VAQİF ƏSƏDOV: “Sonra deməyin ki, BİLMƏDİK”
“Yayılan informasiyaları oxusunlar, əzbərləsinlər” “Noyabr ayının 2-də Nazirlər Kabinetində baş nazirin müavini Hacıbala Abutalıbovla bir qrup yük avtomobili sürücüsü arasında 3 saat davam edən görüş keçirildi. Görüşün əsas məqsədi yol hərəkətində təhlükəsizliyin təmin oluması, sürücü -yol polisi münasibətlərinin daha da yaxşılaşdırılması və ən əsası, şəhər nəqliyyatında tıxaclara səbəb olan ağır yük maşınlarının şəhərə daxil olmasında müəyyən məhdudiyyətlərin tətbiq olunması məsələləri idi”.
Bunu Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov AzNews.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda inkişaf etmiş ölkələrdə belə qanunlar var. Təcrübə baxımından onu demək olar ki, belə tədbirlər səmərəli nəticə verməkdədir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası”nın 30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol Qərarında nəzərdə tutulmuş qadağa saatlarında Bakı şəhərində yük avtomobillərinin sürücüləri yük daşımaları ilə bağlı növbəti tədbirlər həyata keçirilməkdədir. Əvvəlki dövrdə yük maşınlarının müəyyən edilmiş saatlarda şəhərə girişinə nəzarətdə müəyyən problemlər mövcud olub, qadağa saatlarında onların şəhərin küçələrində hərəkəti müşahidə edilib. Artıq Daxili İşlər Nazirliyi şəhərin giriş və çıxışında xüsusi kameralar quraşdıraraq qadağa saatlarında yük avtomobillərinin şəhərə daxil olmasına nəzarəti gücləndirir. Mövcud qaydaları pozan avtomobillər dərhal kameralar tərəfindən qeydiyyata götürüləcək və müvafiq olaraq 40 AZN cərimə olunacaq”.
Vaqif Əsədov onu da bildirib ki, noyabrın 15-dən etibarən yük maşınlarının Bakı şəhərinə girməsi üçün marşrutlar da müəyyən edilib. Hazırda vacib olan odur ki, sürücülər yayılan informasiyaları oxusunlar, əzbərləsinlər və maşrutlar üzrə hərəkət etsinlər: “Sonra deməsinlər ki, bilmirdik, xəbərsiz idik”.