NATO indi də Cənubi Qafqaza can atır: Bu hərbi-siyasi alyansın hədəfləri Bakının mövqeyindən asılıdır

Hazırda Azərbaycanın NATO-ya elə bir ciddi strateji marağı və geopolitik ehtiyacı yoxdur, çünki Türkiyə ilə hərbi müttəfiqlik ən etibarlı təhlükəsizlik mexanizmidir... NATO-nun Cənubi Qafqaz planlarında isə Azərbaycan həlledici açar dövlətdir, rəsmi Bakının birbaşa iştirakı olmadan Cənubi Qafqazın, eləcə də, Xəzəryanı və Orta Asiya regionlarının "qapıları" bu hərbi-siyasi alyansın üzünə açıla bilməz...

ABŞ və Qərbin Cənubi Qafqaza həssas yanaşma tərzi artıq strateji hədəflərin reallaşdırılma cəhdlərinə çevrilməyə başlayıb. İndi Qərbdə bu region gələcək geopolitik prioritetlərin əsas şaxələnmə mərkəzi olaraq da qəbul edilir. Çünki ABŞ və Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb, çıxartmaqla kifayətlənmək niyyətindən çox-çox uzaqdır. Və bu niyyətin arxasında daha uzaqgedən hədəflərin olduğu artıq qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, Cənubi Qafqaz artıq dünya hegemonluğu uğrunda mübarizədə açar region rolunu oynamağa başlayıb. Belə anlaşılır ki, yeni dünya düzənində hegemonluq formatının müəyyən edilməsi böyük ölçüdə Cənubi Qafqaza nəzarət hüquqları həlledici xarakter daşıyır. Hər halda, Cənubi Qafqaza nəzarət olunması öz növbəsində Xəzəryanı və Orta Asiya regionlarını təsir dairəsinə salmaq imkanları açır. Və bu səbəbdən də, indi bu region yalnız Rusiya ilə qarşıdurmanın predmeti olmaqdan çıxaraq, hətta kollektiv Qərbin daxilində belə, "nifaq alması"na çevrilməyə başlayıb.

Ona görə də, son vaxtlar Cənubi Qafqazın artıq NATO-nun da birbaşa maraq dairəsinə düşməsi qətiyyən təəccüb doğurmur. Bu hərbi-siyasi alyans indiyə qədər qarşısına qoyduğu strateji hədəflərin reallaşdırılması prosesini demək olar ki, artıq tamamlayıb. NATO Rusiyanın qərb sərhədlərini qapatmaq niyyətində idi. Finlandiya və İsveçin NATO üzvü olması ilə Rusiyanın şimal-qərb sərhədləri tamamilə nəzarətə alınıb. İndi Rusiya sərhədləri qərb istiqamətindən yarım mühasirə vəziyyətindədir. Və bu, yaxın gələcəkdə Rusiyanın təhlükəsizlik maraqlarının daha ciddi şəkildə təhdid ediləcəyi anlamına gəlir.

Ancaq NATO-nun buna nail olması üçün bu hərbi-siyasi alyansın Rusiyanın cənub və cənub-şərq sərhədlərinə də yerləşməsi vacibdir. Əks halda, Rusiyanın yarım mühasirəyə alınması ilə qazanılmış hərbi və geopolitik üstünlük tam effektiv xarakter daşımaz. Ona görə də, hazırda NATO indi də Cənubi Qafqazda istinad faktorları axtardığını qətiyyən gizlətmir. Bu regionun dövlətləri ilə hərbi-siyasi təmasları intensivləşdirməyə çalışır. Və bu təmasların həm yaxın, həm də orta perspektiv üçün müəyyən edilmiş strateji hədəflərin reallaşdırılmasına hesablandığı qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, ABŞ və Qərbin NATO üzərindən Rusiya ətrafındakı Moldova, Cənubi Qafqaz və Orta Asiya coğrafiyalarına yerləşmək planları qurmağa başladığı müşahidə edilir. Ancaq bu planların reallaşdırılması qarşısında Finlandiya və İsveçin NATO üzvlüyündə olduğundan daha qəliz əngəllərin olduğu da inkaredilməz reallıqdır. Moldova NATO-nun "təhlükəsizlik çətiri" altına girməyə artıq hazırdır. Ancaq Moldova NATO-ya üzvlük standartlarından uzaq olduğundan və milli-etnik münaqişəyə məruz qaldığından NATO özü buna hazır deyil.

