Sülh müqaviləsində bu şərtlər yazılacaq: İrəvan təzminat öhdəliyi olaraq... - Detallar açıqlandı

Sülh müqaviləsində bu şərtlər yazılacaq: İrəvan təzminat öhdəliyi olaraq... - Detallar açıqlandı

Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Almaniya kanslerinin təşkilatçılığı ilə görüş baş tutdu. Görüşün nəticəsi olaraq iki istiqamətdə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinə sülh danışıqları və sərhəd komissiyyalarının görüşülərinin təşkili ilə bağlı təlimat verildi. Ona görə də, bunun nəticələrini gözləmək lazımdır. Çünki buna qədər də tərəflər belə razılıq əldə etmişdi. Sonradan nəticəsi olmadı.

AzerTaym.az bildirir ki, bunu Teleqraf.com-a sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.

O qeyd edib ki, bu görüşün nəticələrini gözləmək lazımdır:

“Ümumilikdə isə bunu xüsusi mərhələ hesab etmək olmaz. Münxendə belə bir görüşün baş tutması sülh müqaviləsi istiqamətində danışıqların davam etdirilməsi üçün müəyyən şərait yaratmış oldu. Bunun nə dərəcədə nəticəsinin, effektinin olacağı bilinəcək”.

Partiya sədri hesab edir ki, Azərbaycanla Ermənistan arasında olan məsələnin Qərb və ya Moskva platformasında müzakirəsi məqbul deyil:

“Neytral ərazidə, xüsusən də qonşu Gürcüstanda, hətta hər iki ölkənin sərhəddində sülh müqaviləsinin imzalanması ideyaları səslənir. Vasitəçilərsiz tərəflərin razılığa gəlməsi mümkündür. Hələlik isə bu məsələyə yekun vuracaq sənədin imzalanması üçün real şəraitin olduğunu söyləmək olmur”.

Pənah Hüseynə görə, Kremlin sərhədlərin dəqiqləşməsi ilə bağlı xəritələr ətrafında iddiaları onun imperiya maraqlarından irəli gələn yanaşmalardır:

“Azərbaycanla Ermənistan arasında sərhədlərlə bağlı 1918-1920-ci illərin reallığına istinad oluna bilər. Həmçinin sülh sənədi üçün başlıca şərt Ermənistanın qanunvericiliyində dəyişikliklərin olmasıdır. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Bunlar aradan qalxmadan sülh müqaviləsinin legitimliyi Ermənistanda olan qüvvələr tərəfindən şübhə altına altına bilər. Gələcəkdə münaqişənin yenidən alovlanmaması üçün Azərbaycanın bu tələbi ciddi və tam doğrudur”.

Sabiq baş bildirib ki, Ermənistan müharibədə məğlub tərəfdir:

“Ona görə də, İrəvanın bərabər tərəf kimi sülh müqaviləsinə yanaşma fəlsəfəsi yanlışdır. Ermənistanın məğlub olması sülh müqaviləsində təsbit olunmalıdır. İrəvanın üzərinə Azərbaycana qarşı hər hansı bir iddia etməməklə bağlı öhdəlik qoyulmalıdır. Ermənistanın hücum silahlarına sahib olmasının qarşısını alan müddəalar sülh razılaşmasında yer almalıdır. Azərbaycana müharibə nəticəsində vurulmuş zərərə görə təzminatın ödənilməsi, deportasiya edilmiş azərbaycanlıların geri qaytarılması sülh sənədində əks olunmalıdır. Belə olmadığı halda mücərrəd bir sənəd münaqişənin aradan qalxması demək deyil. Belə olan halda əlahəzrət Azərbaycan əsgəri başlıca faktor olaraq qalacaq”.






Fikirlər