Tarix gecikmiş suallara cavab istəyir ...

Şəmsəddin Əliyev
 
Dünya oxucularının yaxşı tanıdığı, “İngiltərə ədəbiyyatının qızıl əsri”nə unudulmaz əsərlər bəxş edən Çarlz Dikkensin(XVII əsrdə) Avropada barmaqla göstərilən nəhəng siyasətçi və sərkərdə Oliver Kromvelin ideoloqu olduğu İngiltərə burjua inqilabı dövründə yazdığı “Barnebi Rac” tarixi-macəra əsərindəki bir epizod diqqətimi yaman çəkmişdi. Hadisələr 1780-ci illəri əhatə edir.
İngilis hüquqşünası və parlament üzvü Semuel Romilli heç nəyi şişirtmədən deyir: “...Himayəsində iki azyaşlı uşağı olan ananın 18 yaşı yenicə tamam olmuşdu. Gənc ana Meri Cons dükandan bir arşın ucuz parçanı oğurlamağa cəhd etdiyinə görə həbs edilir. Merinin həyat yoldaşı fövqəladə vəziyyətlə bağlı donanmada xidmətə cəlb olunur. Qısa müddətdən sonra Meri sosial çətinliklər ucbatından küçədə dilənməyə, borclarını ödəyə bilmədiyindən evdəki bütün əşyalarını borc əvəzinə verməyə məcbur olur. Meri ucuz kətan parçasını götürməyə cəhd edərkən dükan sahibinin onu gördüyünü anlayıb dərhal da parçanı gödəkcəsinin altından cıxarıb yerinə qoyur. Amma artıq geç idi...”
Meri bu kiçik oğurluğa cəhd etdiyinə görə müstəsna cəza –asılmağa hökm edilir. O, məhkəmədə özünü müdafiə məqsədilə son sözünü deyir:
“Zati aliləri!
Təmiz vicdanla yaşamışıq, qonşular arasında qarşılıqlı hörmət olub. Hər şey həyat yoldaşımın donanmada xidmətə cəlb edilməsindən sonra baş verdi. Məhrumiyyətlər məni çıxılmaz bir vəziyyətlə üzbəüz qoymuşdu. Əvvəl dilənçiliyə başladım, sonra borc almağa məcbur oldum. Lakin borcları ödəyə bilmədiyimdən əvəzində evin əşyalarını verdim. İndi isə, heç yataq dəstimiz, yorğan-döşəyimiz də yoxdur. İki körpəni dolandırmaq imkanım tükənib, hər ikisinin geyməyə paltarları belə yoxdur...”
Məhkəmədə Merini müşayət edən hakimiyyət nümayəndələri onun ifadəsini təsdiqləsələr də, bu, heç bir əhəmiyyət kəsb etmədi... Qoynundakı körpə öz aləmində idi. Totuq, pambıq tək yumşaq əllərilə anasının döşlərindən iki əlli elə yapışmışdı ki, sanki anasını əlindən alacaqdılar, hakimin qəbul etdiyi qərarın ədalətli olacağına inanırdı...
Həmin ərəfədə oğurluq faktlarının qarşısının alınmasında mövcud çətinliklər və mağaza sahibinin şikayətini həll etmək məqsədilə məhkəmə oğruya şamil olacaq yüngülləşdirici halları diqqətdən kənara qoydu. O, qucaqda öz dili ilə danışan körpəni də unutmuşdu. Daha çox dükan sahiblərinin marağı diqqət çəkirdi... Hökm ayaq üstə səsləndi və ayaq üstə də dinlənildi... Meri son çıxışı ilə məhkəməyə və iştirakçılara özünün bilik və bacarığını da təsdiqləmişdi. Onu məhkəmə zalından həbsxanaya aparanda qucağındakı körpə, körpə aləmindəydi, düz anasının yaşlı gözlərinə baxırdı... Zala da sükut çökmüşdü... ”Bəs bu körpənin taleyi necə olacaq?”, – deyə düşünənlər də az deyildi... Amma, həmin burjua dönəmində Avropanın öz qaydaları vardı...
Hakimin hüquq düşüncəsi Qərb-Avropa məhkəmə sisteminin sosial ədalətin bərpasına yönələn prosesual davranışlarının həddindəydi!”
