“Bir əsgərimizə qarşı 10 erməni əsgəri, QURAN belə əmr edir QİSAS ALMALIYIQ!”

“Bir əsgərimizə qarşı 10 erməni əsgəri, Quran belə əmr edir. Qisas almalıyıq!”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Yenisabah.az-a müsahibəsi:

-    Sərdar bəy, iyunun 4-də jurnalistlərin Kəlbəcərdə minaya düşməsi böyük əks-səda doğurdu. Düşmən tərəfindən belə bir təxribat gözlənilən idimi?

- Biz müharibə şəraitindəyik, tərəflər arasında sülh müqaviləsi imzalanmayıb, sadəcə olaraq vuruşma dayanıb. Atəşkəsdən sonra erməni-rus birlikləri bizə qarşı hibrit müharibəyə başladı. Hibrit müharibənin mahiyyəti isə məhz bu cür təxribatlardır, həmçinin Azərbaycan həqiqətlərinin mətbuatda təhrif edilməsidir və s. 

Düzü, hibrit müharibə məsələsində biz uduzuruq. Xüsusilə bu təxribat xarakterli addımlara qarşı yumşaq davranmağımız, kifayət qədər sərt tədbirlər görməməyimiz bunu açıq şəkildə göstərir. 40 nəfər erməni əsgəri Azərbaycan sərhədinə keçir, lakin Azərbaycan əsgəri qanuna uyğun olaraq düşməni neytrallaşdırmır, əksinə, qovub çıxarır. Halbuki onlar həbs olunmalı və məhv edilməlidir. Biz başısoyuq hərəkət etdiyimizə görə onların dəstələri gəlib təxribata əl atır və onları bu təxribata görə ittiham edə bilmərik. Çünki zatən müharibə edən tərəflər əllərində olan üsul və vasitələrdən bir-birinə qarşı həmişə istifadə edir. Sualı belə qoymaq lazımdır: “Nə üçün biz Ermənistan ərazisində erməni hərbi qüvvələrinin, dinc vətəndaşlarının bizdə olduğu kimi həlak olması ilə bağlı tədbirlər görmürük? Azərbaycan niyə analoji təxribatları ermənistan ərazisində törətmir?”. 

Vaxtilə “Ağ qvardiya”çılar kommunistləri öldürürdü. Onda Lenin “ağ terror”a qarşı “qırmızı terror” elan elədi. Eləcə də 50-ci illərdə erməni kəşfiyyat orqanları türklərin bütün dünyadakı səfirlərini, görkəmli şəxsləri hədəf götürürdü, həmin vaxt 50-dən artıq türk öldürüldü. Onda türk hökuməti beynəlxalq hüquqdan nə qədər istifadə etsə də, heç bir xeyri olmadı. Çünki belə naməlum qüvvələrin fəaliyyəti ilə bağlı heç kəs məsuliyyət daşımırdı. Nəticədə onlar da erməni ziyalıların, liderlərin öldürülməsini təşkil etdi və artıq ermənilər bu məsələni dayandırmağa məcbur qaldı. 

Yəni burada baş verənlərə sadəcə təxribat deyib onu ABŞ-a, Rusiyaya şikayət etməklə iş həll olunmur. Çünki onların hamısı zatən Ermənistanın tərəfindədir. Burada yeganə düzgün yol erməniləri ağıllandırmaqdır ki, başqa dövlətlərin əlində alətə çerilib bizə qarşı bu cür hərəkət etməsinlər. Bunun üçün biz onların bizə qarşı istifadə etdiyi üsul və vasitələri onlara qarşı tətbiq etməliyik.

-    Bəzi ekspertlər faciənin baş verməsində sürücünü günahlandırır. Onların fikrincə, yoldakı yamaqlar sürücünün gözündən qaçmamalı idi. Siz bu barədə nə düşünürsünüz? Faciənin qarşısını almaq olardımı?

 

-    Orada təkcə sürücü günahkar deyil. Onları oraya göndərib təhlükəsizliyini təmin etməyən, belə bir riskli zonada özbaşına hərəkət etməyə imkan verən şəxslərin hamısı məsuliyyət daşıyır. Sürücüyə sür deyilib, o da sürüb. Axı jurnalistlər o yolla gedirsə, həmin yolların təhlükəsizliyinə, gərək, təminat veriləydi, minaaxtaranlar həmin yollarda mütəmadi olaraq təmizləmə işi aparıb ondan sonra vətəndaşları oraya buraxmalıdır. Burada məsuliyyəti çox adam daşıyır. Elə məsuliyyət ilk növbədə televiziya rəhbərliyinin üzərinə düşür. Çünki jurnalistlərini sensasiya, ucuz üstünlük xatirinə ölümə göndərir, real təhlükənin hansı səviyyədə olduğunu nəzərə almır, lazım olan müdafiə, təhlükəsizlik tədbirlərini görmürlər. Həmin jurnalistlər oraya heç olmasa zirehli maşında getsəydi, nəticə bu qədər ağır olmazdı. Məncə, burada sürücünün heç bir günahı yoxdur.

-    Hesab edirsinizmi ki, mina əraziyə düşmən tərəfindən yeni basdırılıb?

