Azərbaycan kişilərinə KİM QARĞIŞ edib?
“Gör neçə ildir vətəndən getdiyim?! Başıma gələnlər nə deməklə, nə yazmaqla qurtarar... Eh ilahi... Oooo, Paris, Paris... Mən niyə qayıtdım axı bu xaraba şəhərə? Nə bacarır axı e, Azərbaycan qızları. Xörək bişirmək, uşaq doğmaq, əri ilə dimdik dimdiyə gəlmək... Parisin xanımları həm oxuyurlar, həm oynayırlar... İstəsən, səninlə bir yerdə şam edib, gecəni səninlə mehman olurlar... ” Bu cümlələr Əbdürrəhim bəy Haqverdiyevin hekayələri əsasında çəkilmiş “Evlənmək istəyirəm” filmindəndir. Bu Azərbaycan kişilərinin, Azərbaycan ailəsinin bədbəxtliyini çılpaqlığı ilə ortaya qoyan gerçəklikdir. Mən həyatım boyu belə bir cümləni işlətməyə cəsarət etməzdim. Amma Haqverdiyev hələ 100 il bundan əvvəl Azərbaycan kişisinin nə qədər bərbad bir durumda olduğunu bu qədər çılpaq şəkildə dilə gətirməklə yerli ictimai təzyiqdən qorxmamağın nümunəsini göstərib. *** Bir müddət əvvəl Azərbaycanın tanınmış jurnalistlərindən biri mənimlə planlı olaraq həmsöhbət oldu. Sanki o öz ürəyini boşaltmaq üçün adam axtarırdı. Elə bil mənim yaxşı dinləyici olduğumu kimdənsə eşitmişdi. Halbuki onunla heç vaxt ailə, məişət məsələləri ilə bağlı müzakirəmiz olmamışdı. Adam mənimlə görüşəndə sanki boğulurdu, nəfəslik istəyirdi. Məndən əvvəl bir neçə psixoloqun yanında olmuşdu, onlarla ailəsində olan problemlərini bölüşmüşdü, amma rahat deyildi. Sanki mən ona yardım edə biləcəyəm ümidi ilə ürəyini boşaltdı. 16 illik ailə həyatında adamın ömür-gün yoldaşı ilə bağlı xatırlaya biləcəyi bir xoş an yox idi. Həyatı zəhərlənmişdi. Kişi kimi mövcudluğu yox idi. Ər kimi funksiyalarını yerinə yetirməyə heç bir şəraiti yox imiş. Böyük uşaqları vardı. Amma onu həyat yoldaşı ilə bağlayan nə ruhi, nə də cinsi heç nə yox idi. O adam bitmişdi, yox idi. Soruşdum ki, bəs nə düşünürsən. Dedi ki, çox şey düşünürəm, bunların içərisində boşanmaq, yeni həyata başlamaq, keçmişi sıfırlamaq da var. Amma buna cəsarət edə bilmirəm. 16 illik bir həyatı necə yox hesab etmək olar axı?! Və mən bunu həyat yoldaşıma izah edə bilmirəm. O elə bir mövqedədir ki, evliliyimizlə boşanmağımızın onun üçün heç bir fərqinin olmadığını açıq deyir. Buz kimidir. Hiss yoxdur. Duyğular ölüb. Qadın kimi heç nə hiss etmir. O adamın həyatı çoxdan bitib. Amma mən bunun hələ tez olduğunu düşünürəm. Həqiqətən də tezdir. Heç 50 yaşımız yoxdur. İndidən diri-diri qəbirə girmək istəmirəm. Monoloq çox uzun oldu. Amma adamın həqiqətən ürəyi dolu idi. Mən özümdən xeyli böyük olan dostuma heç bir yol göstərə bilmədim. Çünki yol yox idi. Səssiz qalaraq onu dinlədim. Bu gün də o adam həmin yolayrıcında dayanaraq öz həyatı üçün xilas yolu axtarır... Xilas yolu tapacağını isə heç gözləmirəm. Minlərlə həmcinsimiz elə o yolayrıcındaca dəfn olunmayıbmı?! *** Bu günlərdə ölkənin daha bir tanınmış, ictimaiyyətin hörmət