Bunları niyə xatırlatdım? BMT-nin məlum qətnamələrinin icra edilməməsindən neçə onilliklər ötüb. İşğal altında olan torpaqlarımızı xarabazara döndərənlər, ərazilərimizi səngərlərə, “alınmaz qala”ya, istehkamlara çevirənlər “Dəmir yumruqla” məhv edildi... Yeraltı və yerüstü sərvətimizi talan edib, qazanc əldə edənlər diz çöküb kapitulyasiyaya imza atmağa məcbur oldular .
Dünya ictimaiyyətinə Beynəlxalq hüquqdan və beynəlxalq cinayət hüququndan mühazirə oxuyanlar bu normaların prinsiplərini sanki unutmuşdular, mütəşəkkil cinayətkar dəstələrin, transmilli mütəşəkkil cinayətkarların xüsusilə ağır əməllərini sanki görmürdülər. Azərbaycanlılara qarşı xüsusi amansızlığı ilə seçilən cinayətlərə görə erməni siyasilərinin bu günə qədər məsuliyyətə cəlb olunmaması məsələsi də total ədalətsizliyin və həyasızlığın nümunəsidir...
Cəzasızlıq mühitinin dairəsi o qədər böyük olub və indi də o qədər böyüyüb ki, həmin cinayətlərin obyekti və obyektiv əlamətləri, sübyekti və sübyektiv cəhətləri hamıya bəlli olsa da, cəzanın labüdlüyü prinsipi icradan kənarda qalıb. Bu da ermənilərə havadarlıq edən dövlətlərə xas siyasi həyasızlığın, çürük diplomatiyanın və qaydasız oyunun nümunəsi kimi indi də davam edir. Artıq Baş Prokurorluq tərəfindən bu istiqamətdə arzu olunan həddə prosesual addımlar atılır.
Ermənistan tərəfi Qərbdəki havadarlarına güvənərək yeraltı və yerüstü sərvətimizi taladığına, etdiyi əməllərinin nəticəsini də öncədən gördüyünə və arzuladığına görə İkinci Dünya Müharibəsi dövrünə aid Nürnberq prosesinə uyğun beynəlxalq məhkəmə qurulmalı, qatillər sırasında ilk olaraq Koçaryan və Sarkisyan, sonra digərləri oturub mühakimə olunmalıdırlar ki, bəşəriyyətə görk olsun. Sərvətlərimizi talamaqda iştirak edən digər tərəf-dövlət də bu cinayətlərdə qəsdən, birgə iştirak etdiyinə görə məsuliyyət daşımalıdır.
Narahatlıq doğuran digər məsələ 44 gün davam edən müharibənin son günlərində erməni daşnaklarının məğlubiyyətlərilə barışa bilmədikləri üçün beynəlxalq normalarla qadağan olunmuş kütləvi qırğın silahlarından- ballistik raketlərdən istifadə etməsi idi. Beynəlxalq humanitar hüququn dili ilə ifadə etsək, bu silahlardan kombatant olmayanlara(hərbçi olmayanlara) - dinc əhaliyə qarşı tətbiq olundu. Həlak olanlar, zərərçəkənlər və vurulan zərərin miqdarı barədə baeynəlxalq təşkilatlara müvafiq məlumatlar verilib. Ancaq hələ laldırlar!
Məsələnin görünməyən tərəfi daşnakların beynəlxalq normalarla qadağan olunan ballistik silahlardan fasiləsiz istifadəsinə görə layiqli cəzaya cəlb edilməməsidir. Bu silahları onlara qanunsuz yolla çatdıran tərəflər də mütləq mənada cinayət təqibinə məruz qalmalıdırlar.
Bu mənada qadağan olunmuş silahların alveri də qadağandır deyə, həmin dövlətlər qəsdən başqa dövlətin - Azərbaycanın əhalisinə qarşı kütləvi qırğın silahlarından istifadə edilməsində birbaşa iştirakçı tərəf sayılırlar.
Uzun illər idi Azərbaycan vətəndaşları doğma yurdlarına həsrətlə boylanırdılar. Tarix onların taleyini, şən günlərini və həyatın sehrli mənzərələrini də qara yazmışdı. Zəfərdən sonra soydaşlarımızın həyatı dəyişdi, qara günlər xoş ovqatla davam edən günlərlə əvəz olundu. Azərbaycan qəhrəman övladlarının gücü ilə tarixin ibrət dərsini bu zalımlara görk olacaq həddə bəyan etdi.
 
