ƏCNƏBİ oliqarxlar uşaqlarını necə TƏRBİYƏ EDİR - MƏMURLAR üçün NÜMUNƏ...
Az pul, bol diqqət və sınaqlar - nəticədə uşaq qudurğan yox, zəhmətkeş böyüyür...
Cəmiyyət olaraq ölkənin zəngin övladlarının etdiyi qudurğanlıqları, harınlıqları izləməklə məşğuluq. Bəli, dövlət məmurlarının pulu o qədər çoxdur ki, onlar bu pulla övladlarını ərköyünləşdirmək üçün əllərindən gələni edirlər. Ən bahalı maşınlar, astronomik məbləğdə cib xərcliyi, sonsuz kredit... və nəticə ya qudurğan bir məmur oğlunun insan ölümünə səbəb olan yol qəza hadisəsi, ya da silahlı atışma, dava-dalaş, bir sözlə, insident.
O halda nə etməli? Necə etməli?
Sıradan insanlar övladlarının problemlərini yoluna qoymaq üçün dəlilər kimi çalışırlar. Varlılar isə o pulları övladlarına verəndən sonra onun yoldan çıxmaması barədə düşünürlər. Çox vaxt da düşünmürlər. Amma pul, varidat heç də hər zaman yaxşı övlad tərbiyə etməyə səbəb olmur. Maraqlıdır, dünya varlıları öz uşaqlarını necə tərbiyə edir? Pul çox, sərhədlər şəffaf, “olmaz” sözü leksikondan çıxarılıbsa, problemin həlli nədədir?
“Yeni Müsavat” mövzunun aktual olduğunu nəzərə alıb, dünya mətbuatına istinadən bu nümunələr və çıxış yolları barədə yazıb. Öncə ondan başlayaq ki, zəngin insanlar uşaqlarında məqsədin uşaqlıqdan yaranmasına imkan verirlər. Onlar aparıcı universitetlərin gələcək məzunlarını tərbiyə edirlər. Bu uşaqlar nəticədə istedadlı həkim, hüquqşünas və uğurlu rəhbər olurlar. Amma insanların əksəriyyəti körpələrini “o, hələlik çox kiçikdir”, “sonra müəyyən edərik” kimi fikirlərlə tərbiyə edirlər.
Əlbəttə, valideyn gələcəyi haqqında fikirləri ilə uşağın beynini doldurmalı deyil. Amma o, uşağın öz hədəfinə çatmasına yardım etməlidir. Digər tərəfdən, uşaqlara biliklərə sevgini aşılamaq lazımdır. Və nəticədə o, tezliklə öz yolunu seçəcək.
Əksər milyonçular uşaqlarını müasir texniki avadanlıqlardan uzaq tutmağa çalışır. Məsələn, onların ilk kompüteri atalarına məxsus olur. Bəzi milyonçular isə ümumiyyətlə, evində televizordan belə istifadə etmirlər. Çünki mobil telefon insana öz vaxtını planlaşdırmağa imkan vermir. Televiziya da həyatın şablon modellərini göstərir. Əgər uşaq televizora baxmayacaqsa, onda bu asılılıq ondan ötüb keçəcək. Yanaşma təxminən bundan ibarətdir.
Uşaqlar onların valideynləri üçün işləməyin necə ağır olması, həmçinin pis kolleqalar və başqa neqativ hallar haqqında daim eşidirlər. Uşaqlar erkən yaşlarından artıq özlərini belə “proqramlaşdırırlar” ki, işləmək nə isə ağır və xoşagəlməz bir şeydir. Nümunəvi valideynlərin ailəsində uşaqlar artıq iki yaşdan evdə sadə işlərə kömək etməyə başlayırlar. Çünki uşaqlar bilməlidir ki, həyatda heç nə pulsuz olmur. Bu, xarakteri möhkəmləndirir.
Bir çox valideynlər uşaqlarına ehtiyac olmadan pul xərcləməməyi öyrətmək istəyirlər. Amma bəzi milyonçu ailələrin evində belə qayda var: kim 10 dollar yığacaqsa, daha 10 dollar qazanacaq. Uşaq lazımi məbləği yığdısa, onu yalnız faydalı şeylərə xərcləyə bilər. Məsələn, bu, inkişafa imkan yaradan musiqi aləti, velosiped, stolüstü oyun ola bilər. “Yeni şeyləri ona görə almaq lazım deyil ki, onu başqaları da alır. Bu, mənasızdır” - evdəki əsas yanaşma budur.
Uğurlu insanlar, bir qayda olaraq, əliaçıq olurlar. Onlar bölüşməyə həmişə şaddırlar. Milyonçuların uşaqları qazandıqları pulların 10%-ni kasıblara verir, pulun 30%-ni isə özlərinə oyuncaqlar almaq və əyləncələr üçün saxlayırlar. Qalan məbləği isə onlar gələcək ideyaları üçün saxlayırlar.
Üilliams Group kompaniyasının araşdırmasına görə, əksər milyonerlər varlı qohumlarından miras qalmış pulları artıq ikinci nəsildir ki, xərcləyirlər.
Britaniyanın “Time” qəzetinin yazdığına görə, 70 faiz imkanlı ailələrin pulları nəvələri tərəfindən mənimsənilir. Ailələrin 90 faiz pulu isə nəticələri tərəfindən məhv edilir.
Bu məsələ ilə məşğul olan Amerikanın U.S.Trust kompaniyasının sədri Kris Haylmann bildirir ki, investisiya potensiyalı 3 milyon dollardan çox olan insanlar arasında aparılan sorğu göstərir ki, 78 faiz varlı adamlar onların pullarını övladlarının idarə edə biləcəyinə inanmır.
Çinin Sarita İnstitutu yerli milyonerlər üçün süfrə mədəniyyəti, lüks markaların tələffüzü, uşaq tərbiyəsi kimi dərslərin verildiyi kurslar açıb. Kursun əsas məqsədi Qərb dövlətlərində ziyafətlərə, iş görüşlərinə gedən varlı insanların orada “biabırçı vəziyyətə” düşməmələrinə kömək etməkdir.
İnstitutun müəlliməsi Sara Ceyn Ho İsveçrədə öyrəndiyi etika qaydalarını artıq 200-dən çox insana öyrədib, indi də işini genişləndirmək qərarına gələrək kurs açıb. Dediyinə görə, əvvəllər ancaq “Rolls Royce” sahibləri onun dərslərinə qatılırdılarsa, indi Avropa mədəniyyəti ilə maraqlanan orta təbəqədən olan evdar xanımlar, tələbələr, dövlət adamları da gəlirlər.
Maraqlıdır ki, çinlilər avropalı görünmək üçün böyük məbləğdə pul xərcləməkdən çəkinmirlər. 10 nəfərlik qrupla keçirilən yarım günlük kursun qiyməti 3243 dollardır. “Qonaq qarşılama” dərslərinin müddəti isə 12 gün, xərci 16 min dollardır. (Musavat.com)