ABŞ Pakistan parlamentindəki müxalifət deputatlarına rüşvət verib.
Publika.az “Daily Mail”ə istinadən xəbər verir ki, bunu Pakistanın keçmiş Baş naziri İmran Xan deyib.
Onun sözlərinə görə, Vaşinqton siyasətçilərə etimadsızlıq səsverməsindən keçmək və bununla da onu hakimiyyətdən uzaqlaşdırmaq üçün 1 milyon dollar ödəyib.
Xanın nöqteyi-nəzərindən ABŞ bu addımı onun Rusiya Prezidenti Vladimir Putinlə fevralın 24-də Ukraynada müharibənin başladığı gün baş tutan görüşünə görə atıb. Siyasətçi qeyd edib ki, o, Moskvanın planları barədə heç nə bilmirdi və səfərin özü də dövlətin milli maraqları baxımından zəruri idi.
“Putinin öz qoşunlarını göndərəcəyindən xəbərim yox idi, bunu orada olanda bildik. Biz Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışdıq, illərdir orada bir dənə də olsun Pakistan dövlət başçısı olmayıb. Gedib, səfəri yarımçıq qoyub evə qayıtmalı idik? Bunun üçün müəyyən xal qazana bilərdim. Amma bizim Rusiya ilə onsuz da donmuş münasibətlərimiz bitəcəkdi. Sonda biz öz ölkəmizi və həssas vətəndaşlarımız üçün nəyə ehtiyacımız olduğunu düşündük”, - Xan bildirib.
Eks-baş nazir vurğulayıb ki, hakimiyyətdən uzaqlaşdırılmasına baxmayaraq, Pakistan xalqı arasında ona kifayət qədər dəstək var, buna görə də o, yenidən hökumət başçısı postunu tutacağını gözləyir.
“Bu baş tutacaq, şübhəm yoxdur. Heç bir başqa partiya bu qədər ictimai dəstək görməyib. Bunu dayandıra bilməyəcəklər”, - deyə Xan fikrini yekunlaşdırıb.