“Onu deyən qələt edir!” – Məmmədlidən istefa iddialarına REAKSİYA...
Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun Prezident İlham Əliyevə təbrik məktubu yollaması siyasi spektrdə müzakirələrə səbəb olub. Bir zamanların iqtidar nümayəndəsi, daha dəqiq desək, sabiq səhiyyə naziri olan hazırkı müxalifətçi məktubunda dövlət başçısının siyasətini dəstəklədiyini qeyd edərək, onun Azərbaycana rəhbərlik etdiyi dövrlə bağlı müsbət fikirlərini də bölüşüb. Bu addımdan sonra hakimiyyətə qarşı sərt mövqedə olan müxalifət komandasının bəzi üzvləri Ə. İnsanovu tənqid etməkdən də yan durmayıblar, hətta HƏP-dən bəzi istefalar da baş verib. Məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli bildirib ki, onun məlum təbrikə qarşı olan münasibəti müsbətdir: “Mən səlahiyyətimə görə partiyada ikinci adamam və bu məsələ partiyanın ümumi qərarıdır, mövqeyidir. Fikirlərim də müsbətdir. Baxın, əgər biz etimaddan danışırıqsa, etimada gedən yolları açmalıyıq və cəmiyyətdəki qütbləşmədən imtinanı avtoritetləşdirməliyik. Çünki cəmiyyətdəki qütbləşmə bu millətin maraqlarına uyğun deyil”. İstefalara münasibət bildirən Z. Məmmədli bunu problem adlandırmayıb: “Bu, köhnə məsələlərdir və biz kifayət qədər buna aydınlıq gətirmişik. Hər kəs özü öz taleyini müəyyən edir. Elə bir istefa da olmayıb, sadəcə 1-2 nəfər olub. Bu da problem deyil”. Əli İnsanovun təbrikindən sonra HƏP Ali Məclisi sədrinin də partiyadan ayrılacağı ilə bağlı səslənən iddialara isə müsahibimiz özünəməxsus şəkildə cavab verib: “Belə bir şey yoxdur, hətta mənim adımdan yazarsınız ki, onu deyən qələt edir”.