Türk Dövlətləri Təşkilatı: Alternativ gücün formalaşması yolunda Bakının oynadığı rol

"Sammit Türk dövlətlərini bir-birinə daha da yaxınlaşdıracaq”. 
Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycan Prezidenti İlham Əliyevin TDT-nin növbədənkənar sammitində iştirak etmək üçün Türkiyəyə olan səfərini şərh edərkən deyib: 
"Türk Dövlətləri Təşkilatının növbədənkənar sammiti Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilir. Əsas mövzu zəlzələdən ziyan çəkən Türkiyəyə yardım kampaniyasının təşkil edilməsidir. Eyni zamanda, təşkilatdaxili, ikitərəfli məsələlərin müzakirəsi də gözlənilir. TDT yarandığı dövrdən özünün möhkəmləyini, ən əsası dünya birliyində ciddi gücə çevrildiyini sübut edə bildi. Bir kökdən olan xalqların dövlətləri demək olar ki, bütün məsələlər üzrə həmrəylik və birlik nümayiş etdirə bilirlər. Sammitdə dağıdıcı zəlzələyə məruz qalan Türkiyəyə kömək məsələsi əsas mövzu olacaq. Türkiyə özü yaşadığı problemləri həll etmək gücündədir. Ancaq qardaşlığın, dostluğun dəyəri çətin dövrdə göstərilən diqqətdən və problemlərin aradan qaldırılmasında iştirakdan gedir”. 
Deputat qeyd edib ki, gündəlikdə yer alan məsələlərdən başqa ikitərəfli görüşlər, birgə məsələlərin müzakirəsi də gözləniləndir: 
"Azərbaycan özünü etibarlı tərəfdaş kimi tanıda bilib. Bu mənada, Türkiyəyə səfəri fonunda dövlət başçımızla ayrıca görüşmək istəyən dövlət rəhbərləri də az olmayacaq”. 
Qeyd edək ki, bu gün Türkiyədə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilir. Görüşdə fevralın 6-da Türkiyədə baş verən zəlzələ ilə bağlı bu ölkə ilə həmrəylik məqsədilə keçirilən toplantıda fəlakətlər və onların nəticələri ilə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, habelə gündəmdə olan ortaq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. *Qaynarinfo 






Fikirlər