 

-    Bunu dəqiq deyə bilmərəm. Sadəcə ermənilərin müharibədən sonra bizdən intiqam almaq üçün bu cür axmaq hərəkətlər edəcəyini proqnozlaşdırırdım. Hətta müharibənin gedişatında belə hər yeri minalayacaqlarını elan edib açıq bəyanat vermişdilər. Digər tərəfdən ortada həm dünya, həm Azərbaycan təcrübəsi var. Axı bizim aramızda əvvəldə də qeyd etdiyim kimi, sülh yoxdur, sadəcə atəşi dayandırmışıq. Müharibədə təxribatın olması, düşmən ərazisinə mina döşənməsi isə adi bir haldır. 

Sadəcə olaraq biz Azərbaycan tərəfinin niyə belə addımlar atmadığını müzakirə etməliyik. Yoxsa düşmən düşmənçiliyini ifadə etmək üçün hər yola əl ata bilər. Amma Azərbaycan tərəfi sanki Rusiyanın əlindədir. Rusiya nəyisə etmə deyirsə, etmir. “Onlara dəymə, qoy, gəlib minalasınlar, öldürsünlər, dağıtsınlar, siz də sadəcə bəyanat verin, vəssalam”,-deyir. Azərbaycan hökuməti ən sərt tədbirləri görməlidir. Bir əsgərimizə qarşı 10 erməni əsgəri öldürülməlidir. Bir dinc vətəndaşımıza qarşı, 10 dinc erməni öldürülməlidir. Quran bizə belə əmr edir. Qisas almalıyıq. İndi Rusiya, ABŞ, Fransa nəsə deyər deyə, Azərbaycan vətəndaşlarının məhv edilməsinə laqeyd qalmaq özü elə  vətənə xəyanətin bir formasıdır.

-    Sərdar bəy, insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatların da bu hadisəyə reaksiyası yetərli olmadı. Sizcə, nüfuzlu beynəlxalq təşkilatlar bu terror aktına niyə biganə qaldılar?

 

-    Bir müsəlmanın, bir türkün ölməsi heç kəsin vecinə deyil. O beynəlxalq təşkilatların 90 faizi xristian təəssübkeşliyi ilə işləyirlər, ona görə də onları ancaq erməni maraqları maraqlandırır. Məsələn, yüzlərlə məscid dağıdılıb, susurlar, bircə erməni kilsəsinin daşı düşən kimi səs-küy salmağa başlayırlar. Halbuki Allahın evi elə Allahın evidir. O, sinaqoq, ya kilsə, ya məscid olsun, fərq etmir. Bu, ikili standartdır. Belə təşkilatların verdiyi bəyanata diqqət etmək lazım deyil. Sadəcə olaraq Azərbaycan dünyanın mümkün qədər alternativ informasiya vasitələrilə məlumatlandırmağı bacarmalıdır. İnternet televiziyaları yaradılmalı, gecə-gündüz Azərbaycan həqiqətləri dünyaya çatdrılmalıdır. Hibrit müharibə məsələsində biz çox məğlubiyyətə uğrayırıq. Bu sahədə işi təşkil edən adamlar yox səviyyəsindədir. Mən Azərbaycan hökumətinin bu istiqamətdə hansısa iş görüb-görmədiyini bilmirəm, məncə, görmür.

-    Sosial şəbəkələrdə Avropada yaşayan mühacirlərlə bağlı da narazılıq ifadə olunur. AXCP və Müsavat Partiyası ilə yanaşı ADP-ni təmsil edən mühacirlərin də bu hadisəyə səssiz qaldığı, beynəlxalq təşkilatlar qarşısında aksiya keçirmədiyi qeyd olunur. ADP-nin üzvü olan mühacirlər bu məsələdə niyə aktivlik nümayiş etdirmir?

 

-    Biz mühacirətə  gedən bütün üzvlərimizi partiya sıralarından çıxarmışıq. Onlar üzərində hər hansısa bir siyasi təsirimiz yoxdur, çünki “Siyasi partiyalar haqqında” Qanuna əsasən, siyasi partiyaların nümayəndələri yalnız Azərbaycanda fəaliyyət göstərə bilər və Azərbaycanda daimi yaşamalıdırlar. Bizim üzvlərimizin çoxu artıq xarici ölkə vətəndaşıdır və üzvlükdən çıxarılıblar, biz onları siyasi partiya olaraq hər hansısa göstəriş verə bilmərik. Bu kimi vəzifələr onların öz vicdanına qalıb, vətədaşlıq borclarını yerinə yetirə bilərlər. Çünki biz onlarla nə siyasi dialoq aparırıq, nə də əlaqəmiz var. Hökuməti qanuna dəvət edərkən özümüz qanunları pozmamalıyıq. İndi Müsavat və  AXCP gedib haradasa öz qurumunu yaradıbsa, özü bilər. Açıq deyim ki, ADP-nin üzvləri ölkədən gedən gündən onların partiya fəaliyyətini dondurmuşuq, başqa ölkə vətəndaşlığını qəbul edənləri isə üzvlükdən çıxarmışıq. Yəni bizim orada siyasi fəaliyyətini təşkil edə biləcəyimiz üzv və tərəfdarlarımız yoxdur.






Fikirlər