Əflatun Amaşov qubernatorla görüşüb - Əməkdaşlığın perspektivləri müzakirə olunub + FOTO

Gürcüstanda səfərdə olan Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov sentyabrın 15-da Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadze ilə görüşüb.

Görüşdə ölkələrimizin qanunverici orqanları, eləcə də xalqlarımız arasında dostluq əlaqələrinin, iqtisadi, mədəni, turizm, elm və təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Bildirilib ki, bu gün Gürcüstan universitetlərində 3000-ə yaxın tələbə, Gürcüstanda fəaliyyət göstərən 130-a yaxın ümumtəhsil məktəbində minlərlə azərbaycanlı şagird təhsil alır. Onların normal təhsili üçün hər cür şərait yaradılıb.
Qubernator deyib ki, Gürcüstan ilə Azərbaycan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi regionlarımız arasında da münasibətlərin genişlənməsində mühüm rol oynayıb. Ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi üçün əlimizdən gələni edəcəyik.
Əflatun Amaşov deyib ki, Azərbaycan dövləti və parlamenti Gürcüstan ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Bu gün əlaqələrimizin inkişafında dostluq qrupları mühüm rol oynayır. Deputat ölkələrimiz arasında turizm və təhsil sahəsində əlaqələrin inkişafı ilə əlaqədar qarşılıqlı səfərlərin, birgə seminar və konfransların təşkilinin vacibliyini qeyd edib.
Görüşdə, qubernatorun müavini Zaur Darğallı və Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə də iştirak ediblər/Azərtac.
AzerTaym.az






Fikirlər