Orta Asiya isə NATO üçün daha uzaq perspektivə hesablanmış strateji prioritetdir. Çünki Cənubi Qafqazda yerləşmədən Xəzəryanı və Orta Asiya regionlarına "keçid pəncərəsi" açmağın mümkünlüyü real görünmür. Deməli, yaxın perspektivdə NATO-nun əsas diqqətinin məhz Cənubi Qafqaza yönələcəyi qətiyyən şübhə doğurmur. Bu isə o deməkdir ki, növbəti mərhələdə ABŞ və Qərblə Rusiya arasında qarşıdurmanın əsas episentri elə Cənubi Qafqaz ola bilər. Və belə bir perspektiv bu regiona daha qəliz geopolitik situasiya vəd edir.

Təbii ki, NATO Cənubi Qafqaz dövlətlərinin hər birisinə fərdi yanaşma prinsipinə uyğun davranmaq məcburiyyətindədir. Məsələn, Gürcüstan vaxtilə NATO-ya üzvlük üçün rəsmən müraciət etmiş region ölkəsidir. NATO hətta Ukrayna ilə birlikdə bu ölkəni öz sıralarına qəbul etməyi də planlaşdırırdı. Ancaq Rusiyanın aqressiv reaksiyası NATO-nu bu niyyətindən vaz keçmək məcburiyyətində buraxdı. Üstəlik, bu hərbi-siyasi alyans Gürcüstanın Rusiya tərəfindən qısamüddətli hərbi müdaxiləyə məruz qaldığı dövrdə bu region ölkəsinə real dəstək verməyə də həvəs göstərmədi.

indi isə Gürcüstan hakimiyyəti böyük ölçüdə Rusiyanın təsir dairəsinə düşmüş kimi görünür. Gürcüstan növbəti dəfə analoji riskə həvəs göstərəcəyi hələlik o qədər də inandırıcı görünmür. Üstəlik, Gürcüstan da Moldova kimi, NATO-ya üzvlük standartlarından uzaqdır və ərazisində milli-etnik münaqişələr mövcuddur. NATO-nun belə ölkələrdə yerləşmək şansları o qədər də yüksək deyil. Və bu hərbi-siyasi alyans özü də həm daxili, həm də regional münaqişələrə cəlb olunmuş ölkələrə xüsusi maraq göstərmir.

Ermənistan NATO-nun razılıq verəcəyi təqdirdə, dərhal bu hərbi-siyasi alyansın "təhlükəsizlik çətiri" altına yerləşməyə hazırdır. Çünki rəsmi İrəvan Ermənistanı qoruya biləcək xarici himayədar axtarışındadır və NATO üzvlüyü Paşinyan hakimiyyəti üçün hələlik əlçatmaz xəyaldan başqa bir şey deyil. Hər halda, Ermənistan kimi zəif və strateji anlamda faydasız ölkənin üzvlüyü NATO-ya arzuolunmaz əlavə yükdən başqa heç nə verə bilməz. Ordusu tamamilə darmadağın edilmiş və ənənəvi hərbi sistemdən məhrum, Rusiya ilə hətta sərhədləri belə, olmayan Ermənistan NATO-ya hər hansı geopolitik üstünlük vəd etmir.