Zaman–zaman bu yırtıcı xislətlilər millətimizə, imanımıza və inamımıza xəyanət etməkdən çəkinməyiblər. Müəyyən vaxtdan sonra yenə qonşulaşdıq. Qohum olduq. Qız aldıq, hətta qız da verdik. Yenə yanıldığımız üzə çıxdı. Əməllərimizdən xəcalət çəkdik... Təqvimin 44 günü yəqin bizə də görk olacaq!
 
İki ölkə arasında sülh mütləq lazımdır. Amma barışıq çətindir, mümkünsüzdür!
 
Tarix təkrarlandıqca gecikmiş suallara cavab istəyir. Bu tarixdən ibrət dərsi almasalar və heç nə öyrənməsələr onun təkrarlanmasına və yenidən dinlənilməsinə ehtiyac duyulacaq. Bir az dərinə baş vuranda tarixin köhnə suallarına yeni cavabların verilməsinə zərurət yaranacaq...
XXI əsr başqa dövr - çoxlu suallarin cavabsız qaldığı bir dövrdür. İndi dünya dövlətləri arasında münasibətləri tənzimləməli olan beynəlxalq hüquqa, beynəlxalq aləmdə sülhə təhlükə yaradan ixtilafları həll etməli və yaxud onların qarşısını almalı olan BMT-yə inam və etimad demək olar ki, itib. Ona görə də 44 günlük Vətən Müharibəsilə BMT və digər beynəlxalq qurumlara ünvanlanan çoxsaylı sualları mürəkkəb riyazi tənlik kimi özümüz həll etdik. İşlərini asanlaşdırdıq. Dövlətlər bu “nüfuzlu” təşkilatların üzvlüyündən çıxsa, qiyamət baş verməyəcək. Böyük Britaniya Aropa ittifaqından necə çıxdı? Başlamaq çətindir, sonrası rahat olacaq. Dünyada baş verən bədbəxtliklər və ədalətsizliklər də elə BMT-nin “BREND” saydığı insan hüquq və azadlıqlarına qarşı kobudluqları(yumşaq dedim) və hörmətsizlikləri görə bilmədiyinə, bəlkə də görmək istəmədiyinə görə baş verir. Ona görə də... Sonrası bəllidir...
İnsanlar yoxsulluğun əlindən doğma yurdlarını məcburən tərk edirlərsə, zəif, kiçik ölkələr viran qalırsa və BMT-nin “mavi dəbilqəlilər”i, Azərbaycan ərazisində rusun “sülhməramlılar”ı ermənilərin təxribatlarına seyrçi mövqedə durub susubsa, BMT kimə lazımdır və ümumiyyətlə lazımdırmı?
BMT-nin nizamnaməsinə ciddi dəyişikliklər olunmalı, beynəlxalq hüququn prinsipləri isə lal, kor, kar və aciz vəziyyətdən çıxıb odlu-alovlu danışan bir natiqə çevrilməlidir. Hamılıqla tanınan beynəlxalq normalar hamı ilə dil tapmağı bacarmalıdır...
Çıxış yolumuz: Yanımızda olan Allaha və bir-birimizə güvənək , etibar edək, sıx birləşək, düşmənlə danışanda çomaq yanımızda olsun. Yerimizdə və işimizdə möhkəm duraq. Məsəl var - ”Qızıl odda, xalq isə döyüşdə tanınar”. Yaşamağımız vətənə xidmətdə, sədaqətdə ifadə olunur. Ana Vətən uğrunda səf dayanmağı bacarmalıyıq. Mükafatımızı uca Allah, bir də Vətən verəcək. Özgə torpaqlarda gözümüz yox, öz torpaqlarımızı da heç kimə verməyəcəyik!
Üstümüzə yumruqla gələnə yumruqla, qılıncla gələnə qılıncla, artilleriya ilə gələnə modern silahlarla cavab verəcəyik! Atamızın oğlu olsa belə, gözlərimiz bağlanacaq, keçməyəcəyik! Vətənə məhəbbət olan yerdə ölümə də qalib gəlmək olar.
Anam Bakıda evimdə ikən kəndə getməsini israrla tələb edirdi. ”Bir-iki gün də qal, bir yerdə gedərik”,- dedim.
”Bala, o kiçik sərçə də yuvasını istər. Məni evimə apar! Doğma oçağa məhəbbət elə bir şeydir ki, odda yanmaz, suda da batmaz! Sümüklərim də ocağım üçün ağlayır! Kənd gecələrinin ulduzları və aylı gecələri də şəhərdəkindən fərqlidir, kəndimi istəyirəm, ocağımı istəyirəm! Oranın ləzzəti burda yoxdur, oğlum! Mənim kəndə qayıtmaq istəyim ayıb deyil ki? Darıxıram, vallah darıxıram...”, - deyə anam mənə sanki öyüd verirdi. Ruhu şad olsun anaların! Amin!
Uzun illər doğma ocağının həsrəti ilə yaşayan, ayrılıqdan qovrulub ğöz yaşı tökən, bu gün isə sevinərək ağlayanları başa düşürəm. Göz yaşlarınıza qurban, əziz həmvətənlər! Gözləriniz aydın olsun...!
