“Nazarbayev ölüb və həmin gün basdırıblar” - Jirinovski

Qazaxıstanın paytaxtında onun adı yazılmış bütün lövhələr yığışdırılıb; Elbasının qızının həyat yoldaşı işdən çıxarıldı

LDPR lideri Vladimir Jirinovski deyib ki, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev çox güman ki, çoxdan ölüb.

“Komsomolskaya Pravda” radiosunun efirində o qeyd edib ki, Qazaxıstanın ilk prezidenti yəqin ki, həyatda yoxdur və çoxdan dəfn də edilib. O xatırladıb ki, müsəlmanlar həmin gün mərhumu dəfn edirlər. “Sakitcə gizlən, heç nə danışma və sağ ol? Bu istisna edilir", - deyə, Jirinovski Nazarbayevin sağ olmasını şübhə altına alıb. 

 Daha bir məlumata görə, Qazaxıstanın paytaxtı Nur-Sultanda Nursultan Nazarbayev prospektində onun adı yazılmış bütün lövhələr yığışdırılıb. Ölkənin ilk prezidentinin adı prospektə 2017-ci ildə verilib. Mk.ru xəbər verir ki, Qazaxıstanda Nur-Sultanın adının Astanaya dəyişdirilməsi ilə bağlı petisiya üçün imza toplamağa başladığı da məlum olub. "Cəmiyyətdəki əhval-ruhiyyəni nəzərə alaraq, Qazaxıstan Respublikasının Prezidentindən, hökumətindən və ölkə parlamentindən respublikamızın paytaxtının - Astana şəhərinin keçmiş adının qaytarılmasını xahiş edirik" deyə, müraciətdə deyilir.

"KazTransOil” SC-nin İdarə Heyətinin sədri Dimaş Dosanovun və "QazaqGaz" SC-nin İdarə Heyətinin sədri Kayrat Şaripbayevin səlahiyyətlərinə xitam verilib.

Bu barədə “Samuk-Kazına” Dövlət Fondu məlumat yayıb. 

Xatırladaq ki, Dosanov Nursultan Nazarbayevin kiçik qızı Aliyənin həyat yoldaşıdır, Şaripbayev isə bəzi KİV-lərin məlumatına görə, Nazarbayevin böyük qızı Dariqa ilə qeyri-rəsmi nikahdadır.

Qazaxıstanın özündə Nazarbayevin harada olması barədə çoxlu fərziyyələr var. “Bizim bu məsələ ilə bağlı praktiki olaraq heç bir məlumatımız yoxdur, baxmayaraq ki, hakimiyyət nümayəndələri, deputatlar və sadəcə əhali bu məsələ ilə maraqlanır. Son rəsmi məlumat onun paytaxtda olması və dövlət başçıları ilə danışıqlar aparması olub. Onun İsveçrədə və ya Çində və ya süni nəfəs aparatının altında komada olması barədə şayiələr var. Burada heç bir etibarlı məlumat yoxdur”, - jurnalist Askar Kubayjanov Rusiyanın “Moskovskiy Komsolets” qəzetinə belə bildirib.

O vurğulayıb ki, bu cür spekulyasiyalar ölkədə vəziyyətin sabitləşməsinə kömək etmir və yalnız intriqaları artırır. 

Kubayjanov deyir ki, Dariqa Nazarbayeva Qazaxıstandadır, lakin parlamentin iclasında iştirak etməyib və bunu xəstə olması ilə izah edib. “Nursultan Nazarbayev ağıllı siyasətçidir və keçmişdə bəzən elə olurdu ki, fasilə götürürdü, bundan sonra qəfil at belində görünürdü. Bəlkə də indi vəziyyət belədir. O, emosiyalar sönənə qədər gözləyəcək. Amma əhalinin onu necə qəbul edəcəyini deyə bilmərəm”.

Nazarbayevin harada gizləndiyi və niyə ictimaiyyət qarşısına çıxmaması barədə MDB ölkələri İnstitutunun Qazaxıstan və Mərkəzi Asiya şöbəsinin müdiri Andrey Qrozin də danışıb: “Etirazlar başlayanda hətta düşünürdüm ki, Nursultan Nazarbayev ölüb. İndi düşünürəm ki, sağdır, çünki əks halda qohumları ölkəni çoxdan tərk etmişdilər”.

Rusiyalı sosioloq İqor Eydman öz Facebook səhifəsində Nursultan Nazarbayevin harada olması barədə məlumat verib. Onun sözlərinə görə, Nazarbayev Qazaxıstan ərazisindədir, sağdır və ağlı başındadır, lakin qeyri-rəsmi ev dustaqlığında saxlanılır. Sosioloq Nazarbayevi kimin ev dustaqlığında saxladığını dəqiqləşdirməsə də, ölkədə baş verən son hadisələri Elbasının xəyanət kimi qəbul etdiyini qeyd edib. Bildirilir ki, Qazaxıstanın keçmiş  liderinin hakimiyyətdən açıq şəkildə imtina etməsi tələb olunur, lakin o, müqavimət göstərir və prezident Tokayevi dəstəklədiyini bəyan etmək niyyətində deyil.  Musavat. com

 

 
 

 

 

 






Fikirlər