“Şuşa ili” nə töhfə ...

Artıq 2022-ci ilin bitməsinə sayılı günlər qalıb. Nə xoş ki, bu il Azərbaycan xalqının yaddaşında Cənab Prezident İlham Əliyevin verdiyi Sərəncama əsasən, “Şuşa ili “ kimi qalacaq. Yola salmaqda olduğumuz ilin əvvəlində imzalanmış bu sərəncam hamımızın ürəyincə oldu. Sərəncam Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq verilmiş və Nazirlər Kabinetinə “Şuşa İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılmışdır.

2022-ci ilin “Şuşa İli” elan olunması barədə Sərəncam həm də ötən ilin may ayında Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi barədə qəbul olunmuş qərarın məntiqi davamı idi.

Hər iki Sərəncam Şuşa şəhərinin Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayan mühüm tarixi sənədlər olub ölkəmizdə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunmasına hər zaman dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini nümayiş etdirir.

Qeyd etmək lazımdır ki, Şuşa şəhərinin hələ ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1977-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Cənab İlham Əliyev tərəfindən imzalanmış Sərəncamda qeyd olunduğu kimi, Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Bu şəhərin işğal altında olmağı mədəni irsimiz tarixində qara bir səhifə idi. Erməni qəsbkarları 1992-ci il mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da buna nail ola bilmədilər.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdular.

Vətən müharibəsinin hər günü Azərbaycan tarixinə şərəfli bir gün kimi yazılırdı, igid oğullarımız dayanmadan irəliyə gedirdi. Qarış-qarış azad edilmiş doğma torpaqlarımızda müqəddəs üçrəngli Azərbaycan bayrağı dalğalanırdı.

2020-ci il noyabrın 8-də hər bir azərbaycanlının yaddaşından silinməyəcək tarixi bir hadisə yaşandı. Otuz illik torpaq həsrətinə son qoyan Vətən müharibəsinin 43-cü günündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciəti zamanı Şuşa şəhərinin işğalçılardan azad edilməsi xəbərini verdi:

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Bu, adi bir xəbər yox, əslində azərbaycanlılara verilən ən böyük müjdə idi. Qarabağın tacı olan Şuşanın azad edilməsi tarixi Qələbəmizin zirvəsi idi, illərin həsrətinin sona yetməsi demək idi. O gün hamının ürəyi Şuşada döyünürdü, o gün hamı şuşalı idi.

Alınmaz qala hesab edilən və sərt relyefə malik olan Şuşanın işğaldan azad edilməsi dünya hərb tarixinə ən mükəmməl taktiki döyüşlərdən biri kimi düşdü. Qəhrəman Azərbaycan oğulları heç nədən qorxmadılar, çətinliklərə baxmayaraq, geri çəkilmədilər və cəsurluq nümayiş etdirdilər. Onlar sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşlə şəhəri PUA-larsız, tanksız, artilleriyasız düşməndən azad etdilər. Strateji əhəmiyyətli Şuşanın işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə həlledici təsir göstərərək Zəfər Günü kimi tarixə yazıldı. Bu müqəddəs yolda canından keçən şəhidlərimiz heç zaman unudulmayacaq. Çünki məhz onlar Azərbaycan xalqının tarixində heç zaman unudulmayacaq əbədi qəhrəmanlıq dastanı yazdılar.

Bu qəhrəmanlıq dastanını yazanlar haqqında hələ bundan sonra çox kitablar yazılacaq, onların şəninə mahnılar qoşulacaq, abidələr ucalacaqdır.

Milli Kitabxananın öhdəsinə düşən missiya isə həmişə olduğu kimi, bu mövzuda ərsəyə gələn bütün sənəd kütləsini nizamla bir araya toplamaq və gələcək nəsillərə çatdırmaqdır.

Belə ki, Sərəncam verildiyi gündən respublikamızda fəaliyət göstərən bir çox müəssisə və təşkilatlar kimi, Azərbaycan Milli Kitabxanası da “Şuşa ili”nə layiqincə qoşuldu. Bundan öncə Azərbaycan Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın direktoru Kərim Tahirovun təşəbbüsü ilə “Qarabağa kitabla gedək ” kampaniyasına start verilməsi işğaldan azad olunmuş bölgələrdə mədəni irsin dirçəlməsinə doğru atılmış ilk addım idi.

Kitabxananın zəhmətkeş və təcrübəli əməkdaşı, bütün kollektivin rəğbət bəslədiyi Mədinə xanım Vəliyevanın rəhbərlik etdiyi diyarşünaslıq biblioqrafik resursların yaradılması şöbəsi də bu istiqamətdə gərgin əməli işə başladı.