Vətən yoxdursa günəşin, ayın və ulduzların nə mənası? Dünyanın fırlanıb-fırlanmaması da kimin vecinə? Vətənini sevən düşməninə nifrət edər. İşğal altında olan torpaqlarımızın təbiəti də igid övladlarımızın şücaəti ilə azad olunduqca ğöz yaşlarını silir, təbəssümlə bizə -övladlarına qucaq açır. Orda qərib, tək görünən ağaclar da yaşıl libaslı gəlin kimi bizi gülümsər baxışlarla qarşılayır...
Vətən, onu darda qoymayan iğidlərini həmişə xatırladıqca ömrü uzanacaq. İgidlər ölməz, hər zaman diridirlər! Ya Rəbb! Dağı dərəsiz, Vətəni anasız və igidlərsiz etmə!
Vətənə məhəbbət insanın şərəf və ləyaqətinin yüksək zirvəsidir. Ona görə də vətən uğrunda canını qurban vermək ən yüksək, müqəddəs qurban sayılır. Bu yolu özümüzə şərəf bilməliyik. Vətənin xoşbəxtliyi və səadəti qanımız bahasına başa gəldiyi üçün, bizə də səadət nəsib olur.
Anaların anası olan Vətənin yanında olaq və onu göz bəbəyimiz kimi qoruyaq! Bu dünyada gəzməyə ölkələr çoxdur, amma elə gəzməyə də, ölməyə də Vətən yaxşıdır. Vətən anamızın lay-lay dediyi beşiyimizdir.
Vətənin bataqlıqları olsa belə, rəngarəng və zəngindir. Bilməliyik ki, bizi əhatə edən zəngin təbiətimiz, geniş, ucsuz-bucaqsız meşələr, dəryalar, çəmənliklər, Kəlbəcərin dirilik məcunu - isti suyu, bizə ruh verən daha nələr, nələr...
Bu məqamda həyatı olduğu kimi qəbul edə bilmək üçün onun ziddiyyətlərilə barışmağımız lazım. Ağ olmadan qaranın da olmayacağını yəqin etmək, tikan yoxsa gülün yoxluğunu anlamaq zorundayıq. Məhəbbət olmasaydı, nifrət də olmazdı. İşığın gücü qaranlıqda bilinir...
Sevgi ilə sıxıntılar da həmişə iç-içə olur, həmişə!
Rəvayət edirlər ki, bir zamanlar Göylü(ad şərtidir) kəndindəki ağacın iki meyvə verən budaqları varmış. Budaqlardan birinin meyvəsi can dərmanıymış, digər budağının meyvəsi isə zəhərliymiş. Ətrafda yaşayanlar hansı budağın meyvəsinin şəfa verən, hansının zəhərli olduğunu unudublarmış. Günlərin birində kəndin yaşlı bir adamı sağalmaz xəstəlikdən əziyyət çəkən övladını qurtarmaq üçün göylüləri yanına çağırır: Mən ağacın bir meyvəsini yeyəcəyəm. Əgər ölsəm, deməli, həyat bəxş edən meyvə digər budaqdadır. O meyvədən övladıma verib ona can bəxş etmiş olarsız. Təklif qəbul olunur.
İxtiyar yaşında olan kişi meyvədən birini yeyir, ətraf mat-məəttəl qalır. Yaşlı kişinin ağ saçları qaralır, bükülmüş beli dikəlir, üz qırışları yox olur. Beləliklə, həyat verən meyvələri tanıyırlar. Birdən ağıllarına belə bir fikir gəlir ki, səhvən digər budağın meyvsini yeməmək üçün zəhərli budağı kəsək və heç kim yanılmasın. Razılaşırlar. Digər budaq kəsilincə, həyat verən meyvələrin budağı da qurumağa başlayır. Anlayırlar ki, həyatda ziddiyyətləri və onun dəngəsini rədd etmək, həqiqəti qəbul etməmək kainatın düzəninə dirənməkdir. Bu baxımdan yaxşı ilə pisi, xeyirlə şəri bir dəngədə qəbul edib həyatımızı yaşamağa məhkumuq!
Nobel mükafatına layiq görülmüş ilk afroamerikalı xanım yazıçı Tonni Morrison demişdi: Dünya haqqında nəyisə sübut etməyə əsla ehtiyac yoxdur, onsuz da, hər şey göz qabağındadır”.
 
Erməni nasistləri ilə bağlı da beynəlxalq aləmə və təşkilatlara nəyisə sübut etməyə bir hacət yox, hamıya bəlli faktlar sübuta lüzum görmür.
 
Gəlin Vətənimizi, qüdrət rəmzi olan Ordumuzu, bir-birimizi, millətimizi və türkü sevək və elə sevək ki, ürəklərdə alışan sevgi yanığının yeri qalsın.
 
Tanrı türk millətini qorusun! Düşmənlərimizi xar etsin!






Fikirlər