pul vəsaiti ayrılacaq qurum Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu olacaq: “Belə ki, Gənclər Fonduna gələn il üçün cəmi 1 milyon manat ayrılacaq”.
MM-dəki büdcə müzakirələrində çıxış edən Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə 33 şəhər və rayonun dotasiyadan məhrum edilməsindən bəhs etdi. Zahirən bu rəqəmlərin ürəkaçan olduğunu deyən komitə sədri yerlərdə vəziyyəti ciddi dəyərləndirmədən belə qərar verilməsini düzgün saymadı: “Bu, tamamilə düzgün hal deyil və strateji xəttimizə zidd məsələdir. Necə yəni, yerlərdə işləyənlərin ağlı çatmır, yoxsa səhlənkarlq edirlər. Əgər belədirsə, onları çıxartmaq, yenilərini qoymaq lazımdır. Neftçala rayonunun gəlirləri artmayıb, ancaq büdcəyə 4 milyon əlavə vəsait ödəməlidir. Nəyin hesabına? Elə edək ki, orada müəssisələr tikilsin, əlavə vəsait əldə olunsun. Bunlar edilmədiyi halda, əlavə vəsait tələb ediriksə, özümüz-özümüzü aldadırıq”. A.Rəhimzadə daha sonra əlavə etdi: “Mədəniyyətə 8 milyon dotasiya ayrıldığı halda, Azərbaycanın bütün əhalisini əhatə edən yerli özünüidarə orqanlarına 5,2 milyon vəsait verilir. Bu, çox azdır. 2014-cü ildə dotasiya ilə birgə subvensiyaların da verilməsi qərara alındı. 2015-ci ildə verildi, bu il yenə də büdcədən çıxarıldı. Başa düşürəm, vəziyyət çətindir, amma heç olmasa, kənd bələdiyyələrinə kiçik yardımlar edək. Bu il 70-ə yaxın kənd bələdiyyəsi tərəfindən layihələr təqdim olunub, biri də qəbul olunmayıb. Nəyə görə? Heç olmasa, büdcədə yazın subvensiya, qarşısına da ”0" yazın. Bu da yazılmayıb. Mən xahiş edirəm, bu məsələlərə diqqət yetirin".
Gənclər və idman komitəsinin sədri Fuad Muradov 33 rayonun dotasiyadan məhrum edilməsinə toxundu: “Mən bilmək istəyirəm ki, bizim cəbhə bölgəsində olan rayonlarlımızda vəziyyət necədir? Çünki hər zaman mənfur ermənilər tərəfindən təzyiqlər var. Bizim müdafiə sahəsinə ayrılan xərclər də azalmayıb və təbii ki, azala da bilməz”. F.Muradov gənclərə və idman sahəsinə ayrılan vəsaitlə bağlı danışarkən deyib ki, “gənclərə qoyulan sərmayə digər sahələrə nisbətən daha çox vacibdir”. Komitə sədri qiymət artımından da bəhs etdi: “Əgər həmin qurumlar yeni bir iş üsuluna keçəcəklərsə, qiymət artımı məqbuldur. Mütləq şəkildə islahatlara getməlidirlər. Bu şirkətlərdə islahatlara gedilməsə, onlar özlərinin maliyyə vəziyyətini düzəltməsələr, bu çətinliklər növbəti illərdə də qalacaq”.
Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri  Səməd Seyidov xaricdəki səfirlik və konsulluqların dövlət vəsaitlərinin səmərəli istifadə etməsinin zəruriliyini vurğuladı: “Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin saxlanması ilə əlaqədar maliyyə ötən illə müqayisədə artırılıb. Lakin bu gün daha çox keyfiyyət, səmərəli iş, nəticə özünü göstərməlidir. Cənab prezidentin xarici siyasət sahəsində ortaya qoyduğu iradə, atdığı addımlar həm XİN, həm də səfirliklər üçün konkret nümunə olmalıdır”.
Müzakirələr zamanı çıxış edən deputatlar xalqı narahat edən məsələlərdən bəhs etdilər.
“Reallıqda bir çox faktlar var ki, bu, bizdə narahatlıq doğrurur. Kənd təsərrüfatına lizinq yolu ilə 35 milyon manat ayrılması nəzərdə tutulub. Bununla demək olar ki, heç nə etmək mümkün deyil”-deyə deputat Fəzail Ağamalı bildirdi. Deputat enerjidaşıyıcılarının qiymətinin artmasından da bəhs edib və Tarif Şurasının son qərarına yenidən baxılmasını zəruri saydı: “Tarif Şurasının qəbul etdiyi qərarlarla ölkə prezidentinin həyata keçirdiyi siyasətdə bir uyğunsuzluq var və bu, nəzərə alınmalıdır. Sahibkar ayda 25 min manat qazpulu ödəyirdisə, bundan sonra 50 min manat olacaq. Nəzərə almalıyıq ki, istixanalara güzəşt yoxdur, avadanlıqlar xaricdən alınır. 7 ay ərzində tərəvəz məhsullarının istehsalında ciddi problemlər olacaq. Bu aylarda isə Azərbaycana xaricdən tərəvəz ixracı nəticəsində külli miqdarda valyuta gəlirdi. Heç olmasa, vətəndaşlara ayrılan kvota artırılsın. Məsələn, işığa 250 kilovat/saat əvəzinə, 500 kv, qaz üçün limit 1500-dən 3000 kuba qaldırılsın. Kənd rayonlarının bir çoxunda insanlar ”ceyran peçi" ilə özlərini soyuqdan qoruyurlar, bu da qaz sərfiyyatını artırır. Verilən kvota qətiyyən buna bəs etməyəcək. Bakıda və digər yerlərdə vahid istilik sistemi olmadığına görə bu problem var. Ona görə də Tarif Şurası bu kvotanı artırsa, çox yaxşı olar". 