Xatırladım ki, Şuşa erməni işğalından azad olunduqdan sonra Azərbaycan Milli Kitabxanasının ötən il hazırladığı "Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı" adlı biblioqrafiya Şuşaya həsr olunmuş ilk fundamental biblioqrafiyadır. Kitabın tərtibatı Xeyransa Abbasovaya, elmi redaktəsi professor Kərim Tahirova məxsusdur. Şuşanın işğaldan azad edilməsinin bir illiyi münasibətilə tərtib olunmuş biblioqrafiyada şəhərin tarixi, mədəniyyəti, musiqisi və ədəbi mühiti, tarixi və memarlıq abidələri, ictimai-siyasi həyatı haqqında kitablar, dövrü mətbuatda, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapmışdır. Kitabda Şuşa haqqında digər xarici dillərdə dərc olunan materiallar, habelə dünya milli və universitet kitabxanalarında mühafizə olunan ədəbiyyatlar ayrıca bölmələrdə verilmişdir.

Bu il həm də Şuşa şəhərinin 270 illiyi qeyd olunur. Bu münasibətlə Azərbaycan Milli Kitabxanası daha bir fundamental biblioqrafiyanı ictimaiyyətə təqdim etmişdir. “Şuşa- tarixi mənbələrdə” adlanan biblioqrafiyanın elmi redaktoru professor Kərim Tahirov, tərtibçisi Xeyransa Abbasovadır. Biblioqrafiyada Şuşanın tarixi, ictimai-siyasi həyatı, tarixi və memarlıq abidələri haqqında kitablar, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapmışdır. Şuşa haqqında xarici dillərdə olan materiallar, eləcə də milli və universitet kitabxanalarında mühafizə olunan ədəbiyyat xüsusi bölmələrdə əks olunmuşdur. Biblioqrafiyadakı materiallar 1830-2022-ci illəri əhatə edir.

Materiallar Azərbaycan, rus və başqa dillər üzrə xronoloji qaydada qruplaşdırılmış və daxildə əlifba sırası ilə düzülmüşdür. Oxuculara istifadəni asanlaşdırmaq üçün biblioqrafiyanın sonunda kitabların, məqalələrin adlar göstəricisi və müəlliflərin əlifba göstəriciləri tərtib olunmuşdur. “Əlavələr” bölməsində Şuşanın tarixinə dair qiymətli arxiv sənədləri öz əksini tapmışdır. Əminliklə demək olar ki, tarixçilər, politoloqlar, elmi tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu vəsait çox qiymətli məlumat mənbəyi kimi dəyərlidir.

Şuşadan söz düşəndə az qala onun zərif simvoluna çevrilən Xurşidbanu Natəvanın adını anmamaq mümkün deyil. Çünki Natəvan da Şuşa kimi əsrarəngiz gözəlliyin, məğlubedilməz ruhun daşıyıcısı idi. Şuşanın təməl daşını qoyan qəhrəman Pənahəli xanın nəvəsi Natəvan xalq arasında “Xan qızı” kimi sevilirdi.

Bu il Azərbaycan lirik şeirinin anası, ədəbiyyatımızın görkəmli xanım-xatun nümayəndəsi Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə də əlamətdardır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamına əsasən, bu münasibətlə ölkəmizdə silsilə tədbirlər həyata keçirilir.

2022-ci ildə Milli Kitabxananın hazırladığı “Xurşidbanu Natəvan” biblioqrafiyası da bu qəbildəndir. “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası ilə nəşr olunan biblioqrafiyada Xan qızının əsərləri, həyat və yaradıcılığı , ictimai fəaliyyəti haqqında, habelə onun dünyanın ən zəngin kitabxanalarında qorunan nəşrləri öz əksini tapmışdır. Xurşidbanu Natəvan haqqında olan bu ilk fundamental bibliqrafik vəsaitin tərtibatçıları Mədinə Vəliyeva və Gülanə Quliyeva, elmi redaktoru əməkdar mədəniyyət işçisi Kərim Tahirovdur.

Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün - vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.”

Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması, tarixi, dini və mədəniyyət abidələrinin bərpası, quruculuq işləri, qısa müddətdə Şuşanın Baş planının hazırlanması, Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları hər bir azərbaycanlını sevindirir. Cıdır düzündə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunan “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Bu bir həqiqətdir ki, bundan sonra ölməz Müşfiqin dediyi kimi, “Böyük günlər, şanlı günlər, şən günlər, yoluna düşən günlər hələ qarşımızdadır!” Bu günləri bizə canı və qanı bahasına bəxş edən, Şuşanı bizə qaytaran, Şuşa sevincini bizə yaşadan qəhrəman Vətən oğullarını- Şuşa fatehlərini, qazilərimizi, şəhidlərimizi Azərbaycan xalqı heç zaman unutmayacaq. Onların yazdığı əbədi qəhrəmanlıq dastanını, uğrunda fəda olduqları gözəl Qarabağımızı, cənnət Şuşamızı təbliğ edib bütün dünyaya tanıtmaq və gələcək nəsillərə çatdırmaq hamımızın borcudur.

Bəybala Ələsgərov,

tarix elmləri doktoru

Tərlanə Əliyeva,

Milli Kitabxananın əməkdaşı






Fikirlər