“Şagirdləri sanki təhsildən iyrəndirməyə çalışırlar” -Psixoloqdan etiraz

“Şagirdləri sanki  təhsildən iyrəndirməyə çalışırlar”-Psixoloqdan etiraz

 

Martın 12-də keçirilən  buraxılış imtahanı çətinlik səviyyəsinə görə media  və sosial şəbəkələrdə geniş narazılıq yaradıb.

 

Məsələnin abituriyent psixologiyasına ciddi təsiri  ilə bağlı danışan psixoloq Fərqanə Mehmanqızı Moderator.az-a açıqlamasında maraqlı təhlil aparıb. İmtahandakı mənfi halların  gənclərin psixologiyasına neqativ təsir göstərdiyini söyləyən psixoloq bu halın valideynlərdən də təsirsiz ötüşmədiyini bildirdi:

 

“Yeniyetmələrin bu imtahanla müstəqil həyata ilk addımlarını atmaq istədiklərini nəzərə alsaq, belə ədalətsizliyə, haqsızlığa uğramaq onlarda böyük travmaya səbəb ola bilər. Pandemiya, karantin nəticəsində insanların psixologiyası kifayət qədər əziyyət çəkib.

 

Bu gün təhsildəki haqsızlıqlarla, sanki, şagirdləri təhsildən iyrəndirməyə çalışırlar. Nəticədə, öz gücünə güvənən, maddi durumu nisbətən yaxşı olan gənclər xaricə üz tutacaqlar. Onların əksəriyyəti elə orada da  qalacaqlar.

 

Beləcə, biz çalışan beyinləri itirəcəyik. Maddi baxımdan daha aşağı olan, xaricə çıxmağa imkanı olmayan uşaqlar isə bu keçirdikləri stresdən sonra həyatlarına aqressiyayla, streslə davam edəcəklər. Biz hər il imtahanlardan sonra neçə-neçə yeniyetmələrin intaharı ilə rastlaşırıq.Bu imtahan valideynlər üçün də psixoloji sınaq idi. Uşaqlarımızı oxutmaq istədikdə ötən imtahanda baş verən haqsızlıq artıq bizdə narahatlıq yaradacaq”.

 

“Məktəbdəki təhsillə universitetə daxil ola  bilmirik”

 

F.Mehmanqızı açıqlamasında təhsil sistemindəki boşluqlardan da söz açdı:

“Bu gün biz məktəbdəki təhsillə universitetə girə bilmirik. Ali təhsilə qəbul üçün əlavə hazırlıq kurslarına ehtiyac duyuruq. Digər məsələlərdə olduğu kimi təhsil sahəsində də inkişaf etmiş ölkələri örnək götürə

bilərik. Universitetə girmək asan, orada oxumaq çətin olmalıdır. Universitetin nəzdində tələbələrin savadı, ixtisası üzrə peşəkarlıq səviyyəsi filterdən keçirmək lazımdır. 600 balla ali məktəbə qəbul olunan uşaq universitetdə heç nə əldə edə bilmir. Çünki o, universitetə əzbərçiliklə qəbul olunub. Bizi əzbəçiliyə məcbur edirlər. Əks halda, ali məktəbə qəbul oluna bilməyəcəyik. Bu gün universitetdə oxumaq qəbul olunmaqdan qat-qat asandır. Yaxşı olardı ki, uşaqlar ali məktəbə asanlıqla qəbul olunsun, ancaq orda oxumaq üçün bacarıq qabiliyyət və əzmkarlıq tələb edilsin. Bunun nəticəsində biləcəyik ki, həkimimiz də, mühəndisimiz də işinin peşəkarıdır”.






Fikirlər