F.Ağamalı sahibkarlığa dəstək verilməməsinə də etirazını bildirdi: “Əgər sahibkarlığa yardım fonduna vəsait ayrılmayıbsa, banklar da iflic haldadırsa, onda sahibkarlıq necə inkişaf edəcək?”
Deputat Qüdrət Həsənquliyev də narahatlığını gizlətmədi: “Mən builki büdcə müzakirələrinə ürək ağırısı ilə qatılıram. Çünki bizim 25 milyard dollarlıq büdcəmiz bu il faktiki olaraq üç dəfə azalıb”. O xatırlatdı ki, ötən illərdəki büdcə müzakirələrində o və bəzi deputat həmkarları daima Azərbaycan iqtisadiyyatının neftdən asılılığına diqət çəkib, hökuməti tədbirlər görməyə çağırıb: “Amma bizə deyirdilər ki, hər şey əladır, gözəldir. Sevinc xanım (iqtisadi inkişaf nazirinin müavini-E.P.) o vaxt proqnozlar verməli idi ki, neftin qiyməti aşağı düşsə, bizi nə gözləyəcək. 10 milyonluq ölkə üçün 9 milyonluq büdcə çox kiçik rəqəmdir. Baltikyanı ölkələrin hər birində 2-3 milyon əhali var, amma 9 milyard avroluq büdcələrə sahibdirlər. Bu müqayisə çox şey deyir”. 
Q.Həsənquliyev müəllimlərin və həkimlərin əməkhaqqının artırılmasını təklif etdi: “Pensiyaları ən azı iki dəfə artırmaq lazımdır. Ön xətdəki hərbçilərin maaşını da artırmalıyıq”. 
O, həmçinin bildirdi ki, QHT-lərin xaricdən qrant alması sadələşdirilməldir: “Bu, bizim ölkənin imicinə də müsbət təsir edər, həmçinin bu sektorun inkişafına təkan verər”. Deputat bu yaxınlarda Füzulidən olan qaçqın ailəsinin yanaraq məhv olmasına diqqət çəkib: “Mən o xəbərə baxanda ürəyim parçalandı. Qaçqınların və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdılması lazımdır. 2017-ci ildə idman obyektlərinin tikintisinə 330 milyon, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına isə cəmi 90 milyon vəsait ayrılıb. 
Bu ölkə üçün prioritet idman obyektlərinin tikilməsidir, yoxsa qaçqın və məcburi köçkünlərin normal mənzillə təmin ediməsi? Əgər dövlət öhdəsindən gələ bilmirsə, torpaq sahələri ayrılsın və güzəştli şərtlərlə şirkətlərə şərait yaradılsın”. Deputat ardınca “dövlət qurumlarını 30 fazi ixtisar etmək lazımdır ki, məmurlar normal maaş alsınlar” - deyə, əlavə etdi.
Q.Həsənquliyev maliyyə nazirinə müraciət etdi: “Samir müəllim, sizə təşəkkür edirəm, gec də olsa, Beynəlxalq Bankdakı talanın qarşısının alınmasında xidmətiniz olub. Orada builki dövlət büdcəsindən artıq, 10 milyard vəsait talan olunub”. 
Deputat sahibkarlığa dəstək verilməməsinə də etiraz etdi: “Sahibkarlığa Yardım Fonduna vəsait ayırmırıq, banklar kredit vermirlər, manat da üzür. Sahibkar bilməlidir ki, manatın kursu necə olacaq. Əks təqdirdə o, vəsait xərcləməyəcək”. Deputat hökuməti xaricdəki vəsaitləri ölkəyə gətirməyə çağırdı: “Serbiyaya 350 milyon vəsaiti 15 illiyinə 4 faizlə veririk. Amma Azərbaycan Dəmir Yolları kredit axtarır. Mənim məlumatıma görə, həmin vəsaitlər 0,89 faiz gəlir gətirir. Gətirin 4 faizlə yerli banklarda saxlayın və vəsaitlər də ölkənin inkişafına yönəldilsin. Sabah Cavid Qurbanov gedib dəmir yolu üçün kredit götürsə, ən azı 7 faizlə alacaq”. Deputat ardınca iri dövlət şirkətlərini özəlləşdirməyə çağırdı: “Azərsu, Azəriqaz, Azəişıq özəlləşdirilməsə, vəziyyət dəyilməyəcək”.
