"Ford"un bu modeli yalnız Çin üçün istehsal ediləcək - FOTO
Ford şirkəti sedanların istehsalından imtina edib, Avropada satılan Mondeo modelinin buraxılışı isə bu ilin mart ayında dayandırlacaqdır. Lakin amerikan şirkəti Çin üçün istisna edib: Səma İmperiyasında Mondeo modeli ənənəvi iri sedan formatında buraxılacaqdır. Xüsusi olaraq bu bazar üçün beşinci nəsil Ford Mondeo modeli hazırlanıb. Bu gün amerikan şirkəti modeli rəsmi olaraq təqdim edib. Lakin sedanın interyeri üzərindəki sirr pərdəsi hələlik götürülməyib. "AzerTaym.az" autograph.az-a istinadən bildirir ki, çinli Mondeo keçən il təqdim edilmiş Evos kross-liftbekinin və Lincoln Zephyr premium sedanının yaxın qohumudur. Üçlüyün hazırlanması ilə amerikan markasının Çindəki elmi-texniki mərkəzi məşğul olub. Ön ötürməli platforma Focus modeli ilə unifikasiya edilib, lakin platforma uzadılıb və gücləndirilib. Arxada çoxqollu asqı quraşdırılıb. Mondeo sedanı Evos liftbekindən ön hissənin ikimərtəbəli dizaynını miras alıb, fənərlər isə standart olaraq işıqdiodlarındandır. Yeni sedan bizə məlum olan sələfindən daha iridir. Onun uzunluğu 4935 millimetrə (+ 62 millimetr), eni - 1875 millimetrə (+ 23 millimetr), hündürlüyü isə 1500 millimetrə (+30 millimetr) qədər artıb. Təkər bazası isə 95 millimetr artaraq 2945 millimetrə çatıb. Təkər disklərinin maksimal diametri 19 düymüdür. Sedanın xüsusiyyətləri arasında irəli çıxan qapı tutacaqları və Mustang modelinin üslubunda dişciklərə malik olan arxa fənərlər var. Aqressiv ST-Line versiyası da olacaqdır. Hələlik Ford Mondeo üçün bir güc aqreqatı bəyan edilib - bu, 246 at qüvvəli 2,0-litrlik EcoBoost turbomühərrikidir. Güc aqreqatı səkkiz pilləli "avtomat" ilə tandemdə çalışır. Hibrid və elektrik versiyaları barədə məlumat verilməyib. Təchizata kruiz-kontrol da daxildir. Sedanın interyerinin Evos modelindəki kimi olacağı gözlənilir - yəni, mediasistemin 1,1 metrlik nəhəng ekranı ilə. Yeni Ford Mondeo modeli bu ilin birinci rübünün sonuna qədər tam şəkildə təqdim edilməlidir. Sedanın istehsalı ilə Changan-Ford birgə müəssisəsi məşğul olacaqdır. Sedan yalnız daxili bazarda satılacaqdır.