“Qurtuluş 93”də qanunsuz tikinti dayandırılıb, ağacların kəsilməsi araşdırılır - FOTOFAKT
Abşeron rayonunun Masazır qəsəbəsində, “Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin ərazisində ağacların kəsildiyi və yerində inşaat işinin aparıldığı bildirilir.
Bu barədə Yeniavaz.com-a bir qrup sakin məlumat verib.
Onların sözlərinə görə, İstiqlaliyyət küçəsindəki yaşıllıq ərazidə yerləşən ağacların bir qismi kəsilib və yerində yeni obyekt tikilməsi üçün dəmir dirəklər basdırılıb.
Sakinlərin redaksiyamıza göndərdiyi ərazidən çəkilmiş fotoları təqdim edirik:
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Yeniavaz.com-un müvafiq sorğusuna cavab olara bildirilib ki, sözügedən ərazidə həqiqətən də qeyri-qanuni tikinti aparılıb:
“Sözügedən əraziyə baxış keçirilib və qeyri-qanuni tikintinin dayandırılması, həmçinin sökülməsi ilə bağlı müvafiq addım atılıb. Söküntü işləri gedir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə Yeniavaz.com-a bildirilib ki, sözügedən ərazidə bu ilin aprel ayında ağac kəsilməsi ilə bağlı araşdırma aparılıb:
“Təbiətə dəymiş ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.