Niyə kişilər qadınların, qadınlar kişilərin “ətini yeyir“?

Niyə kişilər qadınların, qadınlar kişilərin “ətini yeyir“?

11 yaşlı qızın zorlanması və dünyaya uşaq gətirməsi ilə bağlı məsələ cəmiyyətdə növbəti təlatüm doğurub. Qarşılıqlı ittihamlarda kişilər qadınların, qadınlar kişilərin "ətini yeyir".

Psixoloq Elnur Rüstəmov Yenisabah.az-a açıqlamasında deyib ki, Azərbaycanda bu cür məsələlərlə bağlı polemika həmişə radikal formada gedir:

“Həm kişilər, həm də qadınlar tərəfdən haqsız məqamlar var. Söhbət qloballaşan dünyada cinslər arasında münasibətlərin tənzimlənməsindən gedir. Cinslər arasında münasibət, ünsiyyət başqa cür tənzimlənməlidir. Biz müasir dövrün tələbini də doğru anlamalı və dərk etməliyik”.

Psixoloqun sözlərinə görə, 30 il bundan öncəki yanaşma ilə bu cür məsələlərə münasibət bildirmək düzgün deyil:

“O vaxt bu qədər çalışan, işləyən xanım yox idi. 30 il bundan əvvəl boşanma səviyyəsi indiki kimi deyildi. İnternet dövründə yaşayırıq, fərqli zamandır. Hər hansı bir məsuliyyətsiz fikir normal bir ailəyə və ya münasibətə nifaq sala bilər. Belə davam etsək, sabah insanlar evlənməyə də tərəddüd edəcək”.

E.Rüstəmov qeyd edib ki, müzakirələr gender bərabərliyindən daha çox feminist müstəvidə gedir:

“11 yaşlı uşağa qarşı zorakılıq kimi məsələləri niyə ümumiləşdiririk? O insan bu hərəkəti edibsə, həm hüquqi, həm də digər müstəvilərdə artıqlaması ilə cavabını alacaq. Allah da onun bəlasını verəcək. Lakin buradan bir keçid qoyub, ümumi fikir bildirmək doğru deyil. Bu cür müzakirələr gender bərabərliyində yox, daha çox feminist müstəvidə gedir. Bu da məsələni dramarikləşdirir. Nəzərə alaq ki, hər bir informasiya insanın psixasına təsir göstərir. Bu doğru deyil. Məsələnin mahiyyəti qalır bir kənara, görürük ki, bir-birilərinə qarşı zidd fikirlər söylənir. Əslində, insanlığa sığmayan hadisə baş verib. Deməli, o ailədə də münasibətlər yaxşı olmayıb.

Əvvəllər əri vəfat edəndə qarşı tərəfin atası-anası, qardaşları, bacıları dul qadına həyan olurdu. İndi bu rəftarı görə bilmirik. Qısası, məsələyə kompleks yanaşmalıyıq. “Nəyi düz etmədik, niyə bədbəxt olduq...” Belə polemikalar da düşünürəm ki, zamanla tənzimlənəcək”.

Niyə kişilər qadınların, qadınlar kişilərin “ətini yeyir“?






Fikirlər