Deputat Cavanşir Feyziyev bildirdi ki, büdcə layihəsində bir sıra dövlət müəssisələrindən daxilolmaların həcmi 5-6 milyon manat civarında göstərilib ki, bu da yetərincə aşağı göstəricidir: “Elə kiçik firmalar var ki, illik gəliri 5-6 milyon manat civarındadır. Əgər bu dövlət müəssisələri belə az gəlir gətirirsə, onlar mütləq özəlləşməyə çıxarılmalı və daha effektli idarəetməyə nail olunmalıdır. Bununla həm də büdcə gəlirlərinə qənaət etmiş olarıq”. C.Feyziyev əlavə etdi ki, hökumət kəndlinin özü-özünü dolandırmasına şərait yaratmalıdır: “Bunun üçün ilk olaraq kəndli üçün infrastruktur şəraiti yaxşılaşdırmaq lazımdır. Onu elektrik enerji, yanacaq və su ilə təmin etməlidir. Əgər belə olarsa, o zaman kəndlinin ünvanlı sosial yardıma da ehtiyacı qalmayacaq”.
Deputat Tahir Kərimli təklif etdi ki, kənd təsərrüfatını doludan və güclü yağışdan qorumaq üçün doludağıdan qurğular bərpa olunsun. Onun sözlərinə görə, son illərdə yay aylarında güclü dolu və yağışlar kənd təsərrüfatını ciddi ziyan vurur və bu ziyanın həcmi on milyonlarla manatla ölçülür: “Elə mən özüm Qarabağ hadisələri başlayanda və ordumuzun olmadığı dönəmdə 17 belə qurğunu Cəbrayıl rayonuna apardım. Apardım ki, bu qurğular vasitəsi ilə ermənilərin hücumundan müdafiə olunaq. Amma sonradan bu qurğular necə oldu, nə məqsədlə istifadə olundu bilinmədi. Ancaq onlar rayonlarda kənd təsərrüfatına dəyən ziyanın qarşısının alınmasına böyük işlər görürdü. Odur ki, hökumətdən xahiş edirəm bu məsləyə baxsın”.
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova dedi ki, sənədsiz ev sahibi olan vətəndaşların hüquqları təmin edilməlidir: “Bununla bağlı qanun layihəsi qəbul edilməlidir. Bu cür evlərin sayı rəsmi şəkildə 500 mindir. Onun sözlərinə görə, bu problemin həll edilməsi nəticəsində yığılan vergi və dövlət rüsumları hesabına büdcəyə əlavə vəsaitlər gətirə bilər”.
E.Süleymanova son vaxtlar ciddi müzakirə olunan bir problemə də toxundu: “Bundan başqa ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə həlak olan hərbi qulluçuların ailə üzvlərinə və əlil olan şəxslərə sığorta məbləğinin ödənilməsi və həmin ödənişlərin qısa müddətdə müəyyən edilməsi ilə bağlı problemlər var. Onlar da həllini tapsa yaxşı olar”.
Maliyyə naziri Samir Şərifov səslənən fikirlərə münasibət bildirərkən qaz və elektrik enerjisi üçün güzəştli kvotanın artırılması ilə bağlı təklifi mümkün saymadı.
“İmkanlı şəxslər limitdən artıq qaz və elektrik enerjisi istehlakına görə yeni tariflər üzrə ödəniş etməlidir. Əhali arasında imkanlı adamlar da var. Kvota artırılsa, belə çıxır ki, həmin adamlar da aşağı qiymətlərdən də istifadə edəcək”-deyə, nazir bildirdi. 
S.Şərifov özəlləşdirmə ilə bağlı təklifə reaksiyasında mənzil-kommunal sektorunun özəlləşdirilməsinin mümkün olduğunu bildirdi: “Hazırda özəlləşmə proqamı hazırlanmır. Geniş özəlləşməyə hazırlıq görülür. Ziddiyyətli məqamlar da var. Ona görə də bu məsələyə hökumət tərəfindən baxılır”. S.Şərifov əlavə etdi ki, rayonlara ayrılan dotasiyaların bölünməsi məsələsinə baxıla bilər.
Sonda Bahar Muradova dedi ki, büdcədə nəzərdə tutulan vəsaitlər çox olanda işi ona uyğun qurublar: “Az olanda da buna uyğun qurmalıyıq”. Bununla da dövlət büdcəsinin layihəsinin müzakirəsi başa çatdı. Deputatlar gələn ilin dövlət büdcəsi layihəsini Milli Məclisin 6,7 və 8 dekabrda baş tutacaq plenar iclaslarına tövsiyə olunmasına razılıq verdilər.







Fikirlər