Dolların satışına limit qoyulub? - Mərkəzi Bank məsuliyyətdən yayınır...
“Dollar satışında limit məsələsi yenidən gündəmə gəlib. Bununla bağlı son vaxt müxtəlif təbəqələrdən çoxlu müraciətlər olur, narazılıqlar bildirilir. Banklar qeyri-rəsmi söhbətlərdə Mərkəzi Bankın göstərişinin olduğunu bildirsələr də rəsmi qurum bu fikirləri təsdiqləmir və bankların özfəaliyyəti olduğunu iddia edir”. Modern.az-ın məlumatına görə, bu fikirləri bildirən iqtisadçı Samir Əliyev yaranmış situasiyanı internetlə bağlı yaşanan problemlə müqayisə edib: “İnternetdə problemlə olduqda onu ATS-lərlə provayderlər bir-birinini üstünə atırlar. Zərbə isə istehlakçıya dəyir. Reallıq odur ki, dollar alışına limit var və bəzi istisnalarla 20 min manatdan çox dollar almaq mümkünsüzdür. Limit göstərişinin Mərkəzi Bankdan gəlməsi şübhə doğurmur. Əks halda, problem qısa müddətdə aradan qaldırılardı. Əgər bu addım bankların öz təşəbbüsüdürsə, bu halda “bazar sövdələşməsi” baş verir və banklara qarşı cəza tədbirəri görülməlidir. Əgər heç bir tədbir görülmürsə və proses olduğu kimi davam edirsə, deməli, göstəriş bir mərkəzdən gəlib”. Ekspertin sözlərinə görə, Mərkəzi Bankın belə göstəriş verməsindən boyun qaçırması anlaşılmazdır: “Hamıya məlumdur ki, manatın məzənnəsi inzibati qaydada tənzimlənir və məzənnənin qorunması indiki dövrdə sosial baxımdan əhalini qoruyur. Yəni mövcud məzənnə qısamüddətli olsa da, hamıya sərf edir. Və məzənnəni qorumaq üçün hökumət Mərkəzi Bankın timsalında məhdudlaşdırıcı tədbirləri atırır. 20 min manatlıq limit də həmin məhdudlaşdırıcı tədbirlədən biridir. Qarşıda 2 yolumuz var: ya məzənnəni buraxmalıyıq və bunun zərərini qəbul etməliyik. Zərbə isə həm biznesə, həm əhaliyə, həm də ümumilikdə ölkə iqtisadiyyatına dəyəcək. Ya da məzənnəni qoruyub və bunun üçün məhdudiyyətləri anlaşıqlı qarşılamalıyıq. İndiki halda ikinci yolu seçmişik və fikrimcə, bu, indiki dövr üçün optimal yoldur. Məhz buna görə də Mərkəz Bank açıqca bəyan edərək banklara belə göstəriş verdiyini bildirməlidir. Məsuliyyəti bankların üstünə atılması düzgün addım deyil”.