“Atam həmişə deyirdi ki, hansı sənəti istəyirsiniz, onu da seçin. Bəlkə də bizimlə bağlı bir arzusu var idi, amma demirdi. Hiss edirdi ki, bizi tez tərk edəcək. Böyük aktyor olduğuna görə demirəm. O çox böyük insan, adamsevər şəxsiyyət idi. Bizim evimiz həmişə qonaqlı-qaralı olurdu. Qapımız bağlanmırdı. Çox sevirdi hamıya kömək etsin. Bir gündə 5-6 insana kömək etməsəydi, elə bilərdi ki, o günü yaşamayıb. Kimə pulla, kimə təhsillə, kimə universitetə daxil olmaqla bağlı köməklik göstərirdi. Bir faktı da sizinlə bölüşmək istəyirəm. Bəşir Səfəroğlu xəstəxanada idi. 50 yaşı tamam olurdu. Atamla Şəmsi müəllim Mərkəzi Komitəyə zəng etdilər. O vaxtlar da müəyyən vaxtlarda təqdimatlar hazırlanardı. Şəmsi müəllim “Özünüz bilərsiniz, siyahıda Bəşirin adı var ya yox. Biz bu gün səhnədə tamaşadan sonra onu xalq artisti kimi təqdim edəcəyik” deyib dəstəyi asıb. Xəstəxanadan gətirdilər. Üstündən bir az keçməmiş “xalq artisti” təqdimatı da gəlmişdi”.
"AzerTaym.az" bildirir ki,bunu Moderator.az-a açıqlamasında görkəmli aktyor Lüftəli Abdullayevin qızı, əməkdar artist Xurşud Abdullayeva deyib.
“Evdə çox ciddi idi. Amma uşaqlara, ələxsus da bizlərə heç vaxt səsini qaldırmayıb. Bir dəfə dərsimdən 3 almışdım. Axşam atam evə gələn kimi anam ona dedi ki, “sən atasan, get qızınla maraqlan gör niyə pis qiymət alıb?”. Atam otağa girib dedi ki, “qızım, 3 almısan?”. Anam da arxada dayanıb baxırdı ki, yəqin onu tənbeh edəcək. Dedi ki, “yaxşı etmisən 3 almısan, yat”. Atam anama sadiq idi. Atam 15 il anama elçi göndərib, onu çox çətinliklə atama veriblər. Görün bu insan anama necə sadiq olub. (gülür). Atam anama deyirdi ki, heç bilmirəm onların toyunu görə biləcəyəm ya yox. Ona görə də bizə ciddiliyi anamın göstərməsini istəyib. Bir əhvalatı da sizinlə bölüşmək istərdim. Atam bir dəfə toyda idi, çox gec idi, anamla balkona çıxıb, onun gəlməsini gözləyirdik. Bir də gördük ki, atam yavaş-yavaş gəlir, başında da “norka papaq”. Bir gənc papanın başından papağı götürüb qaçdı. Üzünü geri çevirib, atamı görüb dayandı. Papağı gətirib yenidən atamın başına qoydu. Atam həmin uşağı gətirib evdə yemək verdi, sonra cibinə də pul qoyub yola saldı” deyə sənətkarın qızı bildirib.
Sənətkarın qızı bildirib ki, atası bir qız övladını övladlığa götürüb.
“Atam bir axşam tamaşadan qayıdanda görüb ki, parkda skamyada 15 yaşlı bir qız oturub. Ona yaxınlaşıb deyib ki, burada neynirsən? Qız iş axtardığını bildirib. Deyib ki, gedək bizə. Əlindən tutub evə gətirib. 1957-ci ildən Dulsya evimizdə atamın böyük qızı kimi yaşayıb, böyüyüb. O bizə də baxıb, bacım Gülnarənin uşaqlarına da. Təəssüflər olsun ki, artıq o rəhmətə gedib. Atam anama deyirdi ki, Dulsyanın xətrinə dəyməyin. Atam hədiyyə alanda birinci Dulsyaya, sonra anama, sonra bizə alırdı” deyə sənətkarın qızı bildirib.
Xurşud Abdullayeva atasının son gününü də xatırlayıb.
“Atam 1973-cü il, dekabrın ayının 9-da Nəsibə xanımla birgə tələbələrlə görüşdə idi. Evə qayıtdı. Mənə dedi ki, telefon kinişkamı gətir. Gətirib ona verdim. Zəng edib bütün dostları ilə sağollaşdı. İki saata yaxın telefonda danışdı. Sonuncu dəfə Bəxtiyar Vahabzadəyə zəng etdi. Dedi ki, “gedirəm, o biri dünyaya”. Günorta saat 2-də dünyasını dəyişdi. Sonuncu dəfə demişdi ki, “mənimki bu dünya ilə qurtardı” deyə sənətkarın qızı deyib.