Əli Həsənov prezidentin layihəsinə müdaxilə edir

Əli Həsənov prezidentin layihəsinə müdaxilə edir«Qaçqınkom»un bəzi vəzifəli şəxsləri məcburi köçkünlərlə dövlət arasında sanki uçurum yaradır.
Gəray Fərhadov, Pənah Əliyev, Elman İsmayılov, Sənan Hüseynov və digərləri vəzifələrinin öhdəsindən layiqincə gələ bilmir


Son saylarda Qaradağ rayonu Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə narazılığın ən yüksək həddə çatması barədə silsilə yazılar dərc olunub. Belə ki, şəhərcikdə məskunlaşmış bir qrup məcburi köçkün məhəllə ərazisində aparılan qeyri-qanuni tikinti işlərindən, daha doğrusu, bəzi vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə edib burda biznes qurmasından narazıdırlar. Doğma yurd-yuvalarından didərgin düşmüş sakinlər əməkdaşlarımıza bildiriblər ki, ərazidə əsas tikinti işlərini Milli Məclisin Cəbrayıl rayonundan olan deputatı Astan Şahverdiyev, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun yaxın adamları, komitənin Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyev, həmçinin komitənin Nigar adlı işçisi həyata keçirir.

Məhəllə sakinləri adıçəkilən şəxslərin özbaşına əməllərinə kəskin etirazını bildirir.Dərc olunan tənqidi yazılar isə deyəsən, komitə rəhbərliyində təmsil olunan bəzi şəxsləri razı salmayıb. Hörmətli Əli Həsənovun diqqətinə çatdırmaq istəyirik ki, bizi şəhərciyə məcburi köçkünlər dəvət edib və burda gördüyümüz bütün qanunsuzluqları olduğu kimi qəzet səhifəsinə çıxarmışıq. Yəni həmin yazılarda nə varsa hamısı həqiqətdir. Biz bunu yazmaya bilməzdik. Çünki qaçqın şəhərciyində hazırda çox böyük problemlər, təhlükəli vəziyyət mövcuddur. Hazırda 10 saylı binanın bir metrliyində çörəkbişirmə sexi tikilir. Deyilənə görə, sexi deputat Astan Şahverdiyev tikdirir. Halbuki, həmin sexin tikintisi tam qanunsuzdur. Birincisi, qaz xəttinin işləyəcəyi obyektlərin tikintisinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən icazə verilməlidir.
Bizdə olan məlumatlara görə, hazırda tikintisi davam etdirilən çörək sexinin bir tək «Qaçqınkom»dan tikinti layihəsi var. Hansı ki, komitənin tikinti layihəsi verməyə heç bir ixtiyarı yoxdur. Kağız parçasından başqa bir şey olmayan həmin «sənəd» obyekt tikintisi üçün qanuni əsas sayıla bilməz. Ona görə ki, Əli Həsənovun rəhbərliyi altında fəaliyyət göstərən komitənin əsas fəaliyyət istiqamətləri tamam başqa sahələri əhatə edir. Bəlkə səhv deyirik, cənab Əli Həsənov? «Qaçqınkom» nə vaxtdan tikinti layihəsi verən çıxıb? İkincisi, sexin və şəhərcikdəki digər obyektlərin yerində bura yenicə istifadəyə veriləndə park, yaşıllıq sahəsi olub. İndi isə parkdan, ağaclardan heç bir əsər-əlamət yoxdur. Əli müəllim, şəhərcik istifadəyə veriləndən sonra burda bir sıra qanunsuz işlərə imza atılıb. Ən əsası isə prezidentin layihəsinə müdaxilə edilib. Bu dəhşətdir, dəhşət. Biz şəhərciyin açılışını diqqətlə izləmişdik. Prezident şəhərcikdə açılış mərasimi keçirəndə ərazidə bir dənə də olsa ticarət obyekti yox idi. Bəs nə oldu bir müddət keçəndən sonra obyektlər yağışdan sonra çıxan göbələklər kimi çoxaldı? Dövlət 127,5 milyon manat ayırıb qaçqın şəhərciyini ona görə tikib ki, erməni işğalı nəticəsində doğma torpaqlarını itirən, min bir zülmə qatlaşan insanlar rahat yaşasın. Təəssüf ki, Əli Həsənovun tabeliyində çalışan bəzi şəxslər, o cümlədən onun müavini, həm də bacısının həyat yoldaşı Gəray Fərhadov, komitənin Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyev, Repatriasiya Departamentinin direktoru Elman İsmayılov və digərləri məcburi köçkünləri incidir və onların qanunla qorunan hüquqlarını pozmaqdan çəkinmirlər. «Qaçqınkom»un bəzi vəzifəli şəxsləri məcburi köçkünlərlə dövlət arasında sanki uçurum yaradır.
