Koronavirusda ikinci dalğa təhlükəsi: Vətəndaşlar nəyi unutmamalıdır?

Koronavirusda ikinci dalğa təhlükəsi: Vətəndaşlar nəyi unutmamalıdır?

Dünyada koronavirus pandemiyasına yoluxma halı tədricən azalmaqdadır. Artıq müxtəlif ölkələr sərt karantin rejiminin yumşaldılması istiqamətində addımlar atır. Yumşalma prosesi Azərbaycanda da həyata keçirilir: müəyyən sektorlarda iş yerləri açılır, bəzi xidmət sektorları və iaşə obyektləri fəaliyyətini bərpa edir, rayonlararası gediş-gəliş tədricən bərpa olunur.

Hökumət pandemiya başlayanda sərt karantin rejimini tətbiq etməklə yoluxma halının maksimum səviyyəyə çıxmasının qarşısını aldı. Bu tədbirlər insanların sağlamlığının qorunmasına xidmət edirdi. Tədricən həyata keçirilən yumşalma prosesi də vətəndaşların sosial həyata dönməsi məqsədi daşıyır. Lakin yumşalma dövründə vətəndaşların davranışı həyati əhəmiyyət daşıyır.

İkinci dalğa, ən böyük qorxu məhz budur. İkinci dalğa başlaya bilərmi?

1918-ci ildə başlayan İspan qripi pandemiyası payız aylarında yenidən qayıtdı və ikinci dalğada daha çox insan ölümü qeydə alındı. İkinci dalğanın olması dünya tarixində baş vermiş pandemiyalara xas xüsusiyyətdir.

Təcrübə göstərir ki, ikinci dalğa iki cür ola bilər: birincisi, havaların yenidən soyuması ilə virus qayıda bilər; ikincisi, virus mutasiyaya uğraya bilər;

Pandemiya tarixini araşdıran mütəxəssislər İspaniya qripi zamanı birinci dalğada immun qazanmış insanların ikinci dalğada xəstələndiyini və həyatını itirdiyini bildirir. Bu baxımdan, koronavirusda da ikinci dalğanın olması ehtimalı mövcuddur. Virusun peyda olduğu Çində baş verənlər belə bir riski göz önünə gətirir. Çin hökuməti yoluxma dayanandan sonra karantin rejimini ləğv etdi, amma mart ayında yeni yoluxma faktları aşkarlandı.

Bu təcrübə fonunda Azərbaycanda karantin rejiminin yumşaldılması iki riski yaradır:

Birincisi, koronavirusdan sağalanların normal həyata qayıdandan sonra yenidən xəstələnməsi;

İkincisi, indiyə qədər yoluxmamış olan vətəndaşların da virusa yoluxması;


Bu risklər epidemiyanın ikinci dalğasının başlayacağı və ikinci dalğada yoluxmanın daha kütləvi hal ala biləcəyi təhlükəsini artırır.

Ümumdünya Səhiyyə Təşkilatı da (ÜST) ikinci dalğanın ola biləcəyi təhlükəsini vurğulayaraq, karantin rejimini yumşaldılmasının tədricən həyata keçirilməsini tövsiyə edir. Azərbaycan hökuməti bu tövsiyələrə uyğun addım atır.

Lakin ikinci dalğanın yaşanmaması üçün vətəndaşın üzərinə böyük məsuliyyət düşür.

- “Evdə qal!” çağırışına davamlı əməl etməli, zərurət olmadığı halda evdən çıxmamalı;

- Gigiyena qaydalarına ciddi şəkildə əməl olunmalı;

- Sosial məsafənin vacibliyini, ən azı 2 metr distansiya saxlamağı unutmamalı;

- Kütləvi tədbirlərdən uzaq durmalı, şənliklər, əyləncə tədbirləri keçirilməli;

- 65 yaşdan yuxarı vətəndaşlar evdə qalmalı, bu yaşda olan doğmalarımız xüsusilə qorunmalı;


Bir sözlə, hər kəs xüsusi karantin rejimi dövründəki qaydalara əməl etməyə davam etməlidir. Çünki təhlükə hələ sovuşmayıb və ikinci dalğanın olması daha çox yoluxma və itki, o cümlədən, daha sərt məhdudiyyətlərin tətbiq edilməsi deməkdir.






Fikirlər