Cilov qəsəbəsində nə baş verir? - VƏ YAXUD 16 SAYLI XƏSTƏXANANIN BAŞ HƏKİMİNİN MAXİNASİYASI

 “Cilov qəsəbəsində nə baş verir? - VƏ YAXUD 16 SAYLI XƏSTƏXANANIN BAŞ HƏKİMİNİN MAXİNASİYASI

 

Rüstəm Hüseynov: "Vaqif Nuriyev həyat yoldaşı, qardaşı, bibisi, bibisi oğlu, bibisi gəlinlərini işə götürüb”

Cilov qəsəbəsi, Dənizçi küçəsi 53-də yaşayan Hüseynov Rüstəm Həsən oğlu, 16 saylı birləşmiş xəstəxananın baş həkimi Vaqif Nuriyevdən şikayətçi düşüb. Göndərilən məktubda bir sıra dövlət orqanqlarına, o cümlədən Səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edilir. 



Rüstəm Hüseynov qeyd edir ki, baş həkim Vaqif Nuriyev bütün qohum-əqrəbasını xəstəxanaya işə götürüb. «Onların arasında baş həkimin həyat yoldaşı, qardaşı, bibisi, bibisi oğlu, bibisi gəlinləri var. Xəstəxananın ştat cədvəli o, qədər genişdir ki, bunun harada və kimlər tərəfindən təsdiq edildiyi bilinmir. İllərdir, heç bir xəstəsi olmayan bu xəstəxanaya bu imkanları yaradan görəsən kimlərdir?!»

Şikayətçi vurğulayır ki, xəstəxananın ən azı 50 nəfərdən artıq personalı var. Onun sözlərinə görə, 16 saylı Xəstəxanada orta aylıq əmək haqqı 5-6 yüz manatdır. «Təqaüdə çıxanlar, ixtisara düşənlər V.Nuriyevin rəhbərlik etdiyi bu xəstəxanaya üz tuturlar. Üz tutanların hamısı V.Nuriyevin qoyduğu şərtlər əsasında işə qəbul olunurlar. Sonrakı dövrlərdə isə işçilərin işə davamiyyəti araşdırma tələb edir. Bu çox asan məsələdir. Cilov qəsəbəsinə getmək və qayıtmaq ancaq dəniz nəqliyyatı vasitəsi ilə həyata keçirilir. Gəmiyə buraxılış və geri qayıtmaq dispetçerlərin xüsusi tərtib etdiyi siyahılar əsasında həyata keçirilir. Xəstəxananın işçi qrafikini götürsək və dispetçerlərin gediş və qayıdış siyahılarını uzlaşdırsaq, hər şey aydın olacaq. V.Nuriyevin bu və ya digər özbaşınalıqlarından Xəzər rayon səhiyyə şöbəsinə dəfələrlə şikayətlər edilib. Təəssüflər olsun ki, şöbədən heç bir reaksiya verilmir. Bir şeyi də nəzərinizə çatdırım ki, V.Nuriyevin xüsusi fitri istadadı var. O gələn komissiyaları elə formada yola salır ki, hamı ondan razı gedir».

Rüstəm Hüseynov daha sonra vurğulayır ki, xəstəxananın təmiri üçün ayrılmış materiallar təyinatı üzrə işlədilməyib. Onun iddiasına görə, baş həkimin Cilov qəsəbəsində çörək bişirmə sexinə bitişik yerdəki evi isə məhz həmin materialların hesabına ərsəyə gəlib. 

Şikayətçi bildirir ki, xəstəxananın fəaliyyəti bərbad haldadır: "Axı xəstəxananın mövcudluğuna baxmayaraq, bu xəstəxanaya nə müraciət edənlər var, nə də xəstəlik kağızı alanlar. Hazırda evin tikilməsi tamamlanmaq üzrədir. Hər dəfə söküntü aparılarkən nə qədər tikinti materialları israf olunub. V.Nuriyev bütün bunlara baxmayaraq işlərini davam etdirir. Çünki bu vaxta qədər V.Nuriyevə gözün üstə qaşın var deyən olmayıb». 

Rüstəm Hüseynov qeyd edir ki, qəsəbədə Mərkəzi Neftçilər xəstəxanasının bir şöbəsi fəaliyyət göstərir. «Qəsəbədə yaşayanların böyük əksəriyyəti neftçi olduğundan lazım gəldikdə ora müraciət edirlər. Bir müddət xəstəlik vərəqəsi satmaqla məşğul olan V.Nuriyev artıq o işinin sonuna çatdı. Qəsəbədə yerləşən istehsalat birlikləri V.Nuriyevin əsassız satdığı xəstəlik vərəqələrini tanımır. Necə deyərlər, bazar bağlandı». 

Göndərilən müraciətdə bildirilir ki, hazırda Cilov qəsəbəsində Nuriyevin təşəbbüsü ilə aptek açılıb. «Oranın işçisi V.Nuriyevin işə götürdüyü şəxslərdəndir. Ən maraqlısı isə dərmanların haradan gətirilməsi və qiymətlərin kimlər tərəfindən təyin edilməsidir. Dərman pereparatlarının gətiriməsindən ötəri tərtib edilmiş qiymətlərdə də bunlar öz əksini tapacaq». 

Bu əsnada onu da vurğulayaq ki, Rüstəm Hüseynovun müraciətinə baş həkim ayrı-ayrı mətbuat orqanlarında birbaşa deyil, işçiləri vasitəsi ilə münasibət bildirib. Bu yaxınlarda xəstəxananın 5-6 işçisi tərəfindən yayılmış müraciətdə iddia edilir ki, şikayətçinin yaydığı məlumatlar həqiqəti əks etdirmir. 

Lakin ortada çox ciddi ittihamlar var. Rəsmi dövlət qurumlarına edilən müraciətdəki ittihamların ağırlığını nəzərə alaraq, onları araşdırmaq qərarına gəlmişik və bu səbəbdən də həmin müraciəti ixtisarla dərc etməli olmuşuq./jam.az

Yazıdakı iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 


 

 






Fikirlər