02.10.2014 - "Kreditlə ehsan süfrəsi açırlar"

02.10.2014 - "Kreditlə ehsan süfrəsi açırlar"Mübariz Qurbanlı yas mərasimləri ilə bağlı sualları cavablandırıb.

"Bu gün cəmiyyətimizdə yas mərasimlərini mahiyyəti ilə uzlaşmayan tərzdə - təmtəraqla keçirilməsi dəb halını alıb. Qəribəsi də odur ki, israfçılıq və təmtəraq halları həm dəfn mərasimində, həm ehsan süfrəsində, həm də qəbir daşlarının hazırlanmasında müşahidə edilir".

Bu sözləri dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı "Azərbaycan" qəzetinə müsahibəsində deyib. O bildirib ki, ehsan süfrəsində müxtəlif növ xörəklərin, şirniyyatların və bahalı suların verilməsi, hətta ekzotik meyvələrin düzülməsi artıq adiləşib.

"Əlbəttə, bu məsələdə əsasən imkanlı şəxslər öndə gedirlər, lakin bir çox hallarda məcburiyyət qarşısında qalan kasıb ailələr də buna yol verirlər. Borc edərək, hətta kredit götürərək, yaxud qiymətli əşyalarını sataraq ehsan süfrəsi açanlar da az deyil! Elə insanlar var ki, dünyasını dəyişmiş əzizinə ehsan süfrəsi açmaq, başdaşı düzəltdirmək üçün böyük məbləğdə borc alır, sonra aylarla, illərlə onu qaytarmaq məcburiyyətində qalır! Dəfələrlə bunların şahidi olmuşuq. Bunun müxtəlif səbəbləri var. Ən əsası odur ki, belə insanlar dini cəhətdən savadsızdırlar, yəni israfçılıq həm də dini savadsızlıqdan irəli gəlir. Zənn edirlər ki, bu yolla vəfat etmiş doğmalarına dini-mənəvi borclarını qaytarırlar, ya da qohum-qonşusunun qınağından ehtiyatlanırlar".

Komitə sədri qeyd edib ki, doğmasını itirmiş insanlara təskinlik və başsağlığı vermək İslam əxlaqından, mənəvi birlik və qardaşlıq hissinin nişanələrindən hesab edilir: "Buna görə də kiməsə bəla, müsibət üz verərsə, müsəlmanlar onu öz dərdi sayar, kədərini bölüşmək üçün başsağlığı verməyə tələsər. Bu, hər bir müsəlmanın mənəvi borcudur. İslam dini yas ədəb-ərkanı ilə bağlı çox mütərəqqi prinsiplər gətirib, mərhumun ailəsini çətin vəziyyətə salan heç bir tədarük nəzərdə tutmayıb".

Mübariz Qurbanlı bildirib ki, İslama görə vəfat etmiş insan üçün yalnız dəfn mərasimi keçirilir və müəyyən dini ayinlər icra olunaraq son mənzilə yola salınır. Komitə sədri qeyd edib ki, burada vacib olan bir neçə əməl var: qüsl vermək, kəfənləmək, cənazə namazını qılmaq və dəfn etmək. Bundan başqa şəri ehkamlarda mərhuma yas saxlamağın müddəti ilə bağlı məqamlarla günümüzdə tətbiq edilən adətlər arasında da fərqlilik müşahidə olunur. Dinimizdə yas və yaxud təziyə saxlanılmasının müddəti üç gündür. Dini ədəbiyyatda və qaynaqlarda bununla bağlı kifayət qədər ətraflı məlumat var. Məsələn, Həzrət Məhəmməd (s) qadının yas saxlamasını misal göstərməklə buyurmuşdu: "Allaha və Axirət gününə iman edən qadına ölü üçün üç gündən artıq yas tutmaq halal deyil. Ancaq əri üçün dörd ay on gün yas tutması müstəsnadır".

Komitə sədrinin fikrincə, cənazə hələ evdə ikən, kədər və üzüntülü halda nəinki yemək hazırlanmalı, hətta ziyarətçilərə süfrə də açılmamalıdır: "Çünki cənazəni torpağa tapşırmadan süfrə açmaq qəbahət iş sayılır. Dinimiz əslində yaxın qonşuların mərhumun ailəsi üçün tədarük görmələrini, yemək hazırlayıb göndərmələrini buyurur. Bu şəkildə qonşuluq haqqı ödənərək, mərhumun ailəsinin dərdinə şərik çıxmaq məqbul sayılır. İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) hədisində də məhz bu cür göstərilib".






Fikirlər