Western Caspian University və “Bakcell” ƏMƏKDAŞLIQ memorandumu imzalayıb

Western Caspian University (Qərbi Kaspi Universiteti) və “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

 AzerTaym.az xəbər verir ki, bununla bağlı keçirilən mərasimdə bildirilib ki, sənəd tərəflər arasında elm, təhsil, kadr məsələləri, qarşılıqlı maraq kəsb edən digər sahələrdəki əməkdaşlığı nəzərdə tutur və bu əməkdaşlıq nəinki yalnız tərəfdaşlar, ölkə təhsili və iqtisadiyyatı üçün olduqca faydalı olacaq, gənclərin yeni dünyanın çağırışlarına və əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə əhəmiyyətli töhvə verəcəkdir.

Tərəfdaşlıq barədə sənəd birgə layihələrin, əməkdaşlıq edilən sahələr üzrə elmi tədqiqat işlərinin aparılmasında stimullaşdırıcı tədbirlərin qarşılıqlı həyata keçirilməsi, tələbələrin təcrübə keçməsi üçün dəstək verilməsi, universitet məzunlarının ixtisaslarına uyğun işlə təmin edilməsinə dəstək verilməsini nəzərdə tutur.

Eyni zamanda razılaşmaya əsasən universitet tərəfindən qurulmuş Texnoparkın (Yüksək Texnologiyalar Parkının) inkişaf etdirilməsi, bu Texnoparkda müxtəlif istiqamətlər üzrə Startap layihələrinin həyata keçirilməsinə birgə dəstək göstərilməsi planlaşdırılır.

“Bakcell ilə imzaladığımız bu razılaşma gənclərimiz üçün yeni gözəl imkanlar yaratmaqla yanaşı bir çox birgə layihələrin həyata keçirilməsi üçün başlanğıc nöqtəsi olacaqdır. Həmçinin, birgə fəaliyyətimiz çərçivəsində universitet tələbələrinin Bakcell şirkətinin müxtəlif təcrübə və stajkeçmə proqramlarında iştirakı və digər birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, Bakcell-in təcrübəsi universitetimiz tərəfindən qurulmuş Texnoparkın inkişaf etdirilməsinə, bu Texnoparkda müxtəlif istiqamətlər üzrə Startap layihələrinin həyata keçirilməsinə dəstək olacaqdır” - deyə Qərbi Kaspi Universitetinin rektoru  Andris Leitas bildirib.

“Azərbaycanın milli mobil operatoru olaraq, Bakcell şirkəti üzün illərdir ki Azərbaycan gənclərinə təhsil və karyeranın qurulması istiqamətlərində dəstək göstərməkdədir. Bu fəaliyyət çərçivəsində gənclər üçün şirkətdə  təcrübə və iş imkanları yaradılıb. Biz, Qərbi Kaspi Universiteti ilə əməkdaşlığa başlamağımıza çox şadıq vətəbii ki, universitetin  mühüm layihələrinin həyata keçirilməsində öz dəstəyimizi əsirgəməyəcəyik”, deyə Bakcell şirkətinin baş icraçı direktoru  Nikolai Beckers bildirib.






Fikirlər