14.08.2014- Gözəl yezidlərə yardım göndərəcək

14.08.2014- Gözəl yezidlərə yardım göndərəcəkAzərbaycanın ən iri ərzaq məhsulları istehsalçısı olan “Azərsun” holdinqinin prezidenti Abdolbari Gozal İraqın şimalındakı Sincar dağlarında “İraq və Şam İslam Dövləti” (İŞİD, indi “İslam Dövləti” adlanır) yaraqlılarının mühasirəsində qalan minlərlə yezidi kürdə yardım üçün Britaniya şirkətindən yeni texnoloji avadanlıq alıb

Britaniyanın “Olympus Automation” şirkəti Abdolbari Gozalın sifarişi ilə yezidi kürdlərə ərzaq yardımı üçün yeni texnoloji avadanlıqdan istifadə edəcək.

Məlumata görə, şirkət Böyük Britaniyanın xüsusi təyinatlı qüvvələrinin keçmiş mütəxəssisi Stüart Riqbini Abdolbari Gozalın sifarişi ilə saatda 4000 isti yemək payı hazırlaya bilən “Steam İnfusion” qurğusundan istifadə üzrə təlim keçmək üçün Türkiyəyə göndərib.

Xəbərdə deyilir ki, “Azərsun” prezidenti həmin avadanlığın alınması və yezidi kürdlər üçün ərzaq yardımı ilə bağlı bütün xərcləri üzərinə götürüb.

Qeyd edək ki, “Steam İnfusion” avadanlığı “Olympus Automation” şirkəti tərəfindən istehsal edilir.

“Steam İnfusion” qurğusu “Olympus Automation” şirkətinin icraçı direktoru Harri Norman “FoodProductionDaily” saytına bildirib ki, Abdolbari Gozal iki gün əvvəl ona zəng edib.

“Vaxt doğrudan da məhduddur. “Olympus Automation” şirkəti çevik reaksiya verib və bu sistem rekord səviyyədə qısa müddətə - artıq gələn həftəyə quraşdırılaraq işə düşəcək” - deyə H.Norman bildirib.

H.Norman deyib ki, “Steam İnfusion” texnologiyası eyni vaxtda çoxlu sayda adama isti yemək hazırlamaq üçün adi texnoloji avadanlıqlardan dörd dəfə sürətlidir. “Azərsun” prezidentinin zəngi də məhz buna görə idi.
Xəbər verildiyi kimi, İŞİD yaraqlıları İraqda yezidi kürdlərin yaşadığı Sinjar bölgəsini ələ keçirərək minlərlə yezidi kürdü qətlə yetirib. Sağ qalan 40 minə yaxın yezidi kürdün təxminən yarısı Sincar dağlarından keçərək günlərlə yol gediblər və ac-susuz Suriya ərazisindən keçməklə kürd peşmərgələrinin nəzarətində olan Ərbil bölgəsinə çatıblar.

ABŞ və Britaniya hərbi hava qüvvələrinin təyyarələri yezidlərə havadan ərzaq və su atıb. Buna baxmayaraq minlərlə yezid yollarda aclıqdan və susuzluqdan, habelə sərt qayalardan uçaraq ölüblər.

Hazırda İŞİD yaraqlılarının mühasirəsində olan Sincar dağlarında daha bir neçə min yezid qalır. ABŞ və Britaniya təyyarələri onlara havadan ərzaq və su yardımı çatdırmağa çalışır.

“Azərsun” prezidenti Abdolbari Gozal da milliyyətcə kürddür. Onun əslən İranın kürd bölgələrindən birindən olan Maku vilayətindən olduğu məlumdur.






Fikirlər