Hindistanın qərarı Pakistanı SUSUZ QOYDU
Hindistanın Çənab çayı üzərində yerləşən Baqlıhar su anbarından su buraxılışını dayandırması Pakistanda ciddi su çatışmazlığına səbəb olub. Musavat.com xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb. Bazar ertəsi günü Baqlıhar bəndindən Çənab çayı istiqamətində Pakistana axan suyun miqdarı 91% azalıb. Bəndin bağlanması nəticəsində bu mühüm su arteriyasının axını demək olar ki, tamamilə dayandırılıb. Qeyd edək ki, Çənab çayı Pakistanın Pəncab əyalətində kənd təsərrüfatı üçün həyati əhəmiyyət daşıyır. Nəşr yazır ki, “yaranmış vəziyyət Hindistanın Pakistana təzyiq göstərmək üçün su resurslarını idarə edə biləcək infrastruktur qurduğunu göstərir”. Hindistan və Pakistan arasında İnd çayı sistemi üzrə birgə komissiyada Pakistanı təmsil edən Məhəmməd Xalid İdris Rana "Bloomberg" agentliyinə açıqlamasında bildirib ki, İslamabad kənd təsərrüfatı bölgələrinə verilən suyu beşdə bir nisbətində azaltmağa məcbur olacaq. Onun sözlərinə görə, Hindistan Pakistana çatmalı olan suyu öz su anbarlarını doldurmaq üçün istifadə edir ki, bu da ona yay mövsümündə Çənab çayı üzərindəki üç su elektrik stansiyasında enerji istehsalını artırmağa imkan verəcək. Bu isə o deməkdir ki, Pakistan bu ilin kənd təsərrüfatı mövsümünün əvvəlində 21%-lik su qıtlığı ilə üzləşə bilər. 1960-cı ildə Hindistan və Pakistan arasında imzalanmış İnd çayı müqaviləsinə əsasən, su resurslarının bölgüsü həyata keçirilib. Müqaviləyə görə, İslamabad Hindistan ərazisindən keçən İnd çayı və onun qolları olan Çənab və Çelum üzərində nəzarət hüququ əldə edib. Lakin Hindistana həmin çaylardan ətraf sahələrin suvarılması və yerli əhali üçün istifadə imkanı verilib. Hindistan isə Biyas, Ravi və Satlec çayları üzərində tam nəzarətə malikdir. Müqavilə çərçivəsində tərəflər məlumat mübadiləsi aparmaq üçün İnd üzrə Daimi Komissiya yaratmağa razılaşıblar. Lakin bu balans son terror aktından sonra pozulub. Aprelin 22-də Cammu və Kəşmirdə törədilən terror aktından sonra Hindistan Xarici İşlər Nazirliyi İnd çayı üzrə razılaşmanın dərhal dayandırıldığını elan edib. Nazirlik bu qərarın, Pakistan "terrorizmi qəti və geri dönməz şəkildə dayandırana qədər" qüvvədə qalacağını vurğulayıb. Həmin hücum nəticəsində 26 nəfər həlak olub və hadisənin transsərhəd əlaqələri aşkarlanıb. Hindistan rəsmiləri daha əvvəl də bəyan edib ki, Pakistan ərazisinə bir damcı belə suyun düşməməsi üçün qısa, orta və uzunmüddətli tədbirlər hazırlanır. İslamabad isə Hindistandan Pakistana çatmalı olan suyun qarşısının alınmasını və ya istiqamətinin dəyişdirilməsini, habelə sahilyanı dövlətlərin hüquqlarının pozulmasını "müharibə aktı" kimi qiymətləndirəcəyini bildirib.Hindistan və Pakistan arasında İnd çayı razılaşması