Hörmətli Əli Həsənov, dövlət büdcəsi hesabına qaçqın və məcburi köçkün ailələrinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün ayrı-ayrı bölgələrdə inşa olunan evlərin tikintisində və paylanmasında korrupsiya, rüşvətxorluq hallarına yol verilməsi barədə mətbuatda dəfələrlə yazılıb. Bundan sizin də xəbəriniz var. Məsələn, Goranboy rayonunun Veyisli qəsəbəsində 589 ailə üçün nəzərdə tutulmuş evlərin məcburi köçkünlərə satılması barədə məlumat yayılıb. «Qaçkınkom"un verdiyi 47 mənzil orderləri yenidən dəyişdirilərək, digər köçkünlərə pulla satılır. Bundan başqa mənzillər digər rayonların imkanlı şəxslərinə də pul müqabilində verilir. Veyisli qəsəbəsində köçkünlərə ilk dəfə orderlə paylanan evlər yenidən «Qaçqınkom» un Mənzil İstismar Departamentinin rayondakı nümayəndəsi Camal Rzaquluyev tərəfindən başqa şəxslərə satılaraq orderləşdirilir. Köçkün qəsəbəsində Şahüseynov Mürvətə verilən 1 otaqlı 326 ¹-li ev təkrar İsmayılov Fərman Nağı oğluna 3000 manata satılıb. Bundan başqa respublika çempionu olan şəxsə prezident tərəfindən verilən iki otaqlı 375¹-li mənzil Qasımov Tofiq İsa oğluna, 363, 345, 332, 423, 437, 439 ¹-li mənzillərin də digər şəxslərə satıldığı ortaya çıxıb.
Bu işlərdə «Qaçqınkom»un Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyevin və məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynovun adı hallandırılır». Bundan başqa, Ağdam rayonunda tikilmiş "Alıbəyli-1", "Alıbəyli-2", "Qasımbəyli", "Quzanlı 1 və 2" və "Baharlı" qəsəbələrində də evlərin satılması barədə iddialar ortaya atılıb. Deyilənə görə, bu işdə də əsas tərəf kimi Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyev göstərilir. Görəsən, məcburi köçkünlər üçün dövlət büdcəsi hesabına tikilən mənzillərin doğma torpaqlarını itirmiş insanlara pulla satılması məsələsində Pənah Əliyevin adının hallandırılması təsadüfdür, yoxsa?..
Bir daha deyirik ki, biz Müşfiqabaddakı qaçqın şəhərciyində nəyi görüb, nəyi eşitmişiksə onu yazmışıq. Əli Həsənov bizə inanmırsa, gəlsin bir yerdə gedək həmin şəhərciyə. Kanalizasiya xəttinin üstündə obyekt tikmək olar? «Qaçqınkom»un vəzifəli şəxsləri hansı cürətlə prezidentin layihəsinə müdaxilə edirlər? Zəhmət olmasa bu suallarımıza cavab verin, Əli müəllim. Biz demirik ki, kiminsə Sumqayıtın girişində obyektləri, «Ləman» özəl uşaq bağçası, Novxanıda villaları, paytaxtın mərkəzində brend geyim dükanları, ting biznesi, bahalı maşınları və daha nələri var. Yaxud biz demirik kiminsə qardaşları müxtəlif vəzifələrdə işləyir.
Bu şeylər bizim üçün vacib deyil. Bizi narahat edən Müşfiqabad qəsəbəsindəki şəhərcikdə yaşayan məcburi köçkünlərin acınacaqlı durumudur. Qaçqınların və məcburi köçkünlərin problemlərini həll etmək isə Əli Həsənovun birbaşa borcudur.

Mövzu ilə bağlı bütün tərəflərin münasibətini dərc edə bilərik.

P.S. Deyirlər, nəvələr də bərk gedir. Mənim və qohumlarımın adına yazılan mebelləri və Prezidentə təqdim olunan laklı "polların” açıqlanmasının vaxtı çatıb, ay Ayaz Mütəllibovun Sumqayıtdakı vəkili. (gündelik-bakı.com)






Fikirlər