Gigiyena və Epidemiologiya Mərkəzinin DİREKTORU İŞDƏN ŞIXARILIB?

 

1446108965_gigiyena-merkezi0

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Akif Əlibəyov vəzifəsindən azad edilib. Bu barədə “AzPolitika.info”ya səhiyyə sistemindəki qaynaqdan daxil olan məlumata görə, Akif Əlibəyov təxminən 1 həftə olar ki, işə çıxmır. Onun vəzifəsindən azad olunması barədə əmr isə bu günlərdə imzalanıb. Lakin bu qərar rəsmən elan olunmayıb.

Qeyd olunan məlumatı dəqiqləşdirmək üçün Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə yaratdıq. Xidmətin əməkdaşı Cavid Xəlilov onlarda bu barədə hər hansı məlumatın olmadığını bildirdi.

Qeyd edək ki, Akif Əlibəyovun vəzifəsindən çıxarılması ötən ilin yayından gündəmə gəlib. Bunun səbəbi kimi isə, 2015-ci il mayın 19-da Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən və 15 nəfərin ölümü ilə nəticələnən yanğının əsas günahkarları sırasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinin də olması göstərilirdi.

2687
Belə ki, yanğından sonra aparılan araşdırmalar zamanı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin paytaxtda binalarda üzlük kimi istifadə edilən və dəfələrlə yanğınlara, faciələrə səbəb olan poliuretan üzlüklərə 2012-ci ildə keyfiyyət sertifikatı verdiyi məlum olmuşdu.

Məhz bu səbəbdən də yanğından 2 gün sonra- mayın 21-də Respublika Prokurorluğunun əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzində yoxlamalara başlamışdılar.

Hətta Mərkəzin direktoru Akif Əlibəyovun, həmçinin Mərkəzin rəhbərliyinə daxil olan bir neçə şəxsin və laboratoriya müdirinin Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə aparıldığı haqda da məlumatlar yayılmışdı.

Ötən dövr ərzində Prokurorluğun Respublika Gigiyena və Epidemiologiya Mərkəzində apardığı yoxlamaların nəticələri haqda məlumat verilməsə də, Akif Əlibəyovun işdən çıxarılmasının bununla bağlılığı istisna olunmur. AzerTaym.az

 






Fikirlər