Bakıda özəl klinikada BİABIRÇI SƏHV: Xəstələrin kardioqramma cavabı səhv salındı -FOTO

Bakıda özəl klinikada BİABIRÇI SƏHV: Xəstələrin kardioqramma cavabı səhv salındı, kişi müalicədə gecikdi- FOTO
Bakıda fəaliyyət göstərən məşhur HB Güven klinikasında pasiyentin başına maraqlı hadisə gəlib. Belə ki, xəstənin qızı Aygün Abdullayeva klinikanın etdiyi dəhşətli səhv barədə şikayətində atasının ürək xəstəliyinə görə gecikməsində və təcili əməliyyata alınmasında klinikanın günahkar olduğunu bildirib.
 
"AzerTaym.az" medicina.az-a istinadən həmin hadisə barədə şikayəti təqdim edir:
"Atam bu ilin avqust ayında ürəyindəki narahatlıq və ağrılara görə tərifli və adı kimi güvənə biləcəyimiz klinika hesab edilən HB Güvən klinikasına gedib, kardioloq qəbulunda olub və kardioqramma çəkilib. Həkim nəticəyə baxıb, atama "ürəkdə heç nə yoxdur, narahat olmayın” deyib yola salıb. Bu atamı sevindirib. Amma evə gələndən sonra atamın narahatlığı davam edib. 
Atamıza baxmaq üçün kardioloq tanış evə gəlib və  şikayətlərini dinlədikdən sonra, həmin  kardioqramma cavabına baxmaq istəyib. Beləcə, Şabanın o məşhur filmindəki kimi kağızların səhv düşdüyü məlum olub. Kağızda da aydın görünür ki, kardioqramma Ağalarova Səkinə adlı başqa bir xəstəyə aiddir. 
Nəticədə atam təcili başqa klinikada bir də kardioqramma olunur, angioqrafiya edilir və damarlarının tıxandığı, vəziyyətinin ürəkaçan olmadığı məlum olub. O, təcili əməliyyata alınıb və stent qoyulub. 
Atam o klinikada çox qeyri-peşəkarlıq, qeyri-etik yanaşmalar görüb. Bunlar heç. Bəs insan həyatı ilə belə oynamağa kim sizə haqq verib? İnsanlar dərdindən klinikalara gedir. İşinizə diqqətlə yanaşmaq sizin birbaşa borcunuzdur. Camaat canıyla əlləşsin, ya sizə nəzarət etsin? O Səkinə adlı qadına da yəqin ürəyin xəstədir deyiblər. Bəlkə biri oxuma –yazma bilmir, savadsızdır. Deməli, xəstələrin başına belə oyun açırsız? Atam sizə arxayın olub, müalicədə gecikə və ölə də bilərdi”.
Qeyd edək ki, xanımın atası klinikaya zəng edərək məsələ barədə bildirib və orda səhvin həkimdə yox, kağızları alıb verən qızlarda olduğunu və "İşdir, olub da” cavabını veriblər. Kardioqramma cavabında xəstənin adı qadın olsa da, cinsi kişi yazılıb. Göründüyü kimi kağızda əlavə məlumatlar yoxdur: xəstənin yaşı belə göstərilmir. Ona görə belə kağızlar asanlıqla səhv salınır. 
Şikayətçi məsələnin araşdırılması üçün bütün addımları atacağını və klinikadan açıqlama istədiyini bildirib.
 
 

 






Fikirlər