Bütün bunları nəzərə aldıqda, Cənubi Qafqazda NATO-nun maraqları baxımından, ən cəlbedici dövlət olaraq, məhz Azərbaycan diqqəti çəkir. Azərbaycan Cənubi Qafqazın inkaredilməz geopolitik lideridir, iqtisadiyyatı inkişaf tempinə malikdir, ordusu yenidən qurularaq, NATO standartlarına uyğunlaşdırılmaqdadır, ən müasir hərbi texnika ilə təchiz olunub. Eyni zamanda, Rusiya ilə sərhədləri olan Azərbaycan həm regionda yeni şərtləri diqtə edir, həm də beynəlxalq məkanda siyasi iradəyə sahibdir.

Digər tərəfdən, Azərbaycan NATO ölkəsi olan Türkiyənin strateji müttəfiqidir. NATO üçün bu məqam olduqca böyük əhəmiyyət daşıyır. Çünki Türkiyə ilə hərbi müttəfiqlik Azərbaycan və NATO tərəfdaşlığına müsbət impuls verə biləcək faktordur. Azərbaycanın son savaşda hərbi zəfər qazanıb, erməni separatizmi ilə bağlı daxili münaqişəni də həll etməsi NATO üçün xüsusi cəlbedicilik qaynağı sayıla bilər. Və bu baxımdan, NATO-nun Azərbaycana maksimum maraq göstərməsi o qədər də gözlənilməz deyil.

Ancaq Azərbaycanla bağlı ABŞ və Qərbi məyus edə biləcək önəmli məqamlar da olmamış deyil. NATO-nun Cənubi Qafqaz prioritetləri baxımdan, bu məqamlar hətta həlledici faktor rolunu da oynayır. Belə ki, rəsmi Bakı NATO ilə strateji tərəfdaşlıq münasibətlərinə qarşı çıxmasa da, bu hərbi-siyasi alyansın Cənubi Qafqaz planlarında yer almaq niyyətindən çox-çox uzaqdır. Çünki rəsmi Bakı regional siyasətini maksimum balanslaşdırma və praqmatizm prinsipləri üzərində qurmağa üstünlük verir. Azərbaycan üçün xarici siyasətin əsas prioriteti qarşılıqlı faydalılığa bağlıdır.

Ona görə də, rəsmi Bakı həm Qərblə, həm də Rusiya ilə münasibətlərinin Azərbaycanın milli maraqlarına uyğun olmasına xüsusi diqqət yetirir. Yəni, Azərbaycan NATO ilə strateji tərəfdaşlığın Rusiya ilə münasibətləri korlayan faktora çevrilməsinə qətiyyən imkan verməz. Üstəlik, hazırda Azərbaycanın kənar hərbi "təhlükəsizlik çətiri"nə elə bir ciddi ehtiyacı yoxdur. Azərbaycan ordusu ölkənin bu regionda milli təhlükəsizlik maraqlarını təmin etmək qüdrətinə malikdir. Daha qlobal hərbi təhdidlərə qarşı isə Azərbaycan-Türkiyə strateji müttəfiqliyi ən effektiv təhlükəsizlik mexanizmidir.

Yəni, bütün bunlar onu göstərir ki, hazırda Azərbaycanın NATO-ya elə bir ciddi strateji marağı və geopolitik ehtiyacı yoxdur. Ancaq Azərbaycanın NATO-nun Cənubi Qafqaz planlarında həlledici açar dövlət olduğu qətiyyən şübhə doğurmur. NATO Azərbaycanın razılığı və birbaşa iştirakı olmadan Cənubi Qafqazda, eləcə də, Xəzəryanı və Orta Asiya regionlarında strateji planlarını reallaşdırmaq şanslarına malik deyil. Böyük ehtimalla rəsmi Bakı yenə də balanslaşdırılmış mövqeyinə sadiq qalacaq və praqmatizm prinsiplərindən çıxış etməyə üstünlük verəcək. Və bu baxımdan, NATO-nun baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz səfəri zamanı rəsmi Bakını öz prioritetlərinə inandıra bilib-bilməyəcəyi böyük maraq doğurur.(Yeni Müsavat)

 






Fikirlər