“Xəzər adaları” Hacı İbrahimdən alınıb?

“Xəzər adaları” Hacı İbrahimdən alınıb?İş adamı Beynəlxalq Banka 430 milyon manat borcu olduğunu etiraf etdi

Bir müddət əvvəl tanınmış iş adamı, “Avesta” konserninin prezidenti, Hacı Ibrahim Nehrəmlinin “Beynəlxalq Bank olayı” ilə bağlı ətrafında baş verən qalmaqal hər kəsə məlumdur.

Belə ki, onun Beynəlxalq Bankdan külli miqdarda (təxminən 57 milyon dollar) aldığı krediti geri qaytara bilməməsi barəsində həbs qətiimkan tədbiri seçilməsinə səbəb olmuşdu.

Ölkə medıasının yaydığı xəbərlərdə iş adamının 2015-ci il 12 may-27 may tarixləri arasında DIN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin təcridxanasında saxlanıldığını bildirilirdi. May ayının 27-də isə Hacı Ibrahim Nehrəmlinin azadlığa buraxıldığı məlum oldu.


Biznesmen elə həmin gün mətbuata verdiyi açıqlamada bütün borcunu ödədiyini və ona görə də sərbəst buraxıldığını bildirmişdi.

Modern.az xəbər verir ki, vəziyyət heç də Nehrəmlinin açıqladığı kimi deyil. O, Beynəlxaq Banka olan borcunu tam şəkildə ödəyə bilməyib.

Borcunu qaytara bilməyən iş adamı ona məxsus “Xəzər Adaları”nı borcunun bir hissəsi kimi banka təklif edib.

Qiymətləndirmədən sonra “Xəzər Adaları” layihəsi üzərində Hacı Ibrahim Nehrəmlinin mülkiyyətçiliyi ləğv edilib.

“Xəzər Adaları” hal-hazırda tikilən, Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəridir. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb.

Layihə “Avesta” şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Burada eləcədə 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaican Tower (Azərbaycan qülləsi) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaq). Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi planlaşdırılır.

Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilir.

Hacı Ibrahim Nehrəmli isə “Xəzər adaları”nın əlindən alınması barədə deyilənlərin əsassız olduğunu bildirib. Iş adamı publika.az-a bildirib ki, Azərbaycan Beynəlxalq Bankında “Xəzər adaları” ilə bağlı elə böyük girovu yoxdur: “Indiyədək Azərbaycan Beynəlxalq Bankı kimin əlindən nəyi alıb ki, mənim də əlimdən nə isə alsın? Əgər Azərbaycan Beynəlxalq Bankına girov qoyulursa, o zaman bu banka ödəniləsi olan pul lazım olur, hər hansı obyekt deyil. Bank obyekti nə edəcək? Bütün bunların hamısı boş-boş söhbətlərdir, şayiədir”.

Iş adamı bildirib ki, bəzi şəxslər ona qarşı qərəzli kampaniyaları aparır: “Yalandan yazırlar ki, guya ”Xəzər adaları" və digər obyektlərimi əlimdən alıblar və sairə. Bütün bunlar yalan məlumatlardır. Mənim heç bir obyektimi əlimdən almayıblar. Ölkəmizdə qanunlar işləyir. Əgər bir iş adamı banka olan borcunu vaxtı-vaxtında qaytarırsa, əksinə, bank o adama şərait yaradır. Mən isə qoyulan şərtlər çərçivəsində banka olan borclarımı vaxtı-vaxtında qaytarıram.

Hələ mənim 2019-cu ilin sonunadək vaxtım var, o vaxta qədər banka olan 430 milyon ümumi borclarımın hamısını qaytaracağam. Hazırda Azərbaycan Beynəlxalq Bankına təkcə yeni şəhərlə bağlı 50 milyon manatlıq girov qoymuşam, əlavə girovlar da tələb olunarsa, yenə də qoymağa hazırıq. Hazırda da heç bir problemim yoxdur, yüksək səviyyədə çalışırıq".






Fikirlər