bəslədiyi, hətta onun pozitiv xarakterinə qibtə etdiyi, davranışında, görünüşündə heç bir ailə probleminin olacağı ağıla gəlməyən daha bir şəxs mənə ürəyini açdı. Mən sanki onun üçün ailə psixoloqu idim. Dinləyib dərdinə dərman olmalı idim. Adam ömrünün gənc yaşında olsa da, kişi olaraq öz evinin içərisində ciddi bir rolu qalmayıb. Yeganə rolu ailə və uşaqlarını maddi olaraq təmin etməkdir. Ər-arvad münasibətləri sıfırın altındadır. Cinsi həyata əlvida deyiblər. Danışır ki, evə gedirəm, qadın bütün günü mətbəxdədir, əzizlədiyi xurustal qabları parıldatmaqla məşğul olur, yemək bişirir, qab yuyur, Xoşqədəmə, Zaura baxır, gecə 2-3 serialı paralel olaraq izləyir. Mən yatağa gedirəm, bir qədər gözləyirəm, o gəlmir və axırda məni yuxu tutur. Gecə nə vaxt yatağa gəldiyini hiss etmirəm. Çünki aramızda artıq heç bir hissiyyat da qalmayıb. Bayırda olanda gündə 15 dəfə zəng edir, bütün trayektoriyamı kontrolda saxlayır, amma mən evə gəldikdən sonra sanki belə bir adam yoxdur... Və beləcə həyat su kimi axıb gedir. Sevgi itir, hörmət yox olur, həyat puç olur. Yaşadığın ömürün tam yarısını bir boşluq, gözlənti uğruna zay edirsən. Azərbaycan qadını isə bunu anlamaq istəmir. Gic-gic seriallara ayırdığı vaxtın, diqqətin 15 faizini öz həyatının yoldaşına ayırmağı ağlından belə keçrmir. Elə bilir ki, o nikah şəhadətnaməsinə imza atmaqla, bakirəliyini həyat yoldaşına hədiyyə etməklə və ondan uşaq doğmaqla bütün qadın funksiyalarını yerinə yetirmişdir. İndi dimdik-dimdiyə də gəlmək olar, lap yeri gəlsə “get, dünəndən boşan” demək də. Hə, nə olsun?! Elə bu kimi səbəblər deyilmi ki, ildən ilə boşanma ilə bağlı statistika bu qədər zənginləşir?! Rusiya coğrafiyasında doğulan yüzlərlə uşağın öz azərbaycanlı atasını müxtəlif kanallar vasitəsi ilə axtarışa çıxdığını hamımız görmüşük. Azərbaycan kişilərində başqa millətlərin qadınlarına xüsusi simpatiya hissinin olduğu danılmazdır. Əcaba, bunun səbəbi nədir? Siz heç hansısa İvanın, Petrovun azərbaycanlı xanımdan uşaqlarının olduğunu eşitmisinizmi? Heç hansısa Hansın, Müllerin Səkinədən uşağının olduğunu gördünüzmü? Amma nədənsə Azərbaycan kişiləri başqa xalqların oxuyan, oynayan, həm də sənə mehman olan xanımları üçün aclıq hissi keçirib. Onlar evdən qaçıblar, qaçmaları üçün sonsuz səbəbləri olub və o səbəblər bu gün də mövcuddur. Haqverdiyevin bu problemi qaldırdığı vaxtdan 100 il vaxt keçib. Dünya dəyişdi. Xəritələr dəyişdi. Bütün coğrafiyada insanların qavrayşı dəyişdi. Təhsil, səhiyyə, hətta insanların xarici görkəmləri də dəyişdi (daha çox qadınlarda). Amma bircə Azərbaycan qadınının təfəkkürü dəyişmədi. Niyə? Axı dəyişmək gözəllikdir, yenilikdir, inkişafdır. Yerində saymaq nəyə lazımdır, kimə lazımdır? Axı bu heç gözümüzün nuru ola biləcək xanımların özlərinə də faydalı deyil. O zaman bu inad kimə lazımdır? Elnur Məmmədli /